Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6313/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 və onların nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)-463/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 15 avqust 2018-ci il tarixli, 108840- 560479/1 nömrəli kredit müqaviləsi üzrə 14466,77 manat əsas borc, əsas borca hesablanmış 2645,78 manat faiz borcu olmaqla, cəmi 17112,55 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh4 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 15 avqust 2018-ci il tarixli, 108840-560479/1 nömrəli kredit müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzil 15 avqust 2018-ci il tarixli, 108840- 560479\1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)- 463/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 12966,77 manat əsas borc, 2283 manat faiz borcu olmaqla, cəmi 15249,77 manat məbləğində borc, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı olmaqla, 30 manat xərc, 30,40 manat dövlət rüsumunun tutularaq, iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 94500 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra vəsaitin artıq qalan hissəsinin Cavabdeh4 verilməsi, məhkəməmühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. 2020-ci ilin sentyabr ayınadək pamdemiya dövrü olmasına baxmayaraq öhdəliklərini icra etmişlər, lakin həmin vaxtdan sonra artıq pandemiya uzunmüddətli davam etdiyinə görə öhdəliklərin icrasında problem yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh4 və onlaırn vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 15 avqust 2018-ci il tarixli, 108840-560479/1 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 25000 manat məbləğində kredit verilmiş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış 15 avqust 2018-ci il tarixli, 108840-560479\1 nömrəli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 19.04.2019-cu il tarixli 1 nömrəli Əlavə Razılaşma ilə 15.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş əsas, faiz və cərimə borcları kapitallaşdırılmışdır. 04.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın banka 14466,77 manat əsas borc və 2645,78 manat faiz borcu olmaqla, cəmi 17112,55 manat borcu yaranmışdır və kredit müqaviləsi üzrə gecikmə 200 gün təşkil edir. 18.02.2021-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.62 kv.m olan 76 saylı mənzilin hazırki bazar dəyəri 94500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, bunun nəticəsində tələbkarın kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq iddia tələbini qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 08.02.2021-ci il tarixli, 9/5975 saylı ekspert rəyinə əsasən Cavabdeh1 banka 15.08.2020-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan ümumi borcu 16.749,77 manat, o cümlədən, 14466,77 manat əsas borc, 2283 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün cərimə borcu hesablanmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinin müddəti bitdiyi 15.08.2020-ci il tarixindən sonra da ayrı-ayrı tarixlərdə ümumilikdə 1200 manat olmaqla ödənişlər aparılmışdır. Lakin sualda borcun konkret tarixə hesablanması soruşulduğundan həmin ödənişlər hazırki hesablanma zamanı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsinin verdiyi izahatla təsdiq edilmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra ümumilikdə cavabdeh tərəfindən 1500 manat ödəniş aparılmışdır. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq həmin ödənişlərin ekspert rəyi ilə müəyyən edilən əsas borc 14.666,77 manatdan çıxılması və 15.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə 12966,77 manat əsas borcun müəyyən edilməsi edilməsi qənaətinə gəlmişdir, həmçinin faiz borcunu da ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə tutmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apelyasiya şikayətində öhdəliyinin icrasının gecikdirilməsini pandemiya dövrü ilə əlaqələndirmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, əvvəla iş materiallarından müəyyən edilir ki, cavabdehlər tərəfindən hələ pandemiya başlamamışdan əvvəl kredit müqaviləsi üzrə icra edilməli olan öhdəliklər gecikdirilmişdir. Digər tərəfdən cavabdehlərin əsaslandığı pandemiya dövrü ilə bağlı banklara veirlmiş göstərişlərlə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlərin İ hissəsinin (Koronavirus pandemiyası dövründə əhalinin, iqtisadiyyatın və bank sektorunun requlyativ tədbirlərlə dəstəklənməsi) 1-ci bəndində Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi ilə bağlı tədbirlər sırasında Kredit öhdәliklәrinin (әsas borc vә faiz ödәnişlәri) tam vә ya qismәn gecikdirilmәsi halında borcludan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmamasının banklara tövsiyә edilmәsi göstərilmişdir. Hazırki iş üzrə isə göründüyü kimi, iddiaçı tərəfindən ümumiyyətlə cərimə borcu hesablanmamış və tələb edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, cavabdehlərin apelyasiya şikayətində irəli sürülən dəlillər formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-463/2021 saylı iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6313/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6313/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver