Məhkəmə qərarları › İş №2(004)-5658/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5658/2023

04.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5658/2023 04.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Ərizəçi Bakı Şəhəri Maraqlı şəxs1, Bakı Şəhəri 23 saylı Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi ölüm, qohumluq və miras əmlakın faktiki qəbul edilməsi faktlarının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : Ərizəçi ölüm, qohumluq və miras əmlakın faktiki qəbul edilməsi faktlarının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.1948-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissəsinin mülkiyyətçisi X5 iddiaçının atasının babasının qardaşı, həmin evin 10/20 hissədə payın mülkiyyətçisi X3 MəmmədHüseyn qızının isə iddiaçının bibisi olmaları barədə qohumluq münasibətinə dair hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissəsinin mülkiyyətçisi X5 və həmin evin 10/20 hissədə payın mülkiyyətçisi Əmiraslanova X1 vərəsələri olaraq miras əmlakı faktiki qəbul etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər” adlanan 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi X5 ölüm faktının məhkəmədən kənar təsdiqinin mümkünsüzlüyünü onun ölümünün qeydə alınmaması ilə əsaslandırmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Yasamal Rayon Məhkəməsiin sorğusuna cavab məktubundan görünür ki, X5 doğumu və ölümü haqqında akt qeydlərinin həmin şəxsin doğum tarixinin sorğuda göstərilməməsi səbəbindən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarışının aparılması mümkün olmamışdır. Bundan əlavə ərizəçi X5 doğumu və ölümü haqqında akt qeydləri barədə Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə də müraciət etməmişdir. X5 doğum tarixi və yeri haqqında məlumatları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsində saxlanılan arxiv sənədlərində (X5 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər toplusunda) də əldə etmək olar. X3 MəmmədHüseyn qızının da doğum tarixi və yeri haqqında məlumatlar onun ölüm haqqında akt qeydində qeyd olunmuşdur (doğum tarixi – xx.xx.1929-cu il, doğum yeri – Bakı şəhəri). Beləliklə ərizəçi qohumluq faktının müəyyən edilməsini xahiş etdiyi şəxslər - X5 və Əmiraslanova X1 doğum tarixləri barədə məlumatları göstərilməklə yenidən Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə X5 doğumu və ölümü haqqında akt qeydlərinin, X3 MəmmədHüseyn qızının isə doğumu haqqında akt qeydinin verilməsini tələb edə bilər. X5 və Əmiraslanova X1 doğumları haqqında akt qeydi və onların şəxsiyyəti barədə məlumatlar əsasında ərizəçinin həmin şəxslərlə qohumluq münasibəti təsdiq oluna bilər. Lakin ərizəçi ərizəsinə yenidən sorğu ilə yuxarıda göstərilən orqanlara müraciət etməsini və müraciətinə mənfi cavab almasını təsdiq edən sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il 3 saylı qərarının 2.3.-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Ərizəçi ərizəsində dördüncü və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsini xahiş etmiş, lakin əvvəlki növbə vərəsələrin olmamasını təsdiq edən sənədləri ərizəsinə əlavə etməmişdir. Beləliklə, ərizəçi müəyyən edilməsini xahiş etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini təsdiq edən kifayət qədər sənədləri məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə iddiaçı tərəfindən iddia tələblərini əsaslandırdığı bəzi sənədlər – doğum və ölüm haqqında şəhadətnamə, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və bağışlama müqaviləsi rus dilində təqdim edilmiş, həmin sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında əsli ilə düzgünlüyü təsdiq edilmiş nüsxələri əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 11. Məhkəmə icraatının aparıldığı dil 11.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-5658/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı Ərizəçi Bakı Şəhəri Maraqlı şəxs1, Bakı Şəhəri 23 saylı Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi ölüm, qohumluq və miras əmlakın faktiki qəbul edilməsi faktlarının müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmənin icraatına götürülməsi mümkünlüyünə Bakı şəhərində məhkəmənin binasında baxaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar