Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-468/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Ağarza qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan əmlak payının naturada ayrılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağarza qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan əmlak payının naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1235 saylı bağ sahəsinin onun payına düşən 12/16 hissəsinin naturada ayrılaraq sahiblik və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1235 saylı bağ sahəsi xx.xx.2019-cu ildən 12/16 hissədə onun, 1/16 hissədə Cəbrayıl-zadə X5, 1/16 hissədə Cavabdeh2, 1/16 hissədə Cavabdeh3, 1/16 hissədə Cavabdeh4 adlarına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Həmin əmlaka 1/16 hissədə mülkiyyət hüququ olsa da, bu günə qədər ev naturada bölünməmişdir. Belə ki, daha öncə cavabdehlərlə həmin bağ sahəsinin 1/16 hissədə natura bölünməsi ilə bağlı razılığa gəlindiyindən tərəfindən notariat kontoruna müraciət olunmuş, AR DƏDRX 1 saylı Bakı şəhər ərazi idarəsinin mütəxəssisləri tərəfindən həmin bağ sahəsinə baxış keçirilmiş və xx.xx.2019-cu il tarixli ********** saylı bölgü sxemi tərtib edilmişdir. Həmin bölgü sxeminə əsasən bağ sahəsinin ona aid olan 1/16 hissəsinin naturada bölgünün mümkün olunduğu qeyd edilmışdir. Lakin sonradan cavabdehlər daha öncədən verdikləri razılıqdan imtina etmişlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı Ağarza qızına qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh2 yazılı ərizə verərək, isə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, məhkəmədən iddia tələbinin təmin olunması, eyni zamanda onlarında payının ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1235 saylı bağ sahəsi xx.xx.2019-cu ildən 12/16 hissədə İddiaçı Ağarza qızının, 1/16 hissədə Cavabdeh1, 1/16 hissədə Cavabdeh2, 1/16 hissədə Cavabdeh3, 1/16 hissədə Cavabdeh4 adlarına paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/1986 saylı, xx.xx.2020-cı il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1235 saylı bağ sahəsinin yalnız bir tərəfində yol (dalan) olduğunu və digər tərəflərdən qonşu bağ sahələri ilə əhatə olunduğunu nəzərə alaraq həmin bağ sahəsinin giriş-çıxış və texniki şərtlər nəzərə alınmaqla 5 payçı arasında payına mütənasib naturada bölünməsinin Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1235 saylı bağ sahəsindən iddiaçının payına düşən 12/16 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. İddiaçının payına düşən 12/16 hissə torpaq sahəsinin ayrılması qaydası və ölçüləri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verəbilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyəbilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, birşərtləki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1235 saylı bağ sahəsinin 12/16 hissəsi İddiaçı Ağarza qızının adına paylı mülkiyyətdədir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, “bağ sahəsinin naturada ayrılması tələbi” ilə məhkəməyə müraciət etmişdir. Belə ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1235 saylı bağ sahəsinin İddiaçı Ağarza qızına məxsus olan 12/16 hissəsinin naturada ayrılması texniki cəhətdən mümkündür.Tədqiq olunan bağ sahəsinin ayrılması qaydası və ölçüləri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin ediməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1235 saylı bağ sahəsinin iddiaçıya məxsus torpaq sahəsi üzrə 12/16 hissəsə (1748,45 kv.metr (2331,27x12:16)) naturada ayrılaraq, İddiaçı Ağarza qızına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1235 saylı bağ sahəsinin İddiaçı Ağarza qızına məxsus olan torpaq sahəsi üzrə 12/16 hissəsə (1748,45 kv.metr (2331,27x12:16)) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1986 saylı, xx.xx.2020-cı il tarixli ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq naturada ayrılsın və iddiaçıya verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-468/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-468/2020
18.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver