Məhkəmə qərarları › İş №2(004)-463/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-463/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-463/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli, 108840-560479\1 nömrəli kredit müqaviləsi üzrə 14466,77 manat əsas borc, əsas borca hesablanmış 2645,78 manat faiz borcu olmaqla, cəmi 17112,55 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq Epressbank" ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh4 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixli, 108840-560479/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzil xx xxxxxx 2018-ci il tarixli, 108840-560479\1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində onun Banka olan rorcu xx xxxxxx 2020-ci il tarixə aşağıdakılardan ibarətdir: kredit Müqaviləsi üzrə əsas borc məbləği – 14466,77 manat, kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği – 2645,78 manat, cəmi – 17112,55 manat. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahata əlavə olaraq bildirdi ki, müqavilə bitdiyi tarixdən 2020-ci ilin 15 avqust ayından 1500 manat ödəniş edilib. O, bunları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia ərizəsini qismən qəbul etdiyini bildirərək, izahatında bildirdi ki, o borcunun olduğunu qəbul edir, borcunu ödəyəcək, lakin məhkəmədən ona ödəniş etməsi üçün vaxt verilməsini və qətnamənin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsini qismən qəbul etdiyini bildirərək, məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehləriin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx xxxxxx 2018- ci il tarixli, 108840-560479/1 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 25000 manat məbləğində kredit verilmiş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2021-ci il tarixli, 9/5975 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın banka 14466,77 manat əsas borc, 2283 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2020-ci il tarixindən sonra da ayrı-ayrı tarixlərdə ümumilikdə 1200 manat olmaqla ödənişlər aparılmışdır. Lakin sualda borcun konkret tarixə hesablanması soruşulduğundan həmin ödənişlər hazırki hesablanma zamanı nəzərə alınmamışdır. Lakin məhkəmə iclasında məhz iddiaçının verdiyi izahatla təsdiq edilir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra ümumilikdə cavabdeh tərəfindən 1500 manat ödəniş aparılmışdır. Məhkəmə hesab edir ki, həmin ödənişlər ekspert rəyi ilə müəyyən edilən əsas borc 14.666,77 manatdan çıxalaraq xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 12966,77 (on iki min doqquz yüz altmış altı manat yetmiş yeddi qəpik) manat əsas borc müəyyən edilməlidir. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 108840-560479\1 nömrəli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. xx.xx.2021-ci il tarixli xxxx MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilin hazırki bazar dəyəri 94500 manat təşkil edir. Cavabdeh tərəf ipoteka predmetinin dəyərini mübahisələndirməmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh1 iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər Cavabdeh1 aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci Cavabdeh1 tutulmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixli, 9/5975 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 145 manat, xxxx MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ekspertiza tətqiqatının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatlarının dəyəri olaraq 145 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 12966,77 (on iki min doqquz yüz altmış altı manat yetmiş yeddi qəpik) manat əsas borc, 2283 (iki min iki yüz səksən üç) manat faiz borcu olmaqla, cəmi 15249,77 (on beş min iki yüz qırx doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat, 20 (iyirmi) manat xidmət haqqı olmaqla, 30 (otuz) manat xərc, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilin ilkin satış qiyməti 94500 (doxsan dörd min beş yüz) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh4 verilməli, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 manat, məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 12966,77 (on iki min doqquz yüz altmış altı manat yetmiş yeddi qəpik) manat əsas borc, 2283 (iki min iki yüz səksən üç) manat faiz borcu olmaqla, cəmi 15249,77 (on beş min iki yüz qırx doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat, 20 (iyirmi) manat xidmət haqqı olmaqla, 30 (otuz) manat xərc, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilin ilkin satış qiyməti 94500 (doxsan dörd min beş yüz) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh4 verilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat, məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılsınlar və həmin mənzil boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar