Məhkəmə qərarları › İş №2(004)-4662/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4662/2024

10.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4662/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 12 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 12 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi (H.Sultanov), ev 25-də yerləşən miras ev üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, anası X8 xx.xx.1932-ci il tarixdə anadan olmuşdur. Anası xx.xx.2023-cü il tarixdə beyin infarktı keçirərək rəhmətə getmişdir. X21 xx.xx.1955-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşenli (H.Sultanov) küçəsi, ev-25də qeydiyyatda olub. Həmçinin anası orada doğulub və yaşayıb. Ora anasının ata evidir. Belə ki, babası X4 xx.xx.1978-ci il tarixdə vəfat etmişdir. Babası X2 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşenli (H.Sultanov) küçəsi, ev-25-də yerləşən 3 sotun içində 5 evdən ibarət əmlakı olmuşdur. Həmin evlər babasına məxsus olmuşdur. Orada dayısı Cavabdeh, anası X8, X6, digər dayıları hazırda rəhmətə gedən X9, X10, X13 və X14 yaşamışlar. Hazırda cavabdeh dayısı Cavabdeh orada 3 otaqlı evdə yaşayır. Xalası artıq öz atadan qalan payını almışdır. Həmçinin rəhmətə gedən dayılarının övladları da vərəsə kimi paylarını almışdırlar. Lakin vərəsə kimi mərhum anasına heç bir pay verilməmişdir. Hətta anasını özünün xəbəri olmadan pasport qeydiyyatından da çıxarmışlar. Cavabdeh bildirmişdir ki, halallıq olsun deyə 2 kvadratın pulun verər, o da 6000 pul edir. Dayısı yaşadığı ev üç otaqlıdır. Hazırda həmin ev plana düşüb sökülməlidir. Həmin evə görə LUKS şirkəti dayısı ilə müqavilə bağlayıb. O da həmin şirkətə müraciət etdikdə şirkət ona bildirmişdir ki, onlar pay bölmürlər. Problemi dayısı ilə etsin. Dayısına bunu bildirdikdə o bildirmişdir ki, cəmi 2 kv.metrin pulunu verə bilər. O isə buna razı deyil razı. Axı vərəsə kimi anasına çatan pay əgər anası rəhmətə gedibsə ona verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhər Yasamal rayon 12 saylı Notariat Ofisinə müraciət etmiş, lakin ona oradan bildirmişlər ki, mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədi olmadığı üçün onlar imtina etmişlər və ona məhkəməyə müraciət etməyi bildirmişlər. Evə dair sənədlər cavandehdədir. Babasının adına ev dəftəri olmuşdur. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 12 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, İddiaçı, öz mərhum babası X3 məxsus Bakı ş., Yasamal r-nu., İ.Qutqaşenli (H.Sultanov) küç., ev-25-də yerləşən miras ev üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda miras paylarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı - prosessul vəzifələrinə uyğun olaraq, iddia yükünün onun üzərinə düşdüyü halda, öz iddiasını əsaslandıra bilməmiş və babasından miras qalan hər hansı əmlakın mövcudluğu ilə bağlı məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir. Çünki, belə bir əmlak - reallıqda mövcud da deyildir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli Arayışa əsasən, Cavabdeh adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubuna əsasən, keçmiş Oktyabr rayonu XDS İK-nin (indiki Yasamal RİH) arxiv fondu üzrə 1950-ci ilə dair arxiv sənədlərində vət. X2 nə özü, nə də, hər hansı bir əmlakı barəsində heç bir məlumat yoxdur. Beləliklə də, müəyyən olunur ki, iddiaçı öz iddiasını əsaslandırdığı miras əmlakın mövcudluğunu sübut edə bilməmiş və bununla da, məlum olmuşdur ki, iddiaçının belə bir iddianın qaldlrlmasına əsas verən hər hansı subyektiv hüququ olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından sorğuya cavab olaraq bildirilmişdir ki, keçmiş Oktyabr rayonu XDS İK-nin (indiki Yasamal RİH) arxiv fondu üzrə 1950-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sənədlərdə vətəndaş X5 barəsində heç bir məlumat yoxdur. İddiaçının iddia etdiyi miras əmlak barəsində hər hansı bir rəsmi məlumat yoxdur. İddiaçı iddia etdiyi miras əmlak barəsində hər hansı bir rəsmi sənəd, sübut təqdim etməmişdir. İddianın rədd edilməsini xahiş edir. Cavabdeh həmin evə faktiki sahiblik etmiş və ev onun istifadəsində olmuşdur, buna görə də şirkət onunla müqavilə bağlamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 12 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasda iştirak edən tərəflərin nümayəndə və vəkillərinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 346768 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1978-ci ildə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir, lakin mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi səbəbindən həmin daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlları ləğv edildiyindən müvafiq sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı babası X4 xx.xx.1978-ci ildə vəfat etmişdir. İddiaçı anası, mərhum X2 qızı olan X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda İddiaçı mərhum babasının vərəsəsi kimi anasına çatası olan miras əmlakda payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, mərhum babası X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi (H.Sultanov), ev 25-də yerləşən miras ev üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi, mübahisəli hüquq münasibətləri miras əmlakın məxsus olduğu iddia edilən X2 vəfat etməsi ilə 1978-ci ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsinin məzmunundan da aşkar surətdə görünür ki, iddiaçı 1978-ci ildə vəfat etmiş babası X3 məxsus olduğunu iddia etdiyi əmlak üzərində anasına qanun üzrə vərəsəlik hüququ qaydasında çatmalı olan payın müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsələrin dairəsi və onlara çatmalı olan payın müəyyən olunması üçün Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il tarixli redaksiya) tələblərinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun: onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlərlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verildikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində ümumi əsaslar üzrə onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda həmin müddət üç aya qədər uzadılır. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 563-cü maddəsinə əsasən miras əmlakın bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü məhkəmə qaydasında aparılır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı babasından qalmış miras əmlak kimi bölünməsini tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi (H.Sultanov), ev 25də yerləşən mənzilin iddiaçının mərhum babası X3 məxsusluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi (H.Sultanov), ev 25-də yerləşən mənzilin özbaşına tikili olduğu nəzərə alınsa, bu zaman həmin mənzilin həqiqətən miras qoyan X3 məxsusluğunu da sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi (H.Sultanov), ev 25də yerləşən mənzilin mərhum X3 məxsus olması faktı sübuta yetirilə bilmədiyindən, bununla yanaşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi səbəbindən həmin daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlları ləğv edildiyindən həmin əmlakın mərhum X2 miras əmlakı kimi vərəsələrin dairəsi müəyyən edilərək bölünməsi də mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. X25 qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X12 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının məzmunundan müəyyən olunan odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulan miras əmlakın qəbulu ilə bağlı müddət ləğv edilməli, mirasın qəbulu müddətdən asılı edilməməlidir. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, mirasın vərəsə tərəfindən qəbulunun müddətdən asılı edilməməsi ilə bağlı sözügedən Plenum Qərarı hazırki mülki iş üzrə mübahisəyə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir. Belə ki, Qərarda qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş üzrə vərəsəlik münasibətləri isə qeyd edilən Plenum Qərarından əvvəl - miras qoyan X2 ölümü ilə yəni, xx.xx.1978-ci il tarixdə yarandığından və mövcud mübahisə ilə bağlı iddia ərizəsi Plenum Qərarı qüvvəyə mindikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı mövcud vərəsəlik mübahisəsinə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir. Məhkəmə hesab edir ki, Plenum qərarının yeni redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə əlaqəli olmasına baxmayaraq həmin qərarda qeyd edilən mövqeni Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinin məzmununa şamil etmək olar. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi və Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsi müəyyən dəyişikliklə eyni məzmunu ifadə edir. Hazırki işdə də iddiaçının anası atasının mirasını qəbul etməsinə dair ərizə ilə qanunvericilikdə (Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində) nəzərdə tutulmuş 6 aylıq müddət ərzində notariat orqanına müraciət etməmiş, bununla yanaşı həmçinin miras əmlakı qəbul etməsinə dair iradə ifadəsini bəyan edən hərəkətlər etməmiş, miras əmlaka daxil edilən əmlaklara faktiki sahiblik etməmişdir. İddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Sözügedən mübahisəli özbaşına tikilidə cavabdeh yaşamış, faktiki sahibliyi o etmişdir. Qeyd edilənlər baxımından sözügedən mübahisəli özbaşına tikilinin X3 məxsusluğu qəbul edilsə belə, miras əmlak kimi iddiaçının anası miras əmlakın qəbulu ilə bağlı 6 aylıq müddət ərzində notariat orqanına müraciət etməməsi, həmçinin miras əmlakı qəbul etməsinə dair iradə ifadəsini bəyan edən hərəkətlər etməməsi səbəbindən miras əmlakda onun payı müəyyən edilə bilməz. Göründüyü kimi iddiaçının iddia etdiyi mirasın açılmasından 46 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində iddiaçının anası tərəfindən mirasın qəbulu ilə bağlı heç bir hərəkət edilməmişdir. Yalnız iddiaçının qızı anası öldükdən (xx.xx.2023-cü il) sonra, xx.xx.2024-cü il tarixdə belə bir tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 12 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı X7 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 12 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar