Məhkəmə qərarları › İş №2(004)-5284/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5284/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5284/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Paşayev Elçin Tofiq oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirkı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonunun Mənzil İstismar Hissəsinin 2 №-li Mənzil-İstismar Sahəsi cəlb edilməklə) "mənzildən çıxarılma və mənzilə köçürülmə" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonunun Mənzil İstismar Hissəsinin 2 №-li Mənzil-İstismar Sahəsi cəlb edilməklə "mənzildən çıxarılma və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə 05.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xidməti mənzil kimi ona ayrılmış, Bakı şəhəri Yasamal rayonu, Şəfayət Mehtiyev küçəsində yerləşən 136 saylı evin 3 otaqdan ibarət sahəsi 64,6 kv.metr olan 83 saylı mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Azrəbaycan Respublikasının Müdahiə Nazirliyinin hərbi qulluççusu kimi Azrəbaycan Ordusunda xidmət edir. 2012-ci ildə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə onun arasında “xüsusi təyinatlı yaşayış sahəsinin kirayəsi müqaviləsi” bağlanaraq Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 136 evin 83 mənzili ona xidməti mənzil kimi verilmiş və həmin mənzilə qeydiyyata düşməklə yaşamışdır. 2020-ci il tarixdə ikinci dəfə ailə qurmuş və Gürcüstan Respublikasının vətəndaşı olan Cavabdeh həmin mənzilə gətirmişdir. (onun şəxsən özünün heç bir cehiz əşyası olmamışdır). Ailə qurduqdan isə qısa bir müddət sonra onunla münasibətləri pisləşdiyindən və onun qeydiyyatda olduğu mənzildə yaşamağı üçün cavabdeh imkan vermədiyindən məcburiyyət qarşısında mənzildən çıxmalı olmuş və hazırda orada nə yaşamağı mümkündür nə də ki cavabeh həmin mənzilə köçməyinə imkan verir. Nəzərə alınsa ki, yuxarıda qeyd edilən mənzil ona uzun müddət orduda xidmət etmiş zabit olaraq xidməti mənzil kimi verilmişdir, cavabdeh isə onun həmin mənzildə yaşamağına imkan vermir və həmin mənzili öz xoşuna tərk etmək istəmir. Odur ki, cavabdeh məhkəmə qaydasında mənzildən məcburi qayda çıxarılmalı və onun həmin mənzilə köçürülməyi təmin olunmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, onun hal-hazırda az yaşlı uşağı var. Bu uşaq iddiaçının uşağıdır. Onun az yaşlı uşaqla qalmağa yeri yoxdur. İddiaçının borcudur ki, öz övladının qayğısına qalsın. Nikahları halhazırda pozulmayıb. Hal-hazırda iddiaçı öz keçmiş həyat yoldaşı ilə barışdığından onunla boşanmaq qərarına gəlib və bu səbəbə görə onu evdən çıxarmaq istəyir.. İddiaçı ilə evləndiyi gündən bu günə kimi aralarında elə bir söz-söhbət olmayıb. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış 10.12.2012-ci il tarixli 76 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” əsasən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 136 nömrəli evin ümumi sahəsi 64,6 kv.metr olan 83 nömrəli mənzili İddiaçı məxsusdur. 3 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi 20.08.2020-ci il tarixdə verilmiş AZ-İİ 404719 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.1976-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonun Muğanlı kəndində doğulmuş İddiaçı və 10.12.1982-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş Cavabdeh 20.08.2020-ci il tarixdə 1748 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 2 №li Mənzil İstismar sahəsi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli arayışı ilə təsdiq edilir ki, iddiaçının həyat yoldaşı Cavabdeh və qızı X1 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 136 nömrəli evin 83 nömrəli mənzilində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Mənzil Məcəlləsinin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Mənzil Məcəlləsinin 68.3-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, iddiaçı xidməti kirayə müqaviləsi əsasında mübahisə predmeti olan mənzilə dair sahiblik və istifadə hüququna malikdir. Odur ki, yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və mənzilə köçürülmək hüququna malikdir. Həmçinin, məhkəmə qeyd edir ki, tərəflər arasında nikah pozulmadığından Cavabdeh İddiaçı ailə üzvüdür və ailə üzvü kimi onunla bərabər mənzildən istifadə hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia cavabdehin sözügedən mənzildən çıxarılması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 136 evin 83 mənzilinə köçürülməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən 136 saylı evin 83 saylı mənzilinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin.. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar