Məhkəmə qərarları › İş №2(004)-5013/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5013/2024

04.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5013/2024 04.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 10 saylı Mediyasiya Təşkilatının 08 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, 1.5-ci bəndinin, yəni “X10 nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi qızma bağışayacaq” hissəsində icra edilməsi öhdəliyinin X5 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikahdan xx.xx.2018-ci il təvəllüdlü X11 anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri pozulmuşdur, tərəflər nikah münasibətlərinə qarşılıqlı razılıq əsasında xitam vermək qərarına gəlmişlər. Belə ki, mediyasiya prosesində barışıq sazişini imzalamışlar. 08 may 2024-cü il tarixli barışıq sazişinin 1.5-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, X10 nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi bağışayacaq. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3793/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 və cavabdeh Maraqlı şəxs arasında nikah münasibətlərinə xitam verilmişdir. Barışıq sazişində göstərilən müddətdən də çox vaxt keçməsinə baxmayaraq, qarşı tərəf öhdəliklərini icra etməmişdir. Bildirmişdir ki, iddiaçı və cavabdeh mediyasiya prosesində uşağın xaricə aparılmasına razılıq verilməsi və aliment ilə bağlı razılıq əldə edilməsi göstərilsə də cavabdeh iki şərti icra etməmişdir. Belə ki, uşağın xaricə aparılması üçün məhkəmə qətnaməsi və atanın notarial razılıq ərizəsi olmalıdır. Bundan başqa aliment ilə bağlı da şərt cavabdeh tərəfindən icra olunmur. Maraqlı şəxs elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və 10 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli barışıq sazışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda mübahisəli barışıq sazişi prosessual və maddi hüquq normalrına zidd olduğu üçün etibarsızdır. Belə ki, cavabdeh Maraqlı şəxs barışıq sazişinin 1.5-ci bəndinə əsasən müqaviləyə aid olmayan 3-cü şəxsə aid əmlakı alaraq, iddiaşı Ərizəçi bağışlamağı öhdəsinə götürür. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi yalnız notariat tərəfindən təsdiq edilmiş sənəd əsəsında mümkündür. Hazırki iş üzrə heç bir notariat təsdiqli sənəd mövcud deyil və mediatorın təsdiq etdiyi sənəd notariat təsdiqinə bərabər sayıla bilməz. Bağlanmış barışıq sazişi etibarsızdır. Belə ki, sazişdə tərəflər biri digərinə Abşeron rayonu, Mazasır qəsəbəsi, Şəmsir Abbasov küçəsi, "xxxx" MTK tərəfindəm inşa edilmiş 43 saylı mənzili digər tərəfin adına reyestrdən qeydiyyata keçirməyi öhdəsinə götürür. Heç bir şəxs 3-cü şəxsə aid olan əmlakı hər hansı bir hüququ olmadan digər şəxsə verməyi öhdəsinə götürə bilməz. Abşeron rayonu, Mazsır qəsəbəsi, Şəmsir Abbasov küçəsi, "xxxx" MTK tərəfindəm inşa edilmiş 43 saylı mənzil qardaşına məxsusudur. Qardaşı barışıq sazişi tərəf deyil. Ona məxsus əmlaka dair hər hansı bir müqavilə və ya bağladığım saziş ilk andan etibarsızdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5013/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə Maraqlı şəxs tərəfindən verilmiş “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin nəticələri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin 355-25.2-ci maddəsinə əsasən Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 08 may 2024-cü il tarixli, MŞB/10/2024-00257 nömrəli barışıq sazişinə əsasən “Tərəflər - Ərizəçi və Maraqlı şəxs aralarında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 1227 saylı akt qeydi ilə bağlanmış nikahın pozulmasına razıdırlar. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş — xx.xx.2018-ci il təvəllüdlü X2 Müşgünaz Mehman qızının himayəsində qalacaqdır. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs növbəti aydan başlayaraq birgə nikahdan olan övladları — xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay aylıq əmək haqqının dörddə biri qədər aliment ödəməyi öhdəsinə götürür. Aliment ödənilməsi Barışıq sazişini Maraqlı şəxs iş yerinə təqdim edəcək. Aliment məbləği hər ay Maraqlı şəxs əmək haqqısı ödənilən vaxt Ərizəçi adına açılmış bank hesabına ödəniləcək. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs istədiyi zaman vaxt məhdudiyyəti qoyulmadan övladı xx.xx.2018-ci il təvəllüdlü X11 ilə görüşə, özü ilə apara və gecə yanında saxlaya bilər. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsində “4 Qardaş" MTK-ya məxsus binada yerləşən və qardaşı X4 mülkiyyətində olan 43 nömrəli mənzili alaraq Ərizəçi bağışlayacaq. Tərəflər razılaşırlar ki, sazişin 1.5-ci bəndində qeyd edilən mənzil daxili kreditlə alınıb, 24 aylıq krediti qalıb, həmin krediti və alqı-satqı xərclərinin (vergilər daxil) yarısını Ərizəçi ödəyəcək. Tərəflər razılaşırlar ki, 90TN138 dövlət nömrə nişanlı ağ rəngli “Chevrolet Aveo”, **-EB-*** dövlət nömrə nişanlı ağ rəngli “Chevrolet Aveo” və **-KN-*** dövlət nömrə nişanlı qara rəngli “Nissan X-Trail” markalı avto nəqliyyat vasitələri Maraqlı şəxs mülkiyyətindədir, onun mülkiyyətində qalacaq və Ərizəçi qeyd edilən avto nəqliyyat vasitələrinin bölgüsü ilə bağlı heç bir tələb irəli sürməyəcək. Tərəflər bildirirlər ki, onların bir-birinə qarşı hər hansı başqa tələbləri yoxdur.” İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3793/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə Qurbanova (İsmayılzadə) Müşgünaz Mehman qızı arasında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X8 akt qeydləri kitabında 1227 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxsin, yəni Maraqlı şəxs qardaşı X4 hüquqlarına toxunur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00257 nömrəli barışıq sazişi “Maraqlı şəxs nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsində “4 Qardaş" MTK-ya məxsus binada yerləşən və qardaşı X4 mülkiyyətində olan 43 nömrəli mənzili alaraq Ərizəçi bağışlayacaq” hissəsində üçüncü şəxsin, yəni Maraqlı şəxs qardaşı X4 hüquqlarına toxunduğundan, ərizə təmin edilməməli və barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar