Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4739/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1, Мübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və vurulmuş zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və vurulmuş zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 31.05.2021-ci il tarixli, 032 nömrəli əmrinin ləğv olunması, əvvəlki vəzifəyə bərpa olunması, məcburi işsiz qaldığı, qətnamənin icra olunacağı tarixədək olan dövr üçün əmək haqqının, eləcə də istifadə etmədiyi 2 illik dövr üçün əmək məzuniyyətinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi, əlavə olaraq iddiaçının keçirdiyi mənəvi sarsıntıya görə isə 20000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 01.06.2019-cu il tarixdə Cavabdeh MMC-nə əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vaxtdan etibarən qeyd edilən müəssisənin istehsalat şöbəsində işləmişdir və bu müddət ərzində vəzifəmi qüsursuz icra etmişdir. 23.04.2021-ci il tarixdə müəssisədə istehsalat müdiri işləyən Şahmurad Cəfərov iddiaçıya rəhbərliyin göstərişi ilə işdən çıxarıldığını və iddiaçının əvəzinə başqa işçi işləyəcəyini bildirmişdir. İddiaçı ona etiraz etmiş və işində heç bir qüsur olmadığını, rəhbərliyin onunla şəxsi qərəzlə davrandığını bildirmişdir. Bundan sonra, iddiaçı insan resursları bölməsinin rəhbəri Yeganə xanım və icraçı direktor Əzizə xanımla da görüşüb onların fikrini öyrənmişdir. Onlar da, birmənalı şəkildə iddiaçının işdən çıxarılacağını bildirmişdir. Bundan sonra, iddiaçı onlara da etiraz edib işində heç bir qüsura yol vermədiyini, onu işdən çıxarmağın əsassız olduğunu, şəkər xəstəsi olduğunu və işə ehtiyacı olduğu üçün iddiaçıya qarşı ədalətsiz davrandıqlarını bildirmişdir. Lakin onlar fikirlərindən dönməmiş və artıq yeni işçinin iddiaçının əvəzinə dəvət olunduğunu bildirmişlər. İddiaçıya işə gəlməyinə ehtiyac olmadığını, özləri lazım olanda onu çağıracaqlarını bildirmişlər. Bundan sonra, iddiaçı bir müddət şirkətdən xəbər gözləmişdir. Lakin bir müddət sonra iddiaçını şirkətə dəvət edib əmək müqaviləsinə 31.05.2021 -ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (ştatların ixtisarı) xitam verilməsi bildirilmişdir. Buna görə də, iddiaçı əmək hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun hüquqları kobud şəkildə pozulmuş, nəticədə iddiaçı işindən məhrum olmuş və ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, iddiaçı şəkərli diabet xəstəliyindən əziyyət çəkir və bu xəstəliyi barədə şirkətdə məlumat olduğu halda əmək qanunvericiliyini kobud şəkildə pozaraq iddiaçı ilə əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. 31.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verildi və bir neçə gün sonra iddiaçıya əmək kitabçasını təhvil verdilər. Cavabdeh MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31.05.2021 -ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ei maddəsinin “b" bəndinə əsasən xitam verməsinə baxmayaraq iddiaçı ilə edilən son haqq-hesabı əmək haqqı kartına 5-6 gün sonra köçürmüşdür. Əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesabın hansı formada və necə hesablanması barədə məlumatı yoxdur. İşlədiyi 2 il ərzində ona əmək məzuniyyəti də verilməmişdir. Bütün bu yuxarıda yazılanlardan da göründüyü kimi iddiaçının əmək müqaviləsinə qərəzli olaraq əsassız xitam verilmiş, işdən çıxarılmağı şirkət rəhbərliyinin göstərişi əsasında həyata keçirilmişdir. Bundan başqa, şirkət rəhbərliyinin iddiaçıya qarşı bu cür qərəzli və qanusuz hərəkətləri nəticəsində şiddətli əsəb və stress keçirmişdir. Şəkər xəstəsi olduğu üçün ona qarşı edilmiş bu haqsızlıq ciddi mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirmiş, həmçinin izahatında qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə 23.04.2021-ci il tarixli bildirişlə bir neçə gün sonra tanış olmuşdur. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Besting” MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiklərini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən görünür ki, əmək kitabçası 01 sentyabr 1977-ci il tarixdə İddiaçı adına açılmışdır. 01.06.2019-cu il tarixdə, 21 nömrəli əmr əsasında Cavabdeh MMC-də xadimə vəzifəsində çalışmağa başlamışdır. 31.05.2021-ci il tarixdə, 032 nömrəli əmr əsasında, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (ştatın ixtisarı) tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30.06.2021-ci il tarixli ambulator kartdan çıxarışa əsasən görünür ki, İddiaçı 16 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Sonuncu dəfə 26.06.2020-ci il tarixdə endokrinoloji kabinetə müraciət etmişdir. Diaqnozu şəkərli diabet tip 2 xəstəliyidir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə çıxarışa əsasən görünür ki, Cavabdeh MMC 13.11.2018-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. VÖEN kodu ********** kimi qeyd edilmişdir. 15.05.2020-ci il tarixli, 01.06.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair 18 nömrəli əlavəyə əsasən görünür ki, işəgötürən ilə işçi arasında, işçiyə 15.05.2020-ci il tarixindən etibarən hər ay 250 manat məbləğdə ştat cədvəli ilə təyin olunmuş əmək haqqının ödənilməsi, əmək haqqının ayda bir dəfə ödənilməsi barədə razılıq əldə edilmişdir. 23.04.2021-ci il tarixli bildirişə əsasən görünür ki, İddiaçı 01.06.2019-cu il tarixdən Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə 24.04.2021-ci il tarixdən etibarən 4 həftə sonra AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi, əmək qanunvericiliyinə əsasən xəbərdarlıq müddəti əvəzinə əmək haqqının 0,9 misli miqdarında birdəfəlik vəsait almaq hüququnun mövcud olması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətinə əsasən görünür ki, X3 23.04.2021-ci il tarixli bildirişi 27.04.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan 06 aprel 2020-ci il tarixli, 013 nömrəli əmrə əsasən görünür ki, İddiaçı 01.06.2019-01.06.2020 iş ili dövrü üçün 13.04.2020-ci il tarixdən 03.05.2020-ci il tarixədək 21 gün müddətinə əmək məzuniyyətinin verilməsi, 04.05.2020ci il tarixində işə başlaması, 21 məzuniyət günü üçün ödənişin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan 31 may 2021-ci il tarixli, K-032 nömrəli əmrə əsasən, İddiaçı 31.05.2021-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işçilərinin sayı və ya ştatların ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi, 01.06.2019- 31.05.2021-ci il müddəti üçün istifadə edilməmiş əsas əmək məzuniyyətinin 18 gününə düşən məbləğdə kompensasiya və orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. 10.08.2021-ci il tarixli, **********796407000 nömrəli hesab üzrə hesab haqqında məlumata əsasən görünür ki, iddiaçıya 31.01.2020-ci il tarixdən başlayaraq 08.05.2021-ci il tarixə qədər hər ay əmək haqqı, 04.06.2021-ci il tarixdə son haqq-hesab, 04.06.2021-ci il tarixdə işdən çıxarılma müavinət haqqı olmaqla, 474 manat məbləğində ödənişlər edilmişdir. Məhkəmə iddiamın və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı 01.06.2019-cu il tarixdən Cavabdeh MMC-də xadimə vəzifəsində çalışır. İddiaçının işdən çıxarılması barədə əmr 31 may 2021-ci il tarixdə verilmişdir. Əmək kitabçasına əsasən də görünür ki, iddiaçı 2 ilə yaxın müddət Cavabdeh MMC-də çalışmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ildən beş ilədək əmək stajı olduqda azı 4 təqvim həftəsi müddətinə rəsmi xəbərdar edilməlidir. İş materiallarına əlavə edilmiş sübutlara əsasən görünür ki, cavabdeh tərəfindən işdən çıxarılması ilə bağlı iddiaçıya xəbərdarlıq edilmişdir. İddiaçının bildirişi qəbul etməsi iş materiallarına əlavə edilmiş xəbərnamə ilə öz təsdiqini tapır. Yəni, cavabdeh iddiaçını işdən çıxararkən Əmək Məcəlləsinin tələblərini yerinə yetirmiş, heç bir qanunsuzluğa yol verməmişdir. Eyni zamanda iddiaçı öz izahatında əmək müqaviləsinə xitam verilməsi barədə 23.04.2021-ci il tarixli bildirişlə bir neçə gün sonra tanış olduğunu da qeyd etmişdir. Cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçıya işdənçıxarmaya görə orta aylıq əmək haqqının azə 1,4 misli miqdarında müavinət ödəməyi öz öhdəsinə götürmüş, hesab haqqında çıxarışa əsasən 04.06.2021-ci il tarixdə bu məbləği ödəmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Onun qanunsuz hesab edilməsi üçün əsas yoxdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələblərinin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə 31 may 2021-ci il tarixli 032 nömrəli əmrin ləğv edilməsi hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyindən, işə bərpa, iddiaçının işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona verilməsi, vurulmuş zərərə görə kompensasiya ödənilməsi hissələri üzrə araşdırma aparılmasına və bu tələblərə hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. İddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edilir ki, iddiaçı ona mənəvi zərərin dəyməsini sübuta yetirə bilməmişdir. Məhkəməyə bu barədə sübutlar təqdim edilməmişdir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 23.04.2021-ci il tarixli bildiriş barədə, eyni zamanda 31 may 2021-ci il tarixli 032 nömrəli əmrin mövcudluğu barədə məlumatlı olmasına baxmayaraq, iddiaçı məhkəməyə 07.07.2021-ci il tarixdə müraciət etmişdir. Əmək Məcəlləsinə uyğun olaraq, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 29 iyun 2007-ci il tarixli qərarında qeyd edir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunur ki, İddiaçı 31 may 2021-ci il tarixli 032 nömrəli əmrin mövcudluğu barədə məlumatı olmuş, bu iddia ərizəsində, həmçinin iddiaçının izahatında (05.06.2021-ci il tarixdə həmin əmrdən məlumatı olduğunu məhkəmə iclas zalında bildirmişdir) öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı 2021-ci ilin iyun ayının 5-də 31 may 2021-ci il tarixli 032 nömrəli əmrin mövcudluğunu bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, lakin həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək 2 gün müddət keçməklə (07.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir), iddiaçı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək vaxtını ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ildən beş ilədək əmək stajı olduqda azı 4 təqvim həftəsi müddətinə rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsində isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və vurulmuş zərərə görə kompensasiya ödənilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və vurulmuş zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4739/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4739/2021
11.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver