Məhkəmə qərarları › İş №2(004)-6201/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6201/2021

28.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6201/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İcbari Sığorta Bürosu X2rşı “əmək haqqı və maddi ziyan tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İcbari Sığorta Bürosu HŞİ-nə qarşı “əmək haqqı və maddi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" Sığorta Şirkətinin ləğvetmə prosesi ilə əlaqədar cəlb olunduğu 3 aylıq müddət ərzində gördüyü işlərə müvafiq olaraq 1350 manat əlavə əmək haqqı məbləğinin, dəymiş maddi ziyanın əvəzi olaraq 850 manat vəsaitin, maddı təzminat üçün 30000 manat vəsaitin və mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 51 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04.01.2019-cu il tarixindən İcbari Sığorta Bürosu X5 ümumi şöbədə çalışır. 22.05.2020-ci il tarixində "xxxx" Sığorta şirkətinə verilmiş lisenziya Mərkəzi Bank tərəfindən ləğv edilmiş və məhkəməyə müraciət edilərək barəsində iflas prosesinə başlanması barədə qərar qəbul edilmişdir. İcbari Sığorta Bürosunun rəhbəri X19 prosesində şirkətin ləğvedicisi qismində təyin olunmuş, ləğvetmə komissiyasının sədri olmuşdur. Ondan əlavə İcbari Sığorta Bürosunun Daxili Audit Xidmətinin rəhbəri Fuad Kələşli də ləğvetmə komissiyasının üzvü qismində məhkəmə qərarı ilə bu vəzifəyə təyin olunmuşdur. Ləğvetmə ilə əlaqədar olaraq Rəşad Əhmədov onu otağına dəvət edərək Fuad Kələşli və Hüquq şöbəsinin müdiri Məhəmməd Həsənlinin yanında bildirmişdir ki, “Siz artıq avqust ayından etibarən İSB-dəki işlərlə yanaşı "xxxx" Sığorta Şirkətinin ləğvetməsi ilə də məşğul olacaqsınız, mənə kömək edin, bu ləğvetmə prosesinin öhdəsindən birlikdə gələk. Bunun müqabilində isə bizə hər ay əlavə əmək haqqı verəcəyik.” O da, belə olan halda bu təkliflə razılaşmış və avqust ayından etibarən gündəlik fəaliyyət kimi "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən ofisinə işə çıxmağa başlamışdır. Ayın tamamında əmək haqqı barədə R.Əhmədova məlumat verdikdə, o, ödənilməli olan məbləğləri ödəməmiş, təhqiredici formada danışaraq digər işçilərin yaninda onun haqqinda etik olmayan sözlər işlədərək şərəf və ləyaqətinə toxunmuşdur. Haqqı olan əmək haqqını ala bilmədiyi və bu dövr ərzində süründürməçiliyə məruz qaldığından maddi təzminat olaraq İcbari Sığorta Bürosundan 30000 manat tələb edir. Bundan sonra ərizə ilə iş yerinə və Əmək Müfətişliyinə müraciət edərək həm dəymiş maddi ziyanın, həm də Əmək Məcəlləsinin 9-cu maddəsinin ə) bəndinin tə əblərinə əsasən ödənilməli olan əlavə əmək haqqı məbləğinin ödənilməsini tələb etmişdi,. icraçı direktor Rəşəd Əhmədov yenə hər dəfə bu məbləğin ödəniləcəyini vəd etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə bu öhdəliyin icrasından boyun qaçırmışdır, Əmək müfəttişliyi isə İSByə verdiyi sorğunun cavabına əsaslanaraq (baxmayaraq ki şahid qismində iş yoldaşları ərizə ilə müraciət etmişdilər) onun müraciətinə cavab vermiş və onun haqqsız olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin ə) bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək işçinin əmək müqaviləsi üzrə əsas hüquqlarından biridir. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir. Ləğvetmə Komissiyasının sədri və üzvləri, eləcə də Standard İnsurance Sığorta şirkətinin ləğvetməsi ilə əlaqədar cəlb olunmuş şəxslər gördükləri işin müqabilində müəyyən əmək haqqı (xidmət haqqı) alırlar. Bundan əlavə, Standard İnsurance ASC-nin ləğvetmə prosesinə cəlb edildiyi müddət ərzində ona aşağıdakı məbləğlərdə əlavə xərc yaranaraq 850 manat məbləğində ziyan dəymişdir. Bu ziyan məbləğinin hesablanmasına çalışdığı müddət ərzində xərclədiyi parking və nahar xərcləri daxildir (Belə ki, İSB-də çalışdığı zaman parking pulsuz olub, Standard Sığortaya gəldikdə isə bu günə 5 manat olmaqla tərəfindən ödənilmişdir, eyni zamanda nahar xərcləri də həmçinin). Rəşad Əhmədov ondan başqa ləğvetmə prosesinə cəlb olunmuş digər əməkdaşlara əlavə əmək haqqı ödəmiş, özü həm İSB-dən, həm də Standard Sığorta Şirkətindən əlavə əmək haqqı almışdır. Gördüyü işlərin bir qismini R.Əhmədova müraciətində qeyd etmişdir:

1. vətəndaşlarla telefonla əlaqə saxlanması;

2. vətəndaşlara ödəniş üçün lazim olan sənədlərin toplanmsı;

3. siğorta ödənişi edilmiş dosyelər üzrə məlumatların Hadisələrin İdarə olunması Sisteminə daxil edilməsi;

4. vətəndaş şikayətləri ilə bağlı vətəndaşların qəbulu;

5. şənbə, bazar günləri olmasına baxmayaraq ödənişlə bağlı vətəndaşlarla görüşüb sənəd götürelmməsi (işdən çıxa bilmədikləri üçün həftə arası). Cavabdeh İcbari Sığorta Bürosu X13 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" Sığorta Şirkəti ASC-nin müflis elan edilməsi barədə ərizəsi Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək ASC “Standard İnsurance" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 17.08.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadı ilə sözügedən şirkətin ləğvetmə komissiyasının üzvlərinin siyahısı rəsdiq edilmişdir (X14 - ləğvetmə komissiyasının sədri,. X10, X3 və X11 - komissiya üzvləri). Hazırda iflas proseduru çərçivəsində ləğvetmədə olan LPO "xxxx" Sığorta Şirkəti ASC-də ləğvetmə tədbirləri və öhdəlikləri davam etdirilir. Göründüyü kimi, sığorta şirkətinə ləğvedici kimi İcbari Sığorta Bürosu deyil, qeyd olunan şəxslər təyin edilmişlər. Bu xüsusat işin mübahisəsiz halıdır. “İcbari Sığorta Bürosu'’ HŞİ Azərbaycan Respublikasında icbari sığorta növlərinin həyata xeçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını, şərtlərini, sığorta münasibətlərinin iştirakçıları arasındakı hüquqi və iqtisadi münasibətləri və s. tənzimləyən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən zərəçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə sözügedən Qanunun 27.1.1-27.1.8-ci maddəsində ehtiva olunan funksiyaların həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləinə uyğun olaraq təsis edilən, X13 kimi yaradılan təşkilat olmaqla istinad edilən Qanunda, eləcə də Nizamnaməsində müəyyən edilmiş məqsəd və vəzifələrinə uyğun funskiyaları həyata keçirir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1.1-ci maddəsinin tələbinə görə sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlıq və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro kompensasiya ödənişi həyata keçirir. “İcbari Sığorta Bürosu” HŞİ-nin iştirakçısı olan hazırda Ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti ASC müflis elan edilməsi səbəbindən ödəmə qabiliyyəti olmamasına görə öhdəliklərini yerinə yetirə bilmədiyindən Büro yuxarıda sözügedən Qanundan irəli gələn funskiyasına uyğun olaraq həmin sığorta şirkəti üzrə kompensasiya ödənişlərini həyata keçirmişdir ki, bu kompensasiya ödənişlərinin həyata keçirilməsi ilə əlaqədar aparılmış bütün işlər Büroda işləyən aidiyyatı işçilərin əmək (vəzifə) funskiyalarına aiddir. Büronun ümumi şöbəsində “kuryer” vəzifəsində işləmiş İddiaçı yuxarıda istinad olunan Qanunun tələblərinə əsasən Büronun funksional vəzifəsi olan kompensasiya ödənişlərinin həyata keçirilməsi zərurəti ilə əlaqədar həyata keçirilən işlərdə kuryer kimi onun həyata keçirdiyi işlər də bilavasitə onun Büroda tutduğu kuryer vəzifəsinin əmək funksiyalarına aid olmuşdur. İstər İddiaçı, istərsə də digər hər hansı bir işçi LPO "xxxx" Sığorta Şirkəti ASCdə həyata keçirilən ləğvetmə tədbirlərinin və öhdəliklərinin icrasına bu və ya digər formada cəlb edilməmişdir. Sözügedən Sığorta Şirkətində ləğvetmə tədbirləri və öhdəlikləri səlahiyyətləri çərçivəsində ləğvetmə komissiyası və həmin sığorta şirkətinin ləğvetmə dövründə fəaliyyətdə olan əməkdaşları vasitəsi ilə həyata keçirilmiş və hazırda da bu fəaliyyət davam etdirilir. Yuxanda sadalanan xüsusatlarla yanaşı, hazırkı iddia üzrə “İcbari Sığorta Bürosu” HŞİ bu və ya digər formada cavabdehlik daşımamaqla, iddiaya cavab verməli olan hüquqi şəxs deyildir. Nəzərə alınması zəruridir ki, hazırda Ləğv prosesində olan "Standard İnsurance” Sığorta Şirkəti ASC-nin ləğvedicisi qismində Büro deyil, fiziki şəxslər komissiya üzvü kimi təyin edilmişlər. Büronun icraçı direktorunun LPO "xxxx" Sığorta Şirkəti ASC-nin ləğvetmə Komissiyasının sədri təyin edilməsi Büronun ləğvetmə komisiyasının üzvü təyin edilməsi anlamına gəlməməlidir. Göstərilənləri nəzərə nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etiraza uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, 4-5 ay vətəndaşların sığorta haqqları ödənilmədiyindən narazı qalan və şikayət üçün büroya gələn vətəndaşlar olmuş və ola bilər ki, iddiaçı hansınınsa qarşısına çıxmışdır. Rəhbərlik tərəfindən iddiaçıya əlavə işlər tapşırılmamış, o ancaq vəzifə borcunu yerinə yetirmişdir. Ola bilər ki, iddiaçı hansısa sənədləri aparıb-gətirmişdir, bu da onun vəzifə səlahiyyətlərinə daxil olmuşdur. Rəşad Əhmədov tərəfindən iddiaçıya heç bir vəd verilməmişdir, belə ki, əlavə əmək haqqı vermək R.Əhmədovun səlahiyyətlərində olmamışdır. İşdən azad olunmuş bir neçə şəxs, o cümlədən, hazırki iş üzrə iddiaçı bu formada məhkəməyə müraciət ediblər və sözləşərək bir-birlərinin şahidliyini edəcəklər. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Standart Sığorta şirkətinin ləğvetmə komisiyasının üzvündən biri olmuş və öz ərizəsi ilə də, işdən ayrılmışdır. Ləğv etmə prosessləri başlayana qədər, müvafiq ödəniş sənədləri yığılırdı. Həmin sənədlərdə natamamlıq olan təqdirdə iddiaçı həmin şəxslərlə əlaqə saxlayaraq həmin sənədləri təmin edirdi. O ləğv etmə komissiyasının üzvü olmuş və komissiyası 4 nəfərdən ibarət idilər. Onlardan biri Standart Sığrta şirkətinin, digəri isə mərkəzi bankın təklif elədiyi şəxs. Rəşad Əhmədov və o, İSB-dən ora getmişdir. 2020-ci ilin avqust ayında orda işləmiş və dekabr ayında oranı tərk etmişdir. Fevral ayından isə məhkəmə qətnaməsi ilə işdən rəsmi ayrılmışdır. İddiaçı da, sentyabr ayından dekabr ayına kimi orada işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçının onun keçmiş iş yoldaşı olmuşdur. İddiaçı İSB-nin əməkdaşı olaraq Standart Sığorta şirkətinin ləğvetmə işində iştirak etmişdir. İddiaçının vəzifəsi kuryer vəzifəsi olmuş. Lakin buna baxmayaraq digər texniki işlərə də cəlb olunmuşdur. Standart Sığorta şirkəti ləğv prosessində olduğundan, onun işçi kvotası azaldılmış, İSB-dən oraya işçilər cəlb edilmişdir. O, özü İSB-də icraçı direktorun müavini işləmişdir. X19 prosessinin rəhbəri olmuş, digər şəxslərdə onun göstərişi ilə ləğvetməyə cəlb edilmişdir. Ora işə cəlb edilmiş şəxslərə əlavə olaraq mükafat veriləcəyi bildirilmiş, bu səbəbdən də bəzi şəxslər İSB-dən əlavə olaraq orada işləmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizəsi təmin edilərək, ASC "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.08.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadının surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin siyahısını təsdiq olunmaq məqsədi ilə məhkəməyə təqdim etmiş, siyahıda qeyd edilən şəxslərin ləğvetmə komissiyasının üzvləri qismində təsdiq edilməsini xahiş etmişdir. Qərardadla ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir:

1. X14 - ləğvetmə komissiyasının sədri,

2. X12 - ləğvetmə komissiyasının üzvü,

3. X3 - ləğvetmə komissiyasının üzvü,

4. X9 - ləğvetmə komissiyasının üzvü. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X17 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış 11.02.2021-ci il tarixli **********9 saylı cavab məktubundan görünür ki, "İcbari Siğorta Bürosu tərəfindən əmək hüquqlarının pozulması barədə iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, “İcbari Siğorta Bürosu"-nun rəhbərliyinin X17 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi sənədlərdə onun, 03.01.2019-cu il tarixdən hal-hazıradək müəssisənin ümumi şöbəsində kuryer vəzifəsində çalışdığı, əmək müqaviləsinə xitam verilmədiyi, həmçinin 2020-ci ilin noyabr ayının 12-30 tarixlərində əmək məzuniyyətində olduğu məlum olmuşdur. “İcbari siğortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 32-ci maddəsinə əsasən, siğortaçı bağladığı icbari siğorta müqavilələri üzrə əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata Keçirilməsi Büro tərəfindən kompensasiya ödənişi verilir. Ləvğetmə prosesində olan ASC 'Standart İnsurance” siğorta şirkətində siğorta ödənişlərinin kompensasiya edilməsi Büronun əsas vəzifəsi olduğundan, həmin siğorta şirkətinin ləvğ edilməsi və iflas proseduruna məruz qalması ilə əlaqədar Büronun bir çox işçiləri kimi ərizəçinin əmək müqaviləsi ilə üzərinə düşən kuryer (vətəndaşlardan sənədləri qəbul edərək müvafiq struktur bölmələrinə təhvil vermək, sənədləri ASC “Standart İnsurance” siğorta şirkətində Büroya çatdırmaq və kommersiyalar üzrə ödəniş tapşırıqlarını Azərpoçta aparmaq) işlərini iş saatınızın (7 saat) müəyyən bir hissəsində yerinə yetirdiyi Büronun rəhbərliyi tərəfindən təqdim olunmuş məktublarda bildirilmişdir. Müraciətində və X17 Xidmətinin Bakı səhər İdarəsinə təqdim etdiyi izahatında qeyd etdiyi Büronun rəhbərliyi tərəfindən 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında ASC “Standart İnsurance” siğorta şirkətində əlavə işlərə cəlb olunmasına dair məlumatlarla Büronun rəhbərliyi tərəfindən təqdim olunmuş məktublar arasında ziddiyyət yarandığından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin tələblərinə əsasən müəssisə ilə aralarında yaranmış fərdi əmək mübahisənin həlli məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. “İcbari Sığorta Bürosu” X6 27.10.2021-ci il tarixli, 011541 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 03.01.2019-cu il tarixindən 10.09.2021-cil tarixinədək İcbari Sığorta Bürosu HŞİ-nın Ümumi Şöbəsinin kuryeri vəzifəsində çalışmışdır. Büroda işlədiyi müddət ərzində ona hesablanıb ödənilmiş mükafatlar barədə məlumatlar arayışa əlavə olunmuşdur. X1 tərəfindən tərtib olunmuş 06.09.2021-ci il tarixli, 001/09/2021 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə 06.09.2021 tarixində, 10:30 11:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İcrabi Sığorta Bürosunun nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 57-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 57-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. 116.1-ci maddəsinə əsasən Sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmə qərarı qəbul edildikdən və ya müflis elan olunduqdan sonra 30 iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanı məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin siyahısını təsdiq olunmaq üçün məhkəməyə təqdim etməlidir. 116.2- ci maddəsinə görə məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası yaradıldığı tarixdən etibarən müvəqqəti inzibatçının səlahiyyətləri həmin komissiyaya keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 27-ci maddəsinə əsasən İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X13 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 32.1-ci maddəsinə əsasən əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin, qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 03.01.2019-cu il tarixindən 10.09.2021-ci il tarixinədək İcbari Sığorta Bürosu HŞİ-nın Ümumi Şöbəsinin kuryeri vəzifəsində çalışmışdır. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkəti müflis elan edilmiş, 17.08.2020-ci il tarixli, e- 2-2(113)-1575/2020 saylı qərardadı ilə X14 ləğvetmə komissiyasının sədri, X12, X3 və X9 ləğvetmə komissiyasının üzvləri qismində təsdiq olunmuşdur. İcbari Sığorta Bürosu X13 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 27 və 32.1.1-ci maddələrinin tələblərinə əsasən ASC "xxxx" Sığorta Şirkəti müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədiyindən, kompensasiya ödənişlərinin verilməsini həyata keçirmiş, müflis elan olunmuş sığorta şirkətinin ləğvetmə prosesi üzrə heç bir fəaliyyəti həyata keçirməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda İddiaçı iş üzrə cavabdeh qismində cəlb etdiyi İcbari Sığorta Bürosu HŞİ-nin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulması, Büro tərəfindən ləğvetmə prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin ləğvi ilə bağlı fəaliyyətə cəlb olunması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə iddiaçı tərəfində şahid qismində dindirilmiş şəxslərin ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, hazırda eyni iddia tələbləri ilə məhkəməyə müraciət etmiş və eləcə də, cavabdeh qurumun keçmiş əməkdaşları olmuş şəxslərin ifadələri qərəzli olmaqla mötəbər sübut növü kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, İcbari Sığorta Bürosu HŞİ müflis elan olunmuş sığorta şirkətinin ləğvetmə prosesi üzrə heç bir fəaliyyəti həyata keçirmədiyi sübuta yetirildiyindən, iddiaçının ona qarşı hazırki tələblə çıxış etmək hüququ da yaranmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh İcbari Sığorta Bürosu HİŞ-nə qarşı “əmək haqqı və maddi ziyan tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar