Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5566/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni/Yasamal-1 ünvanında yerləşən 14 saylı binanın 183 saylı mənzildən ailə üzvləri (Cavabdeh, X1, X2, X5, X7, X3) ilə birlikdə çıxarılaraq onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 5 nəfərlik ailə üzvləri ilə kirayə mənzildə yaşayır. İddiaçı və həyat yoldaşı Loğman Dəmirov 1980-90 cı illərdə Bakı “Elektron hesablayıcı Maşınlar Zavodu”nda işləmişlər. İşlədikləri iş yerindən Bakı şəhər, Yasamal rayon, Y/Yasamal-1,14 saylı evin 183 saylı mənzil verilibdir. Onlar ailəliklə həmin mənzildə qeydiyyata alınmışlar. Lakin həmin dövrdə Laçın rayonundan məcburi köçkün olan X4 (dünyasını dəyişib), Cavabdeh, X2, X6. X5 iş yerindən “Order” əsasında ona verilən mənzili zəbt eləmişdir. Həmin vaxt həmin şəxslərin mənzildən çıxarılmaları barədə əlaqədar idarələrə müraciət etsək də, bildirildi ki, tezliklə torpaqlarımız erməni işğalçılarından azad olunacaq, məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar, bir az səbr etmək lazımdır. Artıq Laçın rayonu işğaldan azad olunub və biz qanunla bizə verilmiş mənzilə köçmək istəyirik. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz edərək, iddia ərziəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki,iddia ərizəsi ilə tanış olduqda onlara məlum olub ki, məhrum Prezidentin sərəncamı (qaçqınlar öz daimi yaşadığı ünvanlara qayıtdıqda, onların Bakı şəhərində və digər rayonlarında məskunlaşmış mənzillərdən və evlərdən çıxmaları məcburidir) əsasən hal-hazırda Laçın rayonuna hissə-hissə qaçqınların qayıdışı başlamışdır, onlar da öz növbəsini gözləyirlər. Bununla yanaşı, onların yaşadıqları mənzilə iddiaçı 1995-ci ildə qeyri-qanuni yolla order alaraq qanunsuz olaraq onları həmin mənzildən çıxarmağa çalışır, baxmayaraq həmin mənzilin kimin balansında olması bəlli deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nizami rayon İcra hakimiyyətinin verdiyi 30 may 1995-ci il tarixli 027082 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni/Yasamal-1 ünvanında yerləşən 14 saylı binanın 183 saylı mənzili verilir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılmalı, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 183 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılsın. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 183 saylı mənziə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5566/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5566/2023
12.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver