Məhkəmə qərarları › İş №2(3-9)-850/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-850/2026

22.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-850/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracitə edərək mülkiyyətində olan “Man TGX 18.440” yük markalı ** SJ *** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində Cavabdeh vurmuş olduğu zərərə görə 8150 manat məbləğdə pulun və ödənilmiş 102 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus “Man TGX 18.440” yük markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün cavabdehə vermişdir. ##.##.2025-ci il tarixdə cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq iddiaçıya məxsus avtomobili vurub əzmiş, nəticədə avtomobilə 8150 manat məbləğdə maddi ziyan vurulmuşdur. Yol polisi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və araşdırmanın nəticəsində cavabdehin hərəkətində İXM-in 327.1-ci maddəsinin tərkibi olduğunu müəyyən olumuş və 40 manat məbləğdə inzibati cərimə olunmuşdur. İddiaçı tərəfindən dəfələrlə cavabdehə dəymiş ziyanın ödənilməsi təklif edilsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək avtomobilə vurduğu ziyanı ödəməmişdir. Cavabdeh iddiaçıya vurulmuş ziyanı ödəməkdən boyun qaçırmışdır. İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 8150 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş 101,5 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğdə ekspertiza xərcindən ibarət məhkəmə xərcinin Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi, Cavabdeh 2,7 manat məbləğdə məhkəmə xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Man TGX-18.440” yük markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan “Man TGX-18.440” yük markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymiş, eyni zamanda Cavabdeh İXMin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində ##.##.2025-ci il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, bu halda iddiaçı zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Yol nəqliyyat hadisəsi baş verən zaman “Man TGX18.440” yük markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olsa da, həmin avtomobil nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə Cavabdeh istifadəsində olmuş, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Man TGX-18.440” yük markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymiş, yəni mülki hüquq pozuntusunu Cavabdeh törətmişdir. Onun təqsirli hərəkətləri nəticəsində İddiaçı mülkiyyətindəki nəqliyyat vasitəsinə zərər dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ##.##.2025-ci il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verməmişdir. İddiaçı dəymiş zərəri “İmişli VAZ Təmir stansiyası” MMC tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmiş 8150 manat məbləğin ödənilməsini tələb edir. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli ekspert rəyi ilə “Man TGX-18.440” yük markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin dəyəri 8280 manat müəyyən edilmişdir. Məhkəmə “xxxx” MMC-nin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun qismən, yəni 8150 manat pulun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilərək həmin hissədə ümumilikdə 2900 manat pulun tutulub iddiaçıya verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçının maşınına qətnamədə qeyd olunan qədər deyil, çox az ziyan dəymişdir. Hadisə baş verən gün yorğun idi və iddiaçıya demişdir ki, bu gün işə çıxmasın. O, isə tələb etmişdir ki, “sən hökmən işə çıxmalısan, yoxsa mənim maşımı reysdən çıxardacaqlar”. Məcbur qalıb işə çıxmışdır və yolda qəfil maşın “oynayaraq” yol qırağında olan maneyəyə dəyərək əzilmişdir. Bundan sonra maşını sürə-sürə İmişli şəhərinə gətirmişdir. Burada usta maşını təmir etmiş və iddiaçı demişdir ki, maşının təmirinə 5800 manat ziyan dəyib və həmin ziyanın yarsını, yəni 2900 manatını ödəməsini bildirmişdir. İddiaçı ilə razılaşmış və bildirmişdir ki, hissə-hissə borcu ödəyəcəkdir. Bundan sonra iddiaçının yanında işləmiş və o pul vəsaiti onun əmək haqqından tutulmuşdur. Bir müddət sonra iddiaçı bildirmişdir ki, “sən bir təkər və bir dənə də maşına bak al, səndən əl çəkim”. O isə bildirmişdir ki, “mənim nağd o qədər pulum yoxdur ki, onları bu saat alım verim”. Bundan sonra iddiaçı belə bir şişirdilmiş ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. İştirakı olmadan işə baxan məhkəmə işi düzgün araşdırmamışdır. Məhkəmə iştirakını təmin etmədiyi üçün sübutlarını təqdim edə bilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ##.##.2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğdə cərimə olunmuşdur. “İmişli Vaz Təmir stansiyası” MMC-nin # ###### 2025-ci il tarixli *** saylı zərər aktından görünür ki, “Man TGX-18.440” yük markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8150 manat məbləğdə zərər dəymişdir. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli ekspert rəyindən görünür ki, “Man TGX-18.440 yük markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin dəyəri 8280 manat müəyyən edilmişdir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tərkibi hesab edir ki, işin birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı əldə edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli ekspert rəyi ilə # #### 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Man TGX-18.440 yük markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin bərpa dəyəri, ehtiyat hissələrinin dəyişdirilməsi və təmir-bərpa işləri daxil olmaqla, ümumilikdə 8280 manat təşkil etdiyi müəyyən olunmuşdur. Adıçəkilən rəy ilə müəyyən edilmiş dəymiş zərərin məbləği birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilmiş 8150 manat məbləğini tam əhatə etdiyindən, iddiaçı tərəf isə öz növbəsində həmin məbləği mübahisələndirmədiyindən qətnamə dəymiş zərərin məbləği hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa, məhkəmə tərkibi məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi, sübut və vəsatətlərinin təqdim edilməsinə şəratit yaradılmamasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, MPM-in 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan məhkəmə bildirişləri, “SMS bildiriş”lər və digər prosessual sənədlərdən açıq şəkildə görünür ki, Cavabdeh məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılmışdır. Ona göndərilmiş bildirişdə prosessual hüquq və vəzifələri, o cümlədən etiraz vermək, sübut təqdim etmək, yazılı izahat və vəsatətlərlə çıxış etmək hüququ izah edilməklə onun müdafiə hüququnun və çəkişmə prinsipindən irəli gələn imkanlarının həyata keçirilməsi üçün kifayət qədər şərait yaradılmış, buna baxmayaraq, o, həmin hüquqlardan istifadə etməmiş və prosesdə fəal iştirak nümayiş etdirməmişdir. Beləliklə, Cavabdeh öz prosessual hüquqlarını həyata keçirməsi üçün zəruri imkanın yaradılması iş materialları ilə öz təsdiqini tapmışdır. Onun məhkəmə iclaslarından xəbərsiz qalmasına və ya sübut təqdim etmək imkanından məhrum edilməsinə səbəb ola biləcək hər hansı üzrlü və ya əsaslı hal müəyyən olunmur. Əksinə, məhkəmə bildirişləri, habelə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi İmişli şəhəri Ə.Vahid küçəsi ev 47 ünvanına, SMS bildirişlər isə həmin şikayətdə qeyd etdiyi əlaqə telefon nömrəsinə göndərilmişdir. Bu səbəbdən çəkişmə prinsipinin pozulmasına, sübutların toplanmamasına və işin birtərəfli araşdırılmasına dair istinadlar məhkəmə tərkibi tərəfindən əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş məhkəmə xərcləri şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar