Məhkəmə qərarları › İş №2(004)-5110/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5110/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5110/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi oğlunun, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi oğlu xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası 11 iyun 1963-cü il təvəllüdlü X10 oğlunun ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11 iyun 1963-cü il təvəllüdlü X10 oğlu ərizəçinin atasıdır. 2021-ci ilin may ayında X1 bayramı ilə əlaqədar Şabran rayonuna getmişdi. 01 iyun 2021-ci il tarixində Şabran rayonunun Pirəmsən kəndində olarkən vəziyyəti anidən ağırlaşmış və vəfat etmişdir. Rayon yeri olduğundan təcili-tibbi yardım maşını çağırılmamış və “el adəti üzrə” dəfn edilmişdir. X2 rayonun Pirəmsən kəndində yerləşən kənd qəbirstanlığında dəfn edilmişdir. Bununla bağlı, Şabran Rayon Pirəmsən Bələdiyyəsi tərəfindən 02 iyul 2021-ci il tarixli 105 nömrəli arayış verilmişdir. Eləcə də, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən F.Cəfərovun imzası və möhürü ilə akt tərtib olunmuşdur. Həmin akta əsasən aktda adları qeyd olunan şəxslər mərhum X4 həqiqətən 01 iyun 2021-ci il tarixində Şabran rayonun Pirəmsən kəndində vəfat etməsini öz imzaları ilə təsdiq etmişlər. Ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin alınmasından ötrü Bakı şəhəri 7 nömrəli şəhər poliklinikasına müraciət edilmişdir. Müraciətə cavab olaraq, 7 nömrəli şəhər polilinikasının 17.07.2021 -ci il tarixli, 426 saylı imtina məktubuna əsasən mərhum X4 7 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmasına baxmayaraq poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyi və ambulator kartası olmadığı, eləcə də mərhumun xəstəliyi barədə heç bir məlumat olmadığından poliklinikanın ölüm haqqında tibbi şəhadətnamə (Forma №106) verilməsinin mümkün olmadığı bildirilmişdir. Daha sonra X4 ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxs1nə müraciət edilmişdir. Müraciətə cavab olaraq, Maraqlı şəxs1 16.07.2021 -ci il tarixli, 05/76-3050/15 saylı imtina məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınması bildirilmişdir. Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Maraqlı şəxs1 və 7 saylı şəhər Poliklinikası məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 11 iyun 1963-cü il təvəllüdlü X10 oğlunun 01 iyun 2021-ci il tarixdə Şabran rayonu Pirəmsən kəndində ölməsi faktı tədqiq olunmuş sübutlarla tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 11 iyun 1963-cü il təvəllüdlü X10 oğlunun 01 iyun 2021-ci il tarixdə Şabran rayonu Pirəmsən kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar