Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5423/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi Ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 09 mart 1979-cu il təvəllüdlü X4 12 avqust 2019-cu il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8, ev 6-da yaşayır. Bu evdən əvvəl Xırdalan şəhəri, M.Hüseyn küçəsi, dalan 2, ev 22-də rəhmətlik qardaşı Ramiz Kərimov, faktiki həyat yoldaşı İrina Moloçkova, azyaşlı uşaqları və anaları X1 ilə yaşamışdır. Qeyd edilən tarixdə qardaşının qəfil ürəyi tutmuşdur. Təcili tibbi yardım gələrək artıq qardaşının öldüyünü bildirmişdir. Qardaşının baş daşının şəkili ərizəyə əlavə edilmişdir. Abşeron rayon Təcili və X3 Stansiyasının xəbərdarlıq vərəqəsində qardaşının ölməsi qeyd edilsə də, hansı səbəbdən ölməsi qeyd edilməmişdir. Sonradan ölüm haqqında şəhadətnamə almaq istərkən qeydiyyat şöbəsi tibbi şəhadətnamə olmaması səbəbindən verməkdən imtina etmişdir. Poliklinikaya müraciət edilsə də, ölüm səbəbi məlum olmadığından nəticə olmamışdır. Qardaşından öncə atası ölmüş, mülkiyyətində olan qeyd olunan mənzili onlara vəsiyyət etmişdir. Lakin ölüm haqqında şəhadətnamə olmadığından notariat orqanında vərəsəlik üzrə hərəkətlər həyata keçirilə bilmir. Eyni zamanda qardaşının yoldaşı da buna görə tək ana kimi müavinət ala bilmir. Hazırda ölüm haqqında şəhadətnamənin alınması üçün ölüm fakının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi və nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun mərhum X2nun qardaşıdır. X2 12 avqust 2019-cu il tarixdə Bakı şəhərində ürək tutmasından vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs üzrlü səbəbdən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin edə bilməməsini bildirmişdir. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin qardaşı 09 mart 1979-cu il təvəllüdlü X4 12 avqust 2019-cu il tarixdə ölməsi faktı tədqiq olunmuş sübutlarla tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 09 mart 1979-cu il təvəllüdlü X4 12 avqust 2019-cu il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5423/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5423/2021
30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver