Məhkəmə qərarları › İş №2(004)-529/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-529/2024

15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-529/2024 15.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Ərizəçi 3 saylı Bakı “Asan Xidmət” X6 maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü mərhum anası X1 03 dekabr 2022-ci il tarixdə mədəaltı vəzi xərçəngindən yaşadığı ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum anası X4 03 dekabr 2022-ci il tarixdə mədəaltı vəzi xərçəngindən müvəqqəti yaşadığı ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildə vəfat etmişdir. Mərhum anası yaxın qohumlarının köməyi ilə xx.xx.2022-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 saylı qəbirstanlığında dəfn olunmuşdur. Hal-hazırda müəyyən sənədlər var ki, onların alınması və ya düzəlməsi üçün mərhum anasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Lakin hazırda ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Belə ki, ərizəçi mərhum anasına ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X13 müraciət etmiş və ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina edilmişdir. Bundan sonra o mərhum anası X1 ölümü haqqında şəhadətnaməsini almaq üçün qeydiyyatda olduğu ərazi üzrə maraqlı şəxs olan 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyini məsləhət görmüşdürlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs 3 saylı Bakı “Asan Xidmət” X9 məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X11 öz ifadələrində həqiqətən də, ərizəçinin anası xx.xx.1949-cu il təvəllüdlü X1 03 dekabr 2022-ci il tarixdə Bakı şəhərində xərçəng xəstəliyindən ölməsi faktını təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli, 18-1-20/2-S-504-42-334/2023 saylı məktubundan görünür ki, ərizəçinin xx.xx.1949-cu il təvəllüdlü mərhum anası X2 “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi müraciətinə cavab olaraq, ölümün səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina edilmişdir. 3 saylı Bakı “ASAN xidmət” X3 xx.xx.2023-cü il tarixli, 3165/8-69-2208/2023 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin anasının ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 04/487 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1949-cu il təvəllüdlü mərhum X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 saylı qəbiristanlıqda dəfn olunmuşdur. Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının.. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 195. Ölümün dövlət qeydiyyatına alınması qaydası 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin anası xx.xx.1949-cu il təvəllüdlü X1 03 dekabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı tədqiq olunmuş sübutlarla tam sübut olunduğundan, iddiaçı həmin faktı təsdiq edən ölüm haqqında şəhadətnaməni məhkəmədən kənar ala bilmədiyindən və həmin şəhadətnamənin alınması ərizəçiyə zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1949-cu il təvəllüdlü X1 03 dekabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar