Məhkəmə qərarları › İş №2(004)-63/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-63/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-63/2024 10.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 adlanan klinikada İddiaçı üzərində mədə kiçiltmə cərrahi əməliyyatı icra olunmuş (həkim Cavabdeh2) və əməliyyatın nəticəsində iddiaçının sağlamlığına ciddi zərər yetirilmişdir. Belə ki, əməliyyatdan sonra, iddiaçıda şiddətli ağrılar başlamış, sonra başqa klinikada aparılmış müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının cərrahiəməliyyat nəticəsində 75-80 faiz mədəsi çıxarılmış, yerdə qalan 20% mədədə əmələ gəlmiş yırtığa görə mədəsi qısalmış və xoralar əmələ gəlmiş, qida borusunda da xoralar yaranmış, öd kisəsində 3 ədəd böyük daşlar əmələ gəlmişdir. İddiaçının Türkiyə Respublikasında müayinələri nəticəsində müəyyən edilmişdir ki, sonuncunun üzərində yenidən cərrahi əməliyyatın aparılması labüddür. İddiaçının öd kisəsi çıxarılmalıdır, mədə yırtıqı əməliyyatı və reflü əməliyyatı icra edilməlidir. Hazırda iddiaçı ümumiyyətlə qidalana bilmir. Hər dəfə cüzi qida qəbul etməyə cəhd göstərdikdə qusmağa məcbur olur. Bu günə qədər iddiaçı Türkiyədə 2.900 manat müayinə və başqa xərclərə sərf etmiş, cavabdeh klinikada fəaliyyət göstərən həkim Cavabdeh2 əməliyyat üçün 5.000 manat vermiş, əlavə olaraq 145 manat (2 dəfə) endoskopi etdirilmiş, cəmi 290 manat, dərmanlara 200 manat xərclənmişdir. Bundan sonrakı əməliyyatlara da, təxminən 10.000 ABŞ dolları məbləğində xərc tələb olunur. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına 15 dəqiqə gecikəcəyini bildirmiş, lakin, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Vəkil əvvəlki məhkəmə iclaslarına da gecikməsi nəzərə alınmaqla məhkəmə iclasının vaxtında başlanılmasını tələb etmişdir. Məhkəmə tərəfindən 15 dəqiqə gözlənilməsinə baxmayaraq Vəkil saat 14:52-də məhkəmə zalına (məhkəmə iclası 15:30-a təyin edilməklə həmin vaxt başlanılmışdır) gəlmişdir ki, həmin vaxt da növbəti (digər) məhkəmə iclasları davam etdirilmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 527/KEŞ nömrəli rəyinə əsasən ekspert qarşısına qoyulmuş 6 (altı) sual cavablandırılmışdır (rəy iş materiallarında olduğundan məhkəmə qətnamənin genişləndirilməməsi üçün rəyin nəticə hissəsini qərardada köçürməyi zəruri hesab etmir). İş materiallarına müvafiq tibbi sənədlər əlavə edilmişdir. İş materiallarına cavabdeh həkim Cavabdeh2 "xxxx" MMC ilə əmək müqaviləsi, sertifikasiya şəhadətnaməsi, diplomu və tibbi fəaliyyətə dair hüquq müəyyən edici digər sənədlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1112-ci maddəsinin tələblərinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1113.1-ci maddəsinin tələblərinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin tibbi bilikləri olmadığından iddiaçı tərəfindən digər əsaslı sübutlar təqdim edilməməsi xüsusatını nəzərə alaraq mülki iş üzrə müvafiq ekspertiza rəyinin əsaslandırma və nəticə hissəsini mötəbər hesab etməklə sözügedən qərar qəbul edərkən rəyə istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 527/KEŞ nömrəli rəyinə əsasən əməliyyat üzrə cavabdehlər həkim və tibb müəssisəsinin təqsiri istisna edilir və müəyyən edilir ki, cavabdehlərin tibbi hərəkətləri qüvvədə olan tələblərə uyğun həyata keçirilmişdir. Ola bilər ki, iddiaçının səhhətində hazırda hər hansı tibbi problemlər mövcuddur. Lakin, bunların məhz cavabdehlərin təqsiri (klinikaya münasibətdə obyektiv təqsir) nəticəsində yaranması iş materiallarına əsasən sübuta yetirilmir, həmin problemlərin həqiqətən mövcudluğu və mövcuddursa da həyata keçirilmiş sözügedən tibbi əməliyyatın nəticəsi olması, aralarında birbaşa və ya dolayı səbəbli əlaqənin olması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə 2-ci dispozitiv şərtin mövcud olması ehtimalını (prezumpsiya) nəzərə alsaq belə, 1 və 3-cü dispozitiv şərtlər yerinə yetirilmir. Odur ki, cavabdehlərin məsuliyyətinin maddi hüquqi əsası mövcud deyildir. İddiaçı tərəfindən iddia tələbinin faktiki və hüquqi əsasları barədə mötəbər sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükünün hazırki situasiya tam şəkildə cavabdehin üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və sübuta yetirilmədiyindən təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Eelektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar