Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6160/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 17 oktyabr 2025-ci ildə Bakı şəhərində vəfat etməsi ilə əlaqədar onun ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı xx.xx.1961-ci il təvəllüdlü X8 17 oktyabr 2025-ci ildə Badamdar qəsəbəsində yolda olarkən qəfildən vəfat etmişdir. Hadisə yerinə Təcili Tibbi yardım gəlsə də həkimə qədər ölümü baş vermişdir. Mərhum hipertoniya xəstəliyindən əziyyət çəkirdi. Bir neçə dəfə də infarkt keçirmişdir. Onun qəfil ölümü ailəyə ağır təsir etmiş, mərhum adət-ənənələrə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Ondan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat ofisinə müraciət etdikdə mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Mərhum ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsi üçün 19 nömrəli şəhər poliklinikasına müraciət etdikdə rəsmi imtina verilmiş, ölüm faktının 19 nömrəli şəhər poliklinikası ərazisi üzrə ünvanında baş verməməsi, ölümə səbəb olacaq xəstəliklərlə bağlı heç bir tibbi sənədin təqdim edilməməsi, xəstəliklə bağlı poliklinikaya müraciət edilməməsi əsas gətirilmişdir.Mərhumun ölümünün qeydiyyata alınması barədə Yasamal Rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin idarədən ona verilmiş imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydiyyata alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, mərhumda hipertoniya xəstəliyi var idi. Bununla əlaqədar tez-tez təzyiqi qalxırmış və həkimə də müraciət etmiş, dərman təyin edilmişdi. Kamal Hüseynov bir ailədə sürücü kimi işləyirdi. 17 oktyabr 2025-ci il tarixdə səhər tezdən işə getmişdi. Bir müddət sonra müdiri ona zəng edərək yoldaşının təzyiqinin qalxdığını, vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O hazırlaşıb yoldaşının yanına gedəndə yoldaşı artıq maşında keçinmişdi. Məhkəmə iclasında şahid qismində dindilirən Şahid1 ifadəsində bildirmişdir ki, X8 atası olmuşdur. Atasının təzyiqi tez-tez qalxırdı. 17 oktyabr 2025-ci il tarixdə X8 uşağı məktəbə aparacağını demişdi. Müdir də halının yaxşı olmadığını görmüş, sükan arxasına özü keçmişdi. Onun vəfat xəbərini anası vermişdir. Atasının yanına gedəndə onun maşının qabağ sağ oturacağında rəngi saralmış, ağzı açıq vəziyyətdə görmüşdü. Atasını Yasamal qəbiristanlığında dəfn etmişdilər. Məhkəmə iclasında şahid qismində dindilirən Şahid2 ifadəsində bildirmişdir ki, X8 onun qardaşıdır. Vəfatından bir gün əvvəl halı pis olmuşdur və X5 xəstəxanaya aparmışdırlar. Səhəri gün ona zəng edərək X3 vəfat etdiyini bildirmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin lakin maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı, 13172969 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri,Oktaybr rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş İV- ЖГ seriyalı, 327151 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X1 05 noyabr 1986-ci il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 995 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Hüseynov", arvada isə “Hüseynova” soyadı verilmişdir. xx.xx.2025-ci il tairxli 3/1948 saylı Təcili və X7 Mərkəzi “PHŞ” həkiminin Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X8 Bakı şəhəri, Parlament prospekti X2bağında vəfat etmiş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli 19 nömrəli şəhər poliklinikasının rəsmi imtinasından görünür ki, ölüm faktının 19 nömrəli şəhər poliklinikası ərazisi üzrə ünvanında baş verməməsi, ölümə səbəb olacaq xəstəliklərlə bağlı heç bir tibbi sənədin təqdim edilməməsi, qəfləti ölüm, xəstəliklə bağlı poliklinikaya müraciət edilməməsi rəsmi imtinaya əsas gətirilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 21 oktyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, “X3 ölümünün qeydə alınması ilə bağlı 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.” Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 1837 nömrəli, 21 oktyabr 2025ci il tarixli məktubdan görünür ki, X8 Bakı şəhəri, Yasamal rayonu X10 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçinin həyat yoldaşı - 23 yanvar 1961-ci il təvəllüdlü X8 17 oktyabr 2025-ci il tarixdə vəfat etmiş, lakin ölümü haqqında şəhadətnamə əldə edilə bilməmişdir. Ərizəçi ölümün qeydə alınması üçün Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, bundan imtina edilmişdir. Ərizəçiyə ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmişdir. Hazırda ərizəçi 17 oktyabr 2025-ci il tarixdə vəfat edən həyat yoldaşı X3 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən olunur ki, ərizəçinin həyat yoldaşı - 23 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 17 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Yasamal Qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 23 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 17 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 yanvar 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 17 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-6160/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6160/2025
26.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver