Məhkəmə qərarları › İş №2(004)-5697/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5697/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5697/2021 16.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə . İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi tələni”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avadanlığı eyni modelli yenisi ilə əvəz olunması və 3000 manat dəyərində ona dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün Cavabdehn üzərinə öhdəlik qoyulması ilə əlaqədar qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18.01.2021-ci il tarixdə "ABC-Telecom” Məsuliyyətli Cəmiyyətinə aid olan Kontakt Home44 mağazasından ödəniş edərək "Gorenje GV671C60" modelli qabyuyan avadanlığı almışdır. Evdə təmir işləri aparıldığına görə avadanlıq fevralın sonlarında və ya martın əvvəllərində ona çatdırılmış, mağazanın nümayəndəsi tərəfindən su xəttinə qoşulmuş və elə həmin anda ona zəmanət talonu təqdim olunmuşdur. Avadanlığı cəmi üç dəfə müxtəlif günlərdə işlətdikdən sonra bir daha işləməmişdir. O, şirkətə zəng edib problemi bildirdikdən sonra servisin nümayəndəsi gələrək avadanlığın ilkin müayinəsini apardıqdan sonra platanın sıradan çıxdığını ona bildirmişdir. Bunun mühüm qüsur olduğunu və avadanlığın demək olar ki, yeni olduğunu nəzərə alaraq o, şirkətə zəng edərək avadanlığın dəyişdirilməsini xahiş etdmişdir. Dəfələrlə şirkətə müraciət etdikdən sonra ona bildirildi ki, məhsul yalnız on dörd gün ərzində dəyişdirilə bilər və buna görə ancaq təmir olunmasını təklif etdilər. İddiaçı onların hansı qanuna istinad etdiklərini dedikdə onlar heç bir əsas gətirə bilməmişlər. Şirkətin hüquqşünasına müraciət edərək "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunun 7-ci maddəsinə diqqət yetirməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra servisin nümayəndələri gələrək avadanlığı aparmış və onunla 11.05.2021-ci il tarixli təhviltəslim aktı bağlanmışdır. O, hələ də məsələnin müsbət həll olunacağına ümid etdiyinə görə bir neçə gündən sonra bir daha şirkətə zəng edərək məsələnin nəticəsi barədə məlumat almaq istəmişdir. Bir müddətdən sonra ona bildirildi ki, avadanlığın qüsurunun səbəbkarı iddiaçıdır. O, rəsmi cavab istədikdə onlar iddiçıya bir neçə gündən sonra "Watsapp" mübadilə sistemi vasitəsilə nömrəsinə servis tərəfindən tərtib olunmuş 21.05.2021 tarixli texniki rəy göndərdilər. Rəydə qeyd olunub ki, idarəetmə blokunda maye keçməsi və taxta kəpəyi aşkar olunub və buna görə plata dəyişilməlidir. Zəmanətə daxil olmayan haldır. Suyun və kəpəyin avadanlığın içinə hansı yollarla daxil olmasını şirkətdə və servisdə heç kəs ona başa sala bilməmişdir. Bununla da təmirin xərcinin ödənilməsi təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata əlavə olaraq bildirdi ki, o, qüsurlu avadanlığı cavabdehə təqdim etmişdir. Onlar malın qüsurlu olduğunu qəbul etmiş, lakin qüsurun onun səhvi nəticəsində yarandığını bildirmişlər. Məhkəməyə təqim edilən cavabdehin öz servislərinin verdiyi texniki rəydə qeyd edilmişdir ki, qabyuyan maşının idarəetmə blokunda maye keçməsi və taxta kəpəyi aşkar olunub və buna görə plata dəyişməlidir. Lakin idarəetmə blokuna kəpəyi iddiaçı tərəf salmamışdır. Bu çox əsassız və mənasız bir sənəddir. O, bildirir ki, iddia ərizəsində göstərdiyi hallar və avadanlığın özü elə əsas sübutlardır. Ondan başqa sübutların tələb edilməsi tamamilə əsassızdır. Onun hər hansı bir rəy təqdim etməyə, onun ödənişini etməyə imkanı yoxdur. Bu onun istehlakçı kimi hüquqlarını pozur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623-cü maddəsi malın dəyişdirilməsi adlanır. Bu maddənin 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Həmin Məcəllənin 624-cü maddəsinin tələblərinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Bundan başqa “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi və.s. Lakin sözügedən qabyuyan maşında aşkarlanmış qüsur satıcı deyil istehlakçının günahı səbəbindən baş verdiyindən ona sadalanan hüquqlardan yararlanması imkanı yaradılmır. Həmçinin o, bildirir ki, iddiaçı məhkəməyə əsaslı bir sübut təqdim etməmişdir. Ondan sübutun təqdim edilməsi onun istehlakçı kimi hüquqlarını pozmur. Ondan sübutun tələb edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən nəzərdə tutulmuşdur və bu Mülki prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən onun vəzifəsidir. Beləliklə o, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 18.01.2021-ci il tarixli qəbzdən görünür ki, Gorenje GV671C60 markalı qabyuyan Kontakt home mağazasından 1029,99 manat alınmış və alıcı X2 zəmanət talonu verilmişdir. İş materiallarında olan Təhvil-təslim aktından görünür ki, Gorenje GV671C60 markalı qabyuyan maşın 11.05.2021-ci il tarixdə X2 təhvil verilmişdir. İş materiallarında olan 03.06.2021-ci il tarixli Texniki rəydən görünür ki, Gorenje GV671C60 markalı qabyuyan maşına baxış keçirilmiş, malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq aşkar edilmişdir. İdarəetmə blokunda maye və taxta kəpəyi aşkar olunmuşdur və bu zəmanətə daxil olmayan haldır. Göründüyü kimi iddiaçı iddia ərizəsində avadanlığı eyni modelli yenisi ilə əvəz olunması və 3000 manat dəyərində ona dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün Cavabdehn üzərinə öhdəlik qoyulması ilə əlaqədar qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıran hallara dair məhkəməyə hərhansı bir tutarlı sübut təqdim etməmiş, yalnız təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş alqı-satqı qəbzi, Təhvil-təslim aktı ilə kifayətlənmişdir. Halbuki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə ki, iş materiallarında yalnız cavabdehin nümayəndəsinin təqdim etdiyi texniki rəy mövcuddur. Həmin rəydə də malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlığın aşkar edildiyi, idarəetmə blokunda maye və taxta kəpəyi aşkar olunduğu və bunun zəmanətə daxil olmayan hal olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Həmin Məcəllənin 587.2.2-ci maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir: Həmin Qanunun 7-ci maddəsinin 5-ci bəndinə əsasən, istehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır.Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan, iddiaçı da iddia tələbini əsaslandırdığı hallara dair məhkəməyə hər hansı bir sübutu təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar