Məhkəmə qərarları › İş №2(004)-5751/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5751/2025

26.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5751/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Yasamal rayon qeydiyyat şöbəsi cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü, Sabirabad rayonu, Suqovuşan kəndində anadan olan X3 22 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü X7 iddiaçının anasıdır. O, 22 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbirstanlığında dəfn edilmişdir. Məhrum ananın 22 sentyabr 2024-cü il tarixdə, səhhəti ağırlaşdığından Təcili və X2 Stansiyasının 14 saylı bölməsinin təcili tibbi yardımına zəng edilmiş və həkim briqadası gələrək onu xəstəxanaya aparılmışdır. Daha sonra anası yaxşılaşmış və xəstəxanadan evə təxris olunmuşdur. Evə qayıdarkən təkrar anasının səhhəti ağırlaşmış və növbəti dəfə Təcili və X2 Stansiyasının 14 saylı bölməsinin təcili tibbi yardımına zəng olunmuş, lakin tibbi yardım gələnədək anası vəfat etmişdir. Bununla bağlı Təcili və X2 Stansiyasının 14 saylı bölməsi tərəfindən xx.xx.2024-cü tarixdə verilmiş arayışdan görünür ki, 14 saylı bölmənin həkimi M.Tusi yerinə yetirmiş və 62 yaşlı həkimə qədər ölmüş qadın cinsli meyidi qeyd etmişdir. Ananın dəfnindən sonra onun ölüm haqqında şəhadətnaməsinin alınmasıyla bağlı zərurət olmadığından məşğul olunmamışdır. Lakin hazırda ölüm haqqında şəhadətnamənin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək maneələrin qarşısının alınması üçün zəruridir. Daha sonra iddiaçı, ölüm haqqında şəhadətnamə almaq üçün Yasamal Rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, xx.xx.2025-ci il tarixli imtina məktubu ilə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkanları xaricindədir. Yasamal rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilir” kimi qeyd olunmuşdur. Daha sonra Ərizəçi məhkəməyə ərizə verərək, Yasamal rayon qeydiyyat şöbəsinin əvəzinə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində Ərizəçi onun qardaşı olduğunu, anası X3 uzun müddət böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyini, sonra anasının dialezə düşdüyünü, onu xəstəxanaya apardıqlarını, vəziyyətinin kritik olduğunu, onlara anasının evə aparmalarını bildirdiklərini, anası vəfat edəndə balaca qardaşının orda olduğunu, özünün isə bibisinin yanına getdiyini, anasının 22 sentyabr 2024-cü ildə Maştağada evdə vəfat etdiyini, Əmircanda dəfn edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində Ərizəçi onun qardaşı olduğunu, anası X3 illərdir şəkər xəstəsi, sonra dialez olduğunu, anasını xəstəxanaya apardıqlarını, həkimin onun vəziyyətinin kritik olduğunu, vəfat edəndə yaxınlarının yanında olması üçün evə aparmalarını bildirdiyini, anası vəfat edəndə yanında olduğunu, anasının 22 sentyabrda Maştağada evdə vəfat etdiyini, Əmircanda dəfn olunduğunu bildirdi. İş materiallarında olan Xİ-ЖГ 366127 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1985-ci il tarixində Bakı şəhəri Oktyabr rayonunda anadan olmuş və bu barədə xx.xx.1986-cı il tarixində doğum haqqında akt qeydləri kitabında 154 nömrəsi ilə qeyd olunmuşdur. X1, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsi tərəfindən X5 verilmiş xx.xx.2024-cü il tarixli, 71 nömrəli arayışa əsasən mərhumə bacısı X7 xx.xx.2024-cü ildə vəfat etmişdir. Mərhumə Əmircan qəsəbə qəbirstalığında dəfn edilmişdir. İş materiallarında olan Təcili və X2 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X7 62 yaşında, “Həkiməqədər ölüm. Qadın cinsi. Meyit” ölümün ilkin səbəbi ilə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 21 nömrəli Şəhər Poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 367 nömrəli arayışına əsasən bildirilmişdir ki, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yaşamış 1962-ci il təvəllüdlü X6 poliklinikanın ll şöbəsinə müraciəti olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 3165/815- 3766/25 nömrəli müraciətə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini xahiş etmişlər. İş materiallarında olan fotoşəkildən görünür ki, X6 aid məzar daşının üzərində doğum tarixi 1962-ci il, ölüm tarixi 2024-cü il qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə doğulmuş X3 oğludur. X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar