Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5327/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Cavabdeh2 nümayəndəsi X5 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, X14 və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, X14 və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 nümayəndəsi X9 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı 1970-ci ildə X16 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikaha daxil olduqdan sonra ünvan 1 ünvanına köçmüşdür. İddiaçı mübahisəli mənzildə əri və onun valideyinləri ilə birlikdə yaşamışdır. Həmin ünvanda 50 ildən artıq müddətdir ki, yaşamış və mübahisəli mənzil üzrə 1972-ci il tarixdən qeydiyyatdadır. İddiaçının ərinin ailəsi həmin mübahisəli ünvan üzrə isə 150 ildən artıq müddət yaşamışlar. İddiaçının qayınatası və qayınanası vəfat etməsidən sonrada iddiaçı ailə üzvləri ilə birlikdə yəni qızları ilə birlikdə həmin ünvanda yaşamağa davam etmişdir. İddiaçının mübahisəli mənzilə dair istifadə hüququnun olması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7069/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə öz təsdiqini tapmışdır. 421323 saylı, 17 dekabr 1978-ci il tarixli arayışına əsasən İddiaçı sahəsi 25 kv.m təşkil edən mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********24-10301 reyestr nömrəli, 08 noyabr 2019-cu il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Sübhü Salayev küçəsində yerləşən 5 saylı, ümumi sahəsi 152,20 kv.m-dən ibarət fərdi yaşayış evi X9, X14 və Cavabdeh2 mülkiyyətində olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin 59 saylı, 18 mart 2020-ci il tarixli "Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" Mədud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında" Sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhü Salayev küçələrinin əhatə etdiyi ərazidəki, şəhərin və ərazinin ümumi görünüşə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyinin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmişdir. “City Life" MMC ilə Cavabdeh2 arasında bağlanmış 05/3 saylı, 12 avqust 2020-ci il tarixli "Əvəzləşdirmə haqqında" müqavilənin 1.2-ci bəndinə əsasən "mülkiyyətçi ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Sübhü Salayev küçəsi, 5 saylı evin "xxxx" MMC-yə sökülməsi üçün təhvil verir. "xxxx" MMC isə "Mülkiyyətçi"yə hüquqmüyyən edici sənədlərində olan "xxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş esgiz layihəsində göstərilmiş ümumi sahəsinə 20% əlavə edilməklə, mülkiyyətçilər Cavabdeh2, X9 və X6 razılıq ərizələrinə əsasən mənzillərin sahəsi toplanaraq 3 yerə bölünmüşdür: 84.81 kv.m+53.9 kv.m+53 kv.m=192 kv.m, 192,1 kv.m+20%=230,5 kv.m, təmir əvəzi 23 kv.m, cəmi 253,5 kv.m:3= 84,5 kv.m olmaqla təmirsiz 84 kv.m yeni tikilən binanda mülkiyyətçiyə verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh2 Bakı Şəhəri 9 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 8İ-12778 reyestr nömrəsi ilə təsdiq edilmiş 12 avqust 2020-ci il tarixli "Əvəzləşdirmə haqqında" müqaviləyə xitam verilməsi və "Kompensasiya haqqında" Müqaviləsinin bağlanması haqqında" 26 noyabr 2021-ci il tarixli ərizəsinə əsasən Cavabdeh1 ilə Cavabdeh2 arasında 123/3 saylı, 29 noyabr 2021 -ci il tarixdə "Kompensasiya haqqında" müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1, 2.2 və 3.3.2-ci bəndlərinə əsasən "xxxx" MMC ilə Cavabdeh2 arasında 12 avqust 2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinə xitam verilməsi və mülkiyyətçi ilə kompensasiya müqaviləsi bağlanması və ona kompensasiya verilməsi ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən etmişlər. Bu müqaviləyə əsasən şirkət mülkiyyət hüququna əsasən sərəncamında olan pay üzrə mülkiyyətçiyə məxsus ünvan 2 ünvanında, çıxarış üzrə 59,6 kv.m sahədən ibarət olan mənzili sökmək ilə mülkiyyətçidən təhvil almışdır və əvəzində müəyyən edilmiş qaydada mülkiyyətçiyə 125000 manat pul vermişdir. Bu müqavilə üzrə təhvil verdiyi mənzilə dair 3-cü şəxslər tərəfindən ediləcək bütün iddialara dair məsuliyyət daşımaq yaranacaq hər hansı tələbi qarşılamaq mülkiyyətçinin öhdəliyinə aid edilmişdir. İddiaçı 31 yanvar 2020-ci il tarixdə X4 yaşayan qızına baş çəkmək məqsədi ilə qısa müddətlik səfərə getmiş, səfəri təxminən 1 aylıq nəzərdə tutulmuş, lakin dünya səviyyəsində yayılan Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar hava və digər nəqliyyat vasitələri üzrə yolların bağlı olması səbəbindən daimi yaşamış olduğu Azərbaycan Respublikasına geri qayıda bilməmişdir. X4 1 il 5 ay qalmaq məcburiyyətində qalmış, daimi yaşamış olduğu Azərbaycan Respublikasına yalnız 10 iyun 2021-ci il tarixdə qayıda bilmişdir. İddiaçı X2 müddət ərzində daimi yaşadığı ünvan üzrə qonşuları onu məlumatlandıraraq bildirmişlər ki, iddiaçının yaşamış olduğu 25 kv.m olan sahəyə qanunsuz daxil olması barədə məlumat versələr də, qonşuların nə demək istəklərini anlamış, yalnız daimi yaşamış olduğu ünvana gəldikdən sonra müəyyən etmişdir ki, yaşamış olduğu ümumi sahəsi 25 kv.m təşkil edən ünvan sökülmüş və mənzildə olan əşyalar məhv edilmişdir. Bu barədə müvafiq orqanlara müraciət etsə də, hazırkı mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi iddiaçıya tövsiyə edilmişdir. Daha sonra, məsələni araşdırarkən iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 digər cavabdeh ilə birlikdə iddiaçının Azərbaycan Respublikasında olmamasından istifadə edərək əmlakını məhv etmişlər, Cavabdeh2 ümumi sahəsi 25 kv.m təşkil edən mənzilə daxil olaraq həmin mənzil üzrə özünün yaşadığı görüntüsü yaradaraq həmin sahəyə dair cabahdeh Cavabdeh1 ilə müqavilə bağlamışdır. Cavabdeh1 tərəfindən iddiaçının iradə ifadəsini əks etdirməyən, qanunsuz olaraq yaşamış olduğu mənzil sökülmüşdür. Beləliklə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, işin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı mübahisəli mənzil üzrə 1972-ci il tarixdən qeydiyytda olmaqla yaşamışdır, həmin ünvanda yaşamasını və mənzil üzrə istifadə hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Bundan başqa, iddiaçının istifadə hüququna xitam verilməsi marağı, bunu tələb edən şəxs Cavabdeh2 olmuşdur, işin digər mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçının yaşamış olduğu mənzilin ümumi sahəsi 25 kv.m təşkil etmiş, Cavabdeh2 yaşamış olduğu sahəsi isə dövlət reyestrindən çıxarışına sahəsi 59,6 kv.m təşkil emişdir, Cavabdeh2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 05/03 saylı, 12 avqust 2020-ci il tarixli “Əvəzləşdirmə haqqında" müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçının yaşamış olduğu 25 kv.m-dən ibarət olan sahəsi Cavabdeh2 sahəsinin üzərinə hesablanaraq ümumilikdə faktiki sahə kimi 84,81 kv.m qeyd edilmişdir. Bundan sonra, cavabdeh həmin sahəyə görə cavabdeh "xxxx" MMC arasında bağlanmış 128/3 saylı, 29 noyabr 2021-ci il tarixli kompensasiya müqaviləsinə əsasən 125000 manat məbləğində kompensasiya alması nəzərdə tutulmuşdur. Bununla belə aydın olur ki, cavabdeh "xxxx" MMC Cavabdeh2 84,81 kv.m-dən ibarət sahə üçün 125000 manat məbləğində vəsait ödəməsi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC Cavabdeh2 yaşayış sahəsinin hər bir kv.m üçün 1473,88 manat ödəməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçının faktiki istifadəsində olmuş sahəsinin 25 kv.m-dən ibarət olmasını nəzərə alaraq 1472,88 manat cavabdehlərdən 36.847,06 manat vəsait almalıdır. İddiaçının yaşamış olduğu ünvan üzrə məhv olmuş əşyaların dəyəri bunlardan ibarət olmuşdur: 400 manat dəyərində olan televizor, 650 manat dəyərində olan 1 ədəd soyuducu, 700,00 manat dəyərində olan 1 ədəd kondisioner, 1000 manat, 1000 manat dəyərində olan yemək servisləri, 400 manat dəyərində olan divan və kreslolar, 580 manat dəyərində olan su qızdırıcısı, 400 manat dəyərində olan masa və oturacqlar, 220 manat olan tozsoran, 180 manat dəyərində elektrik ət çəkən avadanlığı, 700 manat dəyərində olan yorğan, döşək və çarpayı, sonuncu dəfə mənzilin təmirinə çəkilmiş 2800 manat ümumilikdə iddiaçıya dəymiş real zərərinin dəyəri 9030 manat təşkil etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Cavabdeh2 nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, etiraz ərizəsində mövqelərini kifayət qədər bildirmişlər. İddiaçının nümayəndəsi və vəkili tərəfindən səsləndirilən fikirlər tamamilə yanlış, əsassız və yalandır. Həmin yer iki mərtəbəli ev olmuş və Pərvizin mülkiyyətində olmuşdur. Pərvizin dövlət tərəfindən verilən çıxarışı olmuşdur. Ümumi 199 kvadrat metr ərazi olmuş və hamısı da Pərvizin mülkiyyətində olmuşdur. Cavabdeh1 MMC isə bütün halda vətəndaşın xeyrinə olaraq 20 faiz artıq hesablamışdır. Qarşı tərəf əmlakın onların olduğunu sübut edə bilmir. Hazırkı iddianın qaldırılması, iddia tələbinin əsası tamamilə yanlış və əsassızdır. Cavabdeh1 MMC-nin layihəsi dövlət səviyyəsində olan pilot layihədir. Onların kifayət qədər hüquqşünasları və mütəxəssisləri var. Onlar qanunsuz yerə onlara pul verməzdilər. Çıxarış olan halda iddiaçının təqdim etdiyi arayış əsassızdır. Suala cavab olaraq bildirir ki, əmlakın kvadratı sənədlərdə əksini tapmışdır. Emiliya xanımın həmin həyətdə nə vaxtdan yaşadığını atası daha yaxşı bilir, amma onun həmin həyətə və evə heç vaxt mülkiyyət hüququ olmamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Emiliya xanım orada təxmini 1972-ci ildən yaşamışdır, ondan əvvəl isə heç bir qohumu orada yaşamamışdır. Əkrəm valideynləri ilə orada yaşamışdır, Emiliya xanım isə Əkrəmgilə gəlin gəlmişdir. Valideynləri onun babasının yanında 1930-1935-ci illərdə işləmişlər. Əkrəmin babası Əli kişi var idi, onların evləri yanmışdır, Babası da demişdir ki, gəlsin onun evində qalsın, onun evi boşdur və o da gəlib orada qalmışdır. O zamandan da onların boğazına keçmişlər. Qeydiyyatları olmamışdır, ancaq o zamanın pulu ilə ayda 5 manat kirayə haqqı vermişlər. O, Emiliya xanıma oradan çıxması üçün 10 il bundan əvvəl 30 min pul təklif etmişdir, çünki qonşular da narazı idi və əxlaqsız həyat tərzi sürürdülər. O zaman imkanı var idi. Emiliya isə yox deyərək razı olmamışdır. Emiliya xanımın yaşadığı yerin ölçüsünü bilmir. Əkrəmin babası öldükdən sonra isə arakəsməni açmışlar. Arakəsmə karton idi. Həmin ildə onun qardaşı rəhmətə getdiyi üçün onların başı qarışıq idi. Onlar oranı zəbt etmişlər, atası da demişdir ki, eybi yoxdur, yaşasınlar. Çıxarış isə onların adınadır, əvvəl nənəsinin adına sonra atasının adına olmuşdur, atası da ona vermək istəyəndə demişdir ki, Pərvizin adına yazdırsın. Emiliya xanım əvvəl təxmini 15 kvadrat metr ərazidə yaşayırdı, sonradan əlavə yeri də zəbt etdikdən sonra təxmini 25-30 kvadrat metr ərazidə yaşayırdı. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)- 7069/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək X10, Məmmədzadə günay Əkrəm qızı və X12 iddiaçı X3 mülkiyyətində olan ünvan 4 saylı evdən istifadə hüquqlarına xitam verilmişdir. İddiaçı və X11 həmin evə istifadə hüquqlarının olması müəyyən olunduğundan iddia tələbi onalara münasibətdə təmin edilməmişdir. Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubuna əsasən xx.xx.2000-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Qeyd olunan yaşayış evi sonradan yeni poçt ünvanı alaraq xx.xx.2014-cü il tarixdə ümumi sahəsi 152,2 m2 olan ünvan 4 saylı ev adı altında Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1248 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 53,6 m2 olan hissəsi X8, 39 m2 olan hissə X5 adına qeydə alınmış, yerdə qalan 59,6 m2 olan hissə isə Cavabdeh2 Çingiz oğlunun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 05/3 nömrəli əvəzləşdirmə müqaviləsinin surətinə əsasən mülkiyyətçi - Cavabdeh2 ünvan 4 saylı yaşayış evini Cavabdeh1 MMC-yə sökülməsi üçün təhvil verir. Cavabdeh1 MMC isə evin hüquqmüəyyənedici sənədlərdə göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə təmirsiz 84,5 m2 yeni tikilən binadan mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 tərəfindən notarial qaydada yazılmış xx.xx.2021ci il tarixli ərizənin surətinə əsasən Cavabdeh2 onunla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinə xitam verilməsi və həmin mənzil üçün kompensasiya müqaviləsinin bağlanmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 128/3 nömrəli müqavilənin surətinə əsasən Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinə xitam verilmiş və ünvan 4 saylı ev üçün mülkiyyətçi Cavabdeh2 125000 manat məbləğində kompensasiya verilməsi razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X13 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 4 saylı ev paylı mülkiyyət hüququ üzrə 39 m2 X9, 59,6 m2 Cavabdeh2 və 53,6 m2 X8 adına qeydə alınmaqla mülkiyyətində olmuş və bu barədə xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İnPro- 022/22 saylı rəyə əsasən ünvan 4 ünvanında yerləşən 70 m2 orta təmirli mənzilin orta aylıq kirayə haqqı 450-500 manat təşkil edir. İş materiallarında olan X19 tərəfindən verilmiş arayışa əsasən Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən iki otaqlı boş mənzilin aylıq kirayə haqqı 250 manat təşkil edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, o, 1978-ci ildən həmin ünvanda yaşayır, o gələndə isə Emilya xanımgil orada yaşayırdılar. Pərvizi, Çingizi, Cahangiri tanıyır, onlar da qonşuları olmuşdur. Onlar ikinci, Emiliya xanım isə birinci mərtəbədə yaşamışdır. O isə birinci mərtəbədə üzbəüz yaşamışdır. Pərviz, Çingiz, Cahangir Emiliya ilə bir həyətdə yaşayırdılar, amma qapıları ayrı idi. O, Emiliya xanımı kirayəçi kimi bilməmişdir. Emiliya xanım ora gəlin gəlmişdir. Emiliya xanımın qayınanasını və anasını o görmüşdür. Emiliya xanım pandemiya vaxtına qədər həmin evdə yaşamışdır. Pandemiyadan əvvəl isə qızının yanına getmişdir, yolllar bağlandığı üçün isə gələ bilməmişdir. Söküntü də həmin zaman olmuşdur. Emiliya xanımın otağı və koridoru böyük idi, zal 30 m2, yataq otağı 12 m2 olardı. Əlavə mətbəx və hamam var idi. Emiliya xanım ona və digər qonşulara pis olmamışdır. Emiliya xanımın Bayılda evi olduğunu və orada yaşadığını eşitməmişdir. Emiliya xanımı daimi görürdü, ancaq qızının yanına gedib gəlirdi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan ev Cavabdeh2, X9 və X8 paylı mülkiyyətində olmuş, iddiaçı isə həmin evdə qeydiyyatda olmaqla onun həmin evə istifadə hüququnun olması məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə mülkiyyətçilər Cavabdeh1 MMC ilə əvəzləşdirmə barədə müqavilə bağlayaraq yaşayış evini sökülməsi üçün MMC-yə vermək və əvəzində hər mülkiyyətçinin payına uyğun sahəsinə 20% əlavə etməklə təmirsiz mənzil almaq barədə razılaşmışlar. Bundan sonra Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək əvəzləşdirmə müqaviləsinə xitam verilməsi və kompensasiya müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bunun əsasında Cavabdeh2lə Cavabdeh1 MMC arasında bağlanımş xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilmiş və Cavabdeh2 öz payına münasibətdə (59,6 m2) həmin yaşayış evinin əvəzində 125000 manat kompensasiya almışdır. Hazırda iddiaçı mübahisə predmeti olan mənzilə görə 36847,06 manat kompensasiya, əşyaların məhv olması nəticəsində dəymiş 9030 manat maddi ziyan və 5000 manat mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Cavabdeh2 nümayəndəsi etiraz ərizəsi verərək iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclaslarında nümayəndənin iştirakını təmin etməyərək işin halları ilə bağlı sübut və ya etirazını təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Habelə, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7069/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən də müəyyən olunur ki, işə baxan zaman da ünvan 4 saylı ev Cavabdeh2 mülkiyyətində olmuşdur və qətnamədə qeyd edilmişdir ki, İddiaçı və X17 icarədarın və onun ailə üzvlərinin razılığı ilə ünvan 4 saylı evə köçürülməklə uzun müddət orada yaşamaqla qanuna müvafiq surətdə istifadə hüququ əldə etdikləri təsdiq olunduğundan istifadə hüququna xitam verilməsi barədə iddia tələbi onlara münasibətdə təmin edilməməlidir. Göründüyü kimi, iddiaçının sözügedən mənzildə istifadə hüququ olmuşdur. Daha sonra iddiaçı ölkə hüdudlarından kənarda olmuşdur. Bildirdiyinə görə pandemiya ilə əlaqədar ölkəyə bir müddət qayıda bilməmişdir. Sözügedən mənzilin söküntüsü isə labüd olmuşdur. Hazırda mənzil mövcud deyildir. Söküntü ilə əlaqədar mülkiyyətçi olan Cavabdeh2 kompensasiya ödənilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçının mənzilə istifadə hüququ ilə əlaqədar ona kompensasiya ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İnPro- 022/22 saylı rəyə əsasən ünvan 4 saylı evin 70 kv.m olan orta təmirli mənzilin orta aylıq kirayə haqqı 450-500 manat , digər arayışa əsasən Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən iki otaqlı boş mənzilin aylıq kirayə haqqı 250 manat təşkil edir. Məhkəmə qeyd olunan məbləğləri və oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdehə aylıq kirayə haqqı 300 manat olmaqla 3 il üzrə kompensasiya hesablanmalıdır. Bu halda cavabdehə 10800 manat (300x12x3=10800) məbləğində kompensasiya Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı eyni zamanda mübahisə predmeti olan evdə qalmış ona məxsus əşyaların məhv olması nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 9030 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı əşyalar və onların dəyəri ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə, əşyaların məhv olduğunu bildirsə də, məhkəmə iclas zalında baxış keçirilmiş CD diskdə olan videogörüntüdən müəyyən olunur ki, iddiaçıya məxsus əşyalar hal şahidlərinin iştirakı ilə saxlanca verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi 10800 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 122,4 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 10800 (on min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122,4 (yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 10800 (on min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122,4 (yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5327/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5327/2022
14.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver