Məhkəmə qərarları › İş №2(004)-6202/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6202/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6202/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının qeydə alınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 dekabr 1943-cü il təvəllüdlü X5 02.02.1997-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirdi. O, 1997-ci il tarixdə rəhmətə getmişdir və Bərdə rayonu şəhidlər qəbirsanlığında dəfn olunmuşdur. Bakı şəhəri Maraqlı şəxsnə atasının ölüm şəhadətnaməsinin alınması üçün müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçinin müraciətini təmin etməmişdir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Atasının ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin dayısı X6 ifadəsində göstərdi ki, qaynı ürək xəstəliyindən əziyyət çəkirdi. Bakıda uzun illər kirayə mənzilədə yaşayıbdır. Dəqiq xatirində olduğunu qeyd edərək bildirdi ki, 1997-ci il fevralın 2-i işdə olarkən mərhumun halının pisləşməsi baradə xəbər aldı. 2 fevral 1997-ci ildə rəhmətə getdi və dəfn olunması üçün Bərdə rayonuna apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 qonşusu X1 ifadəsində göstərdi ki, 30 ilə yaxın mərhumla qonşu olmuşdur. 02 fevral 1997-ci il tarixdə rəhmətə getmiş və dəfn üçün Bərdə rayonuna aparılmışdır. Yaxın qonşu kimi dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin xalası oğlu və eyni zamanda yeznəsi X2 ifadəsində göstərdi ki, mərhum ürək xəstəliyindən uzun müddət əziyyət çəkirdi. 02 fevral 1997-ci il tarixdə özünündə qayınatası gildə olduğunu, onun halının pisləşdiyini və təcili tibbi yardım gəldiyini bildirdi. X10 02 fevral 1997-ci il tarixdə dünyasını dəyişdi və dəfn olunması üçün Bərdə rayonuna aparıldı. Yaxın qohum kimi dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X4, anası X3r. İş materiallarında olan 648888 nömrəli Sovet Sosialist Respublikası İttifaqı vətəndaş pasportundan görünür ki, X10 15.12.1943-cü ildə anadan olmuşdur. İş materiallarında olan 01.09.2021-ci il tarixli, 05/Q-1651/69 saylı Bakı şəhəri Maraqlı şəxs arayışından müəyyən olunur ki, X10 barəsində 01.09.2021-ci ilədək yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 24.08.2021-ci il tarixli, 04 nömrəli Bərdə şəhəri “İmamzadə” məscidi dini icması tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X10 02.02.1997-ci il tarixdə vəfat edib. Bərdə rayonu şəhidlər qəbirsanlığının şərq hissəsində dəfn edilib. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 01.09.2021-ci il tarixli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X5 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndalıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan 19 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş rəsmi imtina məktubundan görünür ki, ünvan 2 ünvanında yaşamış X7 ölüm haqqında şəhadətnamənin verilməməsinin səbəbləri: ölümünə səbəb ola biləcək xəstəliklər barədə heç bir tibbi sənədin olmaması və təqdim edilməməsi, meyidi təsdiq edən həkim rəyinin olmaması və 1997-ci il tarixində rəhmətə getmiş şəxsə poliklinikanın ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməsi, çünki poliklinika ölüm tarixindən 3 gün ərzində ölüm haqqında tibbi şəhadətnamə tərtib edir. İş materiallarında olan qəbirüstü fotoşəkillərdən görünür ki, X5 1947-ci ildə anadan olduğu və 02 fevral 1997-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 31.08.2021-ci il tarixli, 4990 saylı arayışdan müəyyən olunur ki, X10 həqiqətən Bərdə şəhəri, A.Əhmədov küçəsi, 2 nömrəli evdə yaşamışdır. 02.02.1997-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 15.12.1943-cü il tarixdə anadan olmuş X5 02.02.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 15.12.1943-cü il tarixdə anadan olmuş X5 02.02.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar