Məhkəmə qərarları › İş №2(3-9)-853/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-853/2026

22.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-853/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İmişli Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddia icraatı qaydasında baxıb MÜƏYYƏN ETDİ: Cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək vurulmuş zərərin ödənilməyən hissəsinin əvəzi olaraq 7300 manat və 93 manat məbləğdə dövlət rüsumunun tutularaq ona verilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh # ###### 2025-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi “Mercedes Benz ML 270 CDİ” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu Telişli kəndi istiqamətində hərəkət etmək üçün ikinci dərəcəli yoldan baş yola çıxaraq onun idarə etdiyi “Ford Transit” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilinə yol verməyərək hərəkətini davam etdirmiş və nəticədə idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə onun idarə etdiyi avtomobilin ön tərəfi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı cavabdehin idarə etdiyi avtomobilin ön sərnişin oturacağında olan sərnişin X1 vəfat etmiş, onun avtomobilinə isə 12355 manat məbləğdə maddi ziyan dəymişdir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Hadisə nəticəsində onun avtomobilinə 12355 manat məbləğdə maddi ziyan dəymiş və həmin ziyanın 5000 manat hissəsi sığortaçı tərəfindən ona ödənilmişdir. Zərərin qalan hissəsi isə Cavabdeh tərəfindən ona ödənilməli olsa da, o, könüllü ödəməkdən imtina edir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 6410 manat məbləğdə maddi ziyanın və ödənilmiş 85 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hazırkı iddiasını qəbul etmir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun da avtomobili tam yararsız vəziyyətə düşmüşdür. “xxxx” MMC-nin # ###### 2025-ci il tarixli ** nömrəli zərər aktına əsasən onun “Mersedes Benz ML 270 CDİ” markalı ** FG *** dövlət nömrə nişanlı avtomobilinə 6410 manat məbləğdə ziyan dəymişdir. İmişli Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Gülsaba Ağayeva) ilkin iddia qismən təmin edilərək, Cavabdeh ilkin iddia üzrə iddiaçıya vurulmuş ziyana görə 5495 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 75 manat hissəsindən ibarət məhkəmə xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğdə ekspertiza xərcindən ibarət məhkəmə xərcinin 381 manat hissəsinin Cavabdeh, 19 manat hissəsinin İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Mercedes Benz ML 270 CDİ” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Ford Transit” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçının mülkiyyətinə dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərəri “İmişli xxxx stansiyası” MMC tərəfindən tərtib edilmiş zərər aktı ilə müəyyən edilmiş 12355 manat məbləğin sığorta şirkəti tərəfindən qarşılanmayan 7300 manat hissəsinin ödənilməsini tələb edir, cavabdeh isə onun da zərərə məruz qaldığını bildirir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində ilk iddia üzrə iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. “xxxx” MMC-nin ##.##.2026cı il tarixli ekspert rəyi ilə “Ford Transit” markalı ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləği 11265 manat müəyyən edilmişdir. Məhkəmə “xxxx” MMCnin rəylə razılaşır və qeyd edir ki, hazırkı mütəxəssis rəyinin alınması zamanı ##.##.2025-ci il tarixli zərər aktı nəzərə alınmaqla həmin aktda göstərilən ehtiyat hissələri və təmir üçün tələb olunan xərcin məbləği (avtomaşının ehtiyat hissələrinin pərakəndə satış qiyməti və avtomaşının bərpa olunması üçün təmir xərci) ilə bağlı sual qoyulmuşdur. Yəni həmin rəylə bazarda təşəkkül tapan qiymətlər məhkəmə üçün zəruri olmuşdur. Məhkəməyə daxil olmuş rəylə qüsur aktının müqayisəsi zamanı müəyyən olunmuşdur ki, qüsur aktı ilə avtoehtiyyat hissələrinə və göstərilmiş xidmətlərə çəkilmiş xərcin məbləği rəydə göstərilən məbləğlə bir qismi eyni olmuş, bəzi qismi qüsur aktında yüksək qiymətlə, digər qismi isə aşağı qiymətlə müəyyən olunmuşdur. Məhkəmə qüsur aktında çəkilən xərclərlə bağlı məbləğin iddiada göstərildiyini, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmasını nəzərə alaraq rəydə hər ehtiyat hissəsi və xidmət üzrə müəyyən olunmuş məbləği qüsur aktında göstərilən məbləğlərlə müqayisəli təhlil etmişdir. Rəyin məzmunundan və tədqiqatın aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə qarşılıqlı iddianın dəlillərinə qiymət verərək qeyd edir ki, Cavabdeh təqsirliliyi istinad olunan hökmlə müəyyən olunmuşdur. Həm iddiaçı, həm də cavabdehə məxsus avtonəqliyyat vasitələrinə ziyan dəyməsi halı mübahisəsizdir. Lakin ziyan İddiaçı deyil, Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuşdur. Bu səbəbdən qarşılıqlı iddiaçı tərəfindən cavabdehə yönəlmiş maddi ziyan tələbi ilə bağlı iddia əsassızdır. Bu səbəbdən Cavabdeh dəymiş zərərlə bağlı araşdırma aparılmamışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ilkin iddianın təmin olunması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia üzrə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar İddiaçıdur. Belə ki, hadisənin baş verməsinə səbəb Nəbinin idarə etdiyi avtomobili yüksək sürətlə sürməsi olmuşdur. Sığorta şirkəti tərəfindən İddiaçı avtomobilinə dəymiş ziyan qarşılanmışdır. Hazırda o qanunsuz olaraq şişirdilmiş ziyan məbləği müəyyən edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu hallara qiymət vermədən əsassız olaraq ilkin iddia ərizəsini qismən təmin etmişdir. Hadisə zamanı onun avtomobili tam yararsız vəziyətə düşmüşdür. “xxxx” MMC-nin # ###### 2025-ci il tarixli ** nömrəli zərər aktına əsasən onun “Mersedes Benz” ML 270 CDİ markalı ** FG *** dövlət nömrə nişanlı avtomobilə 6410 manat məbləğdə ziyan dəymişdir. İddiaçı onun avtomobilinə dəymiş 6410 manat ziyanı ödəməlidir. Hazırda məhkəmə onun avtomobilinə ziyan dəyməsinə heç bir hüquqi qiymət vermədən əsassız olaraq qarşılıqlı iddia ərizəsini təmin etməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobil yararsız hala düşmüşdür. Hadisə ilə bağlı aparılmış istintaqın da gedişindən narazıdır və araşdırmanın birtərəfli aparıldığını hesab edir. Hadisə zamanı bir nəfər ölmüş, özü isə ağır xəsarətlər almışdır. Onun başı bu kimi məsələlərə qarışmışdır. Hadisə günü qarşı tərəf heç bir təhlükəsizlik tədbiri görmədən, yüksək sürətlə hərəkət etmiş, idarə etdiyi avtomobilin işıqları isə onun görmə qabiliyyətinə mane olmuşdur. Hadisə ilə bağlı polis tərəfindən qəbul edilmiş qərardan və məhkəmə hökmündən şikayət verməmiş, həmin qərarları mübahisələndirməmişdir. Hazırda maddi vəziyyəti ağırdır, banklara borcları var, həmçinin xəstəxanada onkoloji xəstəlikdən müalicə alan xəstəsi var. Odur ki, göstərilən halların nəzərə alınmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilmədən ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh # ###### 2025-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi “Mercedes Benz ML 270 CDİ” markalı 99 FG 86 dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli rayonu Əliyetməzli kəndindən İmişli rayonu Telişli kəndi istiqamətində getməkdən ötrü “Ağsu-Kürdəmir-Mincivan” magistral yolunda hərəkətə başlamamışdan əvvəl eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkətdə olarkən baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan yol hərəkəti qaydalarının tələblərini pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək, idarə etdiyi avtomobillə İmişli rayonu Telişli kəndi istiqamətində hərəkət etmək üçün ikinci dərəcəli yoldan baş yola çıxaraq sol tərəfindən, yəni İmişli rayonu Telişli kəndi istiqamətindən İmişli rayonu istiqamətində hərəkətdə olan İddiaçı idarə etdiyi “Ford Transit” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib hərəkətini davam etdirmiş və nəticədə idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə onunla əks istiqamətdə hərəkət edən İddiaçı idarə etdiyi avtomobilin ön tərəfi ilə “Ağsu-Kürdəmir-Mincivan” magistral yolunun İmişli rayonunun Əliyetməzli kəndinin ərazisindən keçən hissəsində toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və onun idarə etdiyi avtomobilin ön sərnişin oturacağında olan sərnişin X1 gicgah nahiyəsində hematoma, sol gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişa altına və baş beyin toxumasına qansızma, alt çənə sümüyü proyeksiyasında solda yaralar, sol gicgah nahiyəsində, sol baldırın yuxarı 1/3-nin ön səthində, sağ baldırın yuxarı 1/3-nin iç səthində, sağ diz oynağının ön səthində sıyrıqlar ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, başın küt travması nəticəsində sol gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerdəyişən sınığı və baş beyin toxumasına qansızma səbəbindən ehtiyatsızlıqdan Əhməd Mehdiyevin ölümünə səbəb olmuşdur. Məhkəmə-yol nəqliyyat hadisələri üzrə ekspertizasının ## ##### 2025-ci il tarixli */*** nömrəli rəyindən görünür ki, “Mercedes Benz ML 270 CDİ” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “İmişli xxxx stansiyası” MMC-nin zərər aktından görünür ki, “Ford transit” markalı ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləği 12355 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin ## ###### 2026 cı il tarixli rəyi ilə “Ford Transit” markalı ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləği 11265 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Eyni Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tərkibi hesab edir ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli rəyinə əsasən “Ford Transit” markalı ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 11265 manat müəyyən edilmişdir. Həmçinin “İmişli xxxx Stansiyası” MMC tərəfindən tərtib edilmiş zərər aktında nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 12355 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi rəylə zərər aktını qarşılıqlı əlaqədə qiymətləndirərək dəymiş zərərin məbləğini 10495 manat müəyyən etmiş, sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləği nəzərə almaqla cavabdehin üzərinə düşən zərərin ödənilməli hissəsini 5495 manat müəyyən etmişdir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında adıçəkilən rəy və qüsur aktıın mötəbərliyini və obyektivliyini şübhə altına alan, yaxud onların nəticələrinin düzgünlüyünə əsaslı şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Həmin rəy və akt iş üzrə toplanmış digər sübutlarla uzlaşır və onun etibarlılığını inkar edən sübutlar təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair nəticəsi qanuni və əsaslı olduğundan qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa, məhkəmə tərkibi qarşılıqlı iddianın təmin olunmayan hissəsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunduğu kimi qarşılıqlı iddia üzrə tələb edilən zərər İddiaçı deyil, Cavabdeh təqsirli hərəkətləri nəticəsində yaranmışdır. Bu hal iş materiallarında olan hökm ilə də təsdiq olunur. Belə olan halda, İddiaçı mübahisəli zərərin yaranmasında təqsirli olması müəyyən edilmədiyindən, ona qarşı həmin zərərin ödənilməsi tələbinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianı təmin etməməsi hissəsində də qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 135, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar