Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4787/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi Əbülfəz qızının, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Əbülfəz qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əbülfəz qızı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü tarixdə bağlanılmış MŞB 13/2023-00475 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2006-cı ildə evlənib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci ildə yeganə övladı X5 dünyaya gəlmişdir. Rəsmi nikah isə xx.xx.2010-cu il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Bir müddət ailə münasibətləri normal olmuş, lakin tədricən ər-arvad münasibətləri pozulmağa başlamışdır. Bundan sonra onun müraciətinə əsasən Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş, onun razılığı ilə birgə nikahdan olan uşağın atası Maraqlı şəxs yanında qalması və ondan uşağın saxlanılması üçün 150 manat alimentin tutulması qət edilmişdir. Lakin sonradan Maraqlı şəxs uşağı saxlamamış və uşaq onun yanında qalmışdır. Bu zaman o, bir neçə ay aliment ödədikdən sonra aralarında razılığa gəlmişlər ki, uşağı o saxlayır, Maraqlı şəxs isə uşağın saxlanması üçün ona ayda 220 manat aliment ödəyəcəkdir. Buna görə də 04 may 2023-cü il tarixdə 13 saylı X1 Zaur Səyyar oğlu ilə MŞB 13/2023- 00475 saylı barışıq sazişi imzalamışlar. Buna baxmayaraq həmin tarixdən Maraqlı şəxs hal-hazıradək heç bir məbləğdə aliment pulu ödəməmişdir. Onun aliment təklifini də rədd etmişdir. 31 avqust 2023-cü ildə o, aliment üzrə borclu Maraqlı şəxs alimenti ödəməsi üçün rəsmi xəbərdarlıq məktubu ünvanlamışdır. Lakin bundan 10 gündən çox vaxt keçməsinə baxmayaraq borclu heç bir cavab verməmişdir. Belə olan halda o, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq edilməsi haqqında ərizə ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi Əbülfəz qızı ərizəni müdafiə edərək izahatında bildirir ki, məhkəmənin qətnaməsinə əsasən uşağın atanın yanında qalması və ondan aliment tutulması qət edilmişdir. Bundan sonra övladı 7 ay müddətində faktiki olaraq atası ilə birgə yaşamışdır. Hətta övladı atasının yanında qaldığı dövrdə o, bir neçə ay aliment məbləğini ödəmişdir. Lakin sonradan maraqlı şəxslə razılığa gəlmişlər ki, övladı onun yanında qalsın, övladının saxlanılması üçün maraqlı şəxs ona 220 manat aliment ödəsin. Razılığa əsasən övladı 2023-cü ilin yanvar ayının sonlarından hazıradək faktiki olaraq onun yanında qalmağa başlamışdır. Aralarında olan razılaşmanı isə xx.xx.2023-cü il tarixdə 13 saylı Mediasiya Təşkilatında rəsmiləşdirməklə barışıq sazışı bağlamışlar. Aralarında uşağın himayəyə verilməsi və saxlanılması ilə bağlı yeni barışıq sazişi bağlandığından Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən icra işinə xitam verilmişdir. Lakin aralarında olan barışıq sazişinin şərtlərinə Maraqlı şəxs əməl etməmiş, övladı cari ilin yanvar ayından onun yanında qalmasına baxmayaraq övladının saxlanılmasına iştirak etməmiş, ona yalnız iki dəfə 40 manat və 90 manat olmaqla, cəmi 130 manat ödəniş etmiş, qalan aliment borcunu isə ödəməmişdir. Onun müraciətlərinə baxmayaraq maraqlı şəxs razılaşma üzrə aliment öhdəliklərini yerinə yetirmir. Hətta o, 2-3 ay ərzində ona hər dəfə ödəyəcəyini bildirərək aliment borcunu ödəməmişdir. Buna dair rəsmi qaydada bildiriş də maraqlı şəxsə göndərmiş, lakin cavab verilməmiş və nəticəsi olmamışdır. Hazırda özü kirayədə yaşamaqla övladının saxlanılmasında çətinlik çəkir. Verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, uşağın onun himayəsinə verilməsinə dair yeni məhkəmə mübahisəsi olmamış və bununla bağlı məhkəmə qətnaməsi yoxdur. Nikah pozulmamışdan öncə övladı əsasən maraqlı şəxsin anası, yəni keçmiş qayınanasının yanında qalmış, sonuncu vəfat etdikdən sonra düşünmüşdür ki, maraqlı şəxs kişi olduğundan uşağın qayğısına keyfiyyətli şəkildə qala bilməz ona görə də övladının onun yanında qalmasına razılaşmışlar. Bundan başqa maraqlı şəxs yeni ailə həyatı qurmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək izahatında bildirir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra övladı faktiki olaraq yeddi ay müddətində onun himayəsində qalmışdır. Bu müddət ərzində uşağa özü baxmış, hətta aliment tələb etməmişdir. Cari ilin avqust ayında yenidən nikaha daxil olduğundan ərizəçi ona ciddi problemlər yaratmış, hətta onun barəsində polis orqanlarına şikayət etmişdir. Uşağı ərizəçi ondan tələb edərək bildirmişdir ki, uşağı ona versin və ata olaraq o, uşağa baxa bilməyəcəkdir. Ərizəçinin onun yenidən nikaha daxil olması ilə bağlı ciddi problemlər yaratmasını nəzərə alaraq birgə nikahlarından olan övladının anasının yanında qalmasına və ona 220 manat aliment ödəməyə könüllü olaraq razılıq vermişdir. Aralarında olan razılaşmanı isə xx.xx.2023-cü il tarixdə 13 saylı Mediasiya Təşkilatında rəsmiləşdirməklə barışıq sazışı bağlamışlar. Etiraf edir ki, övladı 2023-cü ilin yanvar ayından faktiki olaraq ərizəçinin yanındadır. Ərizəyə ona görə etiraz edir ki, barışıq sazişinə görə aliment borcunu ödəməklə bağlı qəbzləri vardır. Bundan başqa ərizəçi özü uşağı ona qaytarmaq istəmiş, həmin vaxt ərizəçi aliment istəmədiyini iddia etmiş, o isə bunun müqabilində icra şöbəsində ərizəçinin 7 aylıq aliment borcunu bağışlaması barədə sənədə imza çəkdirmişdir. İndi isə ərizəçi mübahisə yaradır. Verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, uşağın onun himayəsinə verilməsinə dair yeni məhkəmə mübahisəsi olmamış və bununla bağlı məhkəmə qətnaməsi yoxdur. O, uşağına 7 ay ərzində həm ata, həm ana olmuşdur. Hətta uşaq 9-cu sinifdən orta məktəbdən çıxdığı üçün, özü isə usta kimi fəaliyyət göstərdiyi üçün, övladını öz yanına işə aparıb ona sənət öyrətmişdir. Barışıq sazişindən 1-2 ay sonra ərizəçi yaxınlaşıb bildirmişdir ki, uşağa baxa bilmir və uşağı qaytarır. O isə uşağın anası ilə qalmasını istəyir, çünki uşaq onunla qalanda ərizəçi ona problemlər yaradır. Belə ki, uşaq ondan anasına söz çatdırır, ərizəçi də onun ailəsində problemlər yaradır. Hazırda barışıq sazişi üzrə ödədiyi aliment məbləği nəzərə alınmasını və ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir, lakin ödəmələri ərizəçiyə əlbəəl etdiyindən hazırda məhkəməyə sübut təqdim edə bilmir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3503/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, Ərizəçi Əbülfəz qızı və Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 170 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Ərizəçi Əbülfəz qızından Maraqlı şəxs xeyrinə tutulması, alimentin tutulma müddətinin xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş icra işi materiallarından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3503/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata tələbkar Maraqlı şəxs ərizəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan birinci tərəf olaraq Ərizəçi Əbülfəz qızı ilə ikinci tərəf Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq 13 saylı Mediasiya təşkilatında bağlanmış və mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/13/2023- 00475 saylı barışıq sazişinin 2-ci bəndindən görünür ki, tərəflər razılaşır ki, Maraqlı şəxs birgə nikahlarından doğulmuş - xx.xx.2007-ci il təvəllüdlü X3 Ərizəçi Əbülfəz qızının himayəsinə verilməsinə və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat məbləğində alimentin hər ayın beşindən digər ayın beşinədək ödənilməsinə öhdəlik götürür. Sazişlə tərəflər əlavə olaraq razılığa gəlmişlər ki, sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur; sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir; bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır; tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Sazişlə tərəflər həmçinin razılığa gəlmişlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; tərəflərin birinin yazılı razılığı olmadan sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; əgər tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı tərəflər şahid qismində iştirak edə bilməzlər; tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 3. sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun, bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir; Sazişin 18-ci bəndində göstərilən səbəblərdən sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; forsmajor hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə iclasında dindirilmiş xx.xx.2007-ci il təvəllüdlü X5 bildirmişdir ki, hazırda orta məktəbə getmir. Məktəbdən öz istəyinə görə yox, atasının anası olan nənəsinin istəyinə əsasən çıxmışdır. Belə ki, onunla gələcəkdə Rusiya Federasiyasına getməyi düşünmüşdür. Lakin sonradan nənəsi vəfat etmişdir. Həmin nənəsini daha çox istəmişdir. Hazırda isə o, atası ilə yaşamaq istəyir. Bunun səbəbi isə onadan ibarətdir ki, atasının yanında maddi çətinlik çəkmir və onun iş yerinə getməklə sənət öyrənir. Anasını çox istəsə də, lakin anası ona maddi imkanının olmadığını bildirir. Buna görə də atası ilə yaşamaq ona rahatdır və atasının yanında qalmaq istəyir. Həm maddi, həm də digər səbəblərə görə atanın yanında qalmaq istəyir. Hər iki valideyni ona diqqət və qayğı göstərir. Hər iki valideyni ilə də qaldıqda özünü dəyərli hiss edir. Buna baxmyaraq anası ona daha yaxşı qulluq edir. Hesab edir ki, hazırda ona dayaq olacaq şəxs isə atasıdır. Atası mühərrik ustası olduğundan onun yanında qalması sənət öyrənmək baxımından da əlverişli ola bilər. Hazırda 2023-cü ilin yanvar ayından indiyədək anası ilə yaşayır. Bu müddət ərzində 1 dəfə atasının yanına getmişdir. Atası aliment vermədiyini bildirmişdir. Hazırda atasının yanında qalmaq istəyir. Bu da onun öz seçimidir. Səbəbi isə atasının ona dəstək olmasıdır. Atası onu anası ilə görüşməyə qoymur, bu da onu narahat edir. Ona görə də, atasının yanında qalacağı təqdirdə anası ilə maneəsiz ünsiyyət saxlamaq üçün atasının şərait yaratmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə ki, barışıq sazişinin məzmununda birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi qaydası müəyyən edilmişdir. Hazırkı halda isə işin hallarından müəyyən olunur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan olan uşağın atanın – maraqlı şəxsin yanında qalması, eyni zamanda uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün anadan - ərizəçidən atanın xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra tərəflər arasında uşağın hansı valideynin yanında qalması və alimentin tutulması ilə bağlı mübahisə olduğundan, ərizəçi mediasiya təşkilatına müraciət etmiş və aralarında razılıq əldə edilərək barışıq sazişi imzalanmışdır. Qeyd olunanlardan, həmçinin ərizənin məzmunundan müəyyən olunur ki, hazırda tərəflər arasındakı mübahisə birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması və hansı məbləğdə alimentin tutulmasından ibarətdir. Məhkəmə birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq tərəflər arasında bu hissədə mübahisə olmasını, eyni zamanda 10 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan uşağın məhkəmə iclasında atanın yanında qalmaq istədiyini bildirməsini nəzərə alaraq qeyd edir ki, barışıq sazişi həmin hissədə təsdiq edilə bilməz. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş hallarla əlaqədar davam edən münasibətlər üzrə yaranmış mübahisə iddia icraatı qyadasında məhkəməyə müraciət etməklə həll edilə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Ərizəçinin təsdiq olunmasını tələb etdiyi barışıq sazişinin məzmunu həm də birgə nikahdan olan uşağın saxlanılması üçün atadan ananın xeyrinə aliment tutulmasını özündə ehtiva edir ki, bununla bağlı da qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır və həmin qətnaməyə əsasın verilmiş icra sənədi üzrə icraata tələbkarın öz ərizəsinə əsasən xitam verilmişdir. Buna baxmayaraq məhkəmə, hazırda birgə nikahdan olan uşağın faktiki olaraq ananın yanında qalmasını və atanın buna könüllü razılığının olmasını nəzərə alaraq hesab edir ki, barışıq sazişi Maraqlı şəxs tərəfindən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi Əbülfəz qızına hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi alimentin ödənilməsi hissədə icra etməmiş, həmçinin məhkəmə iclasında tərəflərin izahatları alınarkən onlar arasında uşağın himayə verilməsi hissəsində mübahisə olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi Əbülfəz qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq 13 saylı Mediasiya təşkilatında bağlanmış və mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00475 saylı barışıq sazişi həmin məzmunda - Maraqlı şəxs birgə nikahlarından doğulmuş - xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün birinci tərəf Ərizəçi Əbülfəz qızına hər ayın beşindən digər ayın beşinədək 220 (iki yüz iyirmi) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsi hissəsində təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi Əbülfəz qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00475 saylı barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilsin. Barışıq sazişinin alimentin tutulması hissəsində şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1)İkinci tərəf - Maraqlı şəxs birgə nikahlarından doğulmuş - xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün birinci tərəf Ərizəçi Əbülfəz qızına hər ayın beşindən digər ayın beşinədək 220 (iki yüz iyirmi) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürür. Ərizə qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4787/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4787/2023
27.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver