Məhkəmə qərarları › İş №2(004)-6336/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6336/2024

12.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6336/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla mediasiya nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (açar sözlər: mediasiya nəticəsində barışıq sazişi, aidiyyəti üzrə göndərmə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Pərvin Asif oğlunun katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla mediasiya nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Bakı 13 saylı Mediasiya Təşkilatında "xxxx" MMC və Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01077 nömrəli barışıq sazişi bağlanmışdır.

2. Sazişin şərtlərinə əsasən: “- 1. Mübahisə predmetini Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, AV14-SP10 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə, xx.xx.2014-cü il tarixli, SP14-HM6 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə, xx.xx.2019-cu il tarixli, 20 nömrəli və xx.xx.2019-cu il tarixli, 21 nömrəli müqavilədən kənar "xxxx" MMC tərəfindən görülən işlərə və göstərilmiş xidmətlərin təhvil-təslim edilməsi və əvəzinin ödənilməsi təşkil edir.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-239/2024 nömrəli qərardadı ilə təstiq edilmiş barışıq sazişinin 1.2-ci bəndinə bəndinə əsasən könüllü mediasiyada iştirak edərək, Tərəflər razılaşır ki, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 12 may 2023-cü il tarixli, 4733 nömrəli AKT-da, eyni zamanda kompleks məhkəmə-mühəndis texniki və məhkəmə mühasibatlıq ekspertizasının 12 fevral 2024-cü il tarixli, 9/101xx-xx/9995 nömrəli ekspert rəyində görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmini qəbul edirlər.

3. Tərəflər razılaşır ki, keçirilmiş kompleks məhkəmə-mühəndis texniki və məhkəmə-mühasibatlıq ekspertizasının 12 fevral 2024-cü il tarixli, 9/101xx-xx/9995 nömrəli ekspert rəyində göstərilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Ərizəçi MMC arasında "xxxx" MMC tərəfındən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə aralarında imzalanmış qeyd olunan müqavilə və razılaşmalarda göstərilməmiş, lakin "xxxx" MMC tərəfindən faktiki olaraq yerinə yetirilmiş hazırkı bazar qiyməti nəzərə alınmaqla 12163044,68 manat kimi qiymətləndirilmiş tikinti-təmir işlərinin hazırkı bazar qiymətini nəzərə alınmadan dəyərinin Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli, 22/1472 nömrəli məktubuna və ona qoşma cədvəllərə əsasən 5721957,54 manat (ƏDV daxil olmasını qəbul edirlər.

4. Tərəflər razılaşır ki, 1 ay ərizində Ərizəçi MMC bu işlərlə bağlı müvafiq təhviltəslim sənədlərinin hazırlanmasını və təqdim edilməsini, Müdafiə Nazirliyi isə həmin sənədlərin təstiq edilməsini öz öhdəliyinə götürürlər.

5. Tərəflər razılaşır ki, Müdafiə Nazirliyi bu sazişin 4-cü bəndində qeyd edilmiş məbləği, sazişin 5-ci bəndində qeyd edilmiş sənədlərin Ərizəçi MMC tərəfindən təqdim edildiyindən sonra həmin işlərlə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə vəsaiti ayrılan kimi 5 iş günü müddətində ödənilməsini öz öhdəsinə götürür.

6. Tərəflər razılaşır ki, bu saziş imzalandıqdan və icra edildikdən sonra sazişdə qeyd edilmiş işlər və xidmətlərlə bağlı tərəflər bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcək.” İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

3. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında 23 iyul 2024-cü il tarixdə bağlanmış MŞB/13/2024-01077 nömrəli barşıq sazişinin təsdiq edilməsi və barışıq sazişinin məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizənin əsaslarına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri ilə İndra Sistemas S.A. və Consolidated Equipments şirkətləri arasında 2014-cü ilin oktyabr və dekabr aylarında imzalanmış, AV14-SP10, SP14-HM6, FR-30-53 müqavilələr üzrə hərbi hissələrdə tikinti-quraşdırma işlərinin görülməsi nəzərdə tutulsa da, həmin müqavilələr üzrə qeyd olunan şirkətlər onlara həvalə edilmiş işləri vaxtında icra etmədikləri üçün həmin müqavilələr üzrə işlərin davam etdirilməsi məqsədi ilə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ərizəçi "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, AV14-SP10 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə, xx.xx.2014-cü il tarixli, SP14-HM6 nömrəli, xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə, xx.xx.2014-cü il tarixli, FR-30-AZ-53 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə, xx.xx.2019-cu il tarixli, 20 nömrəli və xx.xx.2019-cu il tarixli, 21 nömrəli müqavilələr imzalanmışdır. FR-30-AZ-53 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavəyə uyğun olaraq 16132953,82 manat işlər vaxtında icra edilmiş, razılaşmada nəzərdə tutulmuş işlərin təxminin 99%-i yerinə yetirilmiş və ödənişlər də vaxtında icra edilmişdir. xx.xx.2014-cü il tarixli, AV14-SP10 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə üzrə "xxxx" MMC tərəfindən 13829025,25 manat dəyərində işlər görülsə də, həmin məbləğin 12940004,28 manat hissəsi şirkətə ödənilmiş, 889020,97 manat hissəsi bugünə kimi ödənilməmişdir. SP14-HM6 nömrəli, xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə üzrə "xxxx" MMC tərəfindən 35107090,26 manat dəyərində işlər görülsə də, həmin məbləğin 32810972,92 manat hissəsi şirkətə ödənilmiş, 2296117,34 manat hissəsi isə bugünə kimi ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, 20 nömrəli müqavilə üzrə "xxxx" MMC tərəfindən 2852686,03 manat işlər görülsə də, həmin məbləğin ******* manat hissəsi şirkətə ödənilmiş, 752686,03 manat hissəsi isə bugünə kimi ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, 21 nömrəli müqavilə üzrə "xxxx" MMC tərəfindən bütün işlər görülsə də, həmin məbləğin ******* manat hissəsi şirkətə ödənilmiş, 980000 manat hissəsi isə bugünə kimi ödənilməmişdir. Göründüyü kimi, rəsmi müqavilə və yazılı razılaşmalara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "xxxx" MMC arasında HHQ-ya və digər hərbi hissələrə məxsus obyektlərdə müxtəlif təyinatlı avadanlıq və qurğuların quraşdırlması və tikintisi məqsədi ilə görülmüş işlərə görə cəmi 4917824,34 manat vəsait bugünə kimi şirkətə ödənilməmişdir. Bununla bağlı ərizəçi tərəfindən Bakı Kommesiya Məhkəməsində iddia qaldırılmış və həmin məhkəmənin gedişində qeyd olunan xüsusatla bağlı tərəflər arasında barışıq sazişi imzalanaraq məhkəmə tərəfindən təsdiq edilmişdir. Ərizəçi "xxxx" MMC tərəfindən göstərilən yazılı müqavilələr və razılaşmalardan başqa Müdafiə Nazirliyinin tapşırığı ilə şifahi razılaşmalar əsasında "xxxx" MMC tərəfindən 2020- 2021-ci illərdə cavabdeh Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin və N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə külli miqdarda dəyəri olan əlavə tikinti-quraşdırma işləri görülmüş, xidmətlər göstərilmişdir. Qeyd olunan işlərin görülməsi, xidmətlərin göstərilməsi, 12 may 2023-cü il tarixli Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin və N nömrəli hərbi hissənin tabeliyində olanm hərbi hissələrdə külli miqdarda dəyəri olan əlavə tikinti-quraşdırma işləri görülmüş, xidmətlər göstərilmişdir. Qeyd olunan işlərin görülməsi, xidmətlərin göstərilməsi 12 may 2023-cü il tarixli Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin və N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə "xxxx" MMC şirkəti tərəfindən əlavə görülmüş işlərin yoxlanılmasına dair tərtib olunmuş və Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi vəzifəsini icra edən Qalib Əliyev tərəfindən təsdiq edilmiş 4733 nömrəli aktla öz təsdiqini tapmışdır. Həmin aktda göstərilən MMC tərəfindən görülmüş işlər, göstərilmiş xidmətlərin dəyərinin Müdafiə Nazirliyi ilə MMC arasında xx.xx.2024-cü il tarixdə 13 saylı Mediasiya Təşkilatında imzalanmış MŞB/13/2024-01077 nömrəli barışıq sazişinə əsasən 5721957,54 manat (ƏDV daxil) olması qəbul edilmişdir. MŞB/13/2024-01077 nömrəli barışıq sazişinə əsasən MMC tərəfindən görülmüş işlərlə bağlı təhvil-təslim sənədləri Müdafiə Nazirliyinə təqdim olunsa da, Müdafiə Nazirliyi görülmüş işlərin dəyərini bu günə kimi ödəməmiş, sazişin şərtlərini icra etməmişdir. Barışıq sazişi bağlanıldığı vaxtdan hazırkı vaxtadək maraqlı şəxs tərəfindən ərizəçiyə hər hansı ödəniş edilməmişdir.

b) iddia tələbinə etiraz

5. İddia tələbinə etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştirakçılarının izahatları

6. Ərizəçinin vəkili və nümayəndəsi işin məhkəmə aidiyyəti üzrə düzgün verildiyini bildirib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi işin aidiyyəti üzrə göndərilməsinə etiraz etməmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Maddə 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir; Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarı: “23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.”

Məhkəmənin mövqeyi

10. İş materiallarından görünür ki, hazırkı iş üzrə tərəflərdən ərizəçi "xxxx" MMC kommersiya hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. MMC ********** VÖEN əsasında fəaliyyət göstərir. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə dövlət orqanıdır.

11. Mübahisənin predmeti ərizəçinin əmlak xarakterli mənafeyidir.

12. Hüquq münasibəti xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. O baxımdan ki, tərəflər arasındakı münasibətlər ərizəçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, tərəflər arasında işlərin görülməsi barədə yazılı və şifahi razılaşmalar olmuş, bu razılaşmalar əsasında xidmətlər göstərilmişdir.

13. Göründüyü kimi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri baxımından hazırkı mübahisə kommersiya xarakterli mübahisədir. Bu şərtlər daxilində isə, tərəflərdən biri dövlət orqanı olsa belə Ali Məhkəmə Plenumun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən işə kommersiya məhkəməsində baxılmalıdır.

14. Belə ki, dövlət orqanı hazırkı kazusda da olduğu kimi mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində işlərin və xidmətlərin görülməsi ilə bağlı sahibkarlıq subyekti ilə mülki hüquqi əqdlər bağlamış, mübahisə də bu əqdlərdən meydana gəlmişdir.

15. Məhkəmə hesab edir ki, hazırkı iş Mülki Prosessual Məcəllədə baxılmasının spesifik proseduru müəyyənləşdirilmiş xüsusi icraat qaydasında baxılmalı olan işlər kateqoriyasına aid olsa belə, eyni ilə iddia icraatı qaydasında baxılmalı olan işlərdə məhkəmə aidiyyətinin yoxlanması meyarları bu işə də tətbiq edilməli, yoxlama nəticəsində yuxarıdakı əsaslar üzrə iş baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir.

16. Mediasiya proseduru nəticəsində bağlanmış barışıq sazişin məhkəmə qaydasında təsdiq olunmasına dair işlərdə məhkəmənin yoxlma sərhədləri yalnız prosessual aspektlərlə məhdudlaşsa belə, kommersiya mübahisələrinin məhkəmə aidiyyətinə uyğun olaraq, kommersiya elementli xüsusi icraat işlərinin də ixtisaslaşmış baxışdan keçməsini təmin etmək qanunvericiliyin məqsədinə uyğundur.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin “ərizəçi "xxxx" MMC-nin ərizəsinə dair (maraqlı şəxslər Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iş üzrə 16 yanvar 2023-cü il tarixli, 2(102)-642/2023 nömrəli qərarında da kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, MPM-in 25.2 və 26.2-ci maddələrində xüsusi icraat işləri ilə bağlı kommersiya məhkəmələri tərəfindən baxılan işlər sırasında MPM-in 40-7-ci fəsli əks olunmasa da, Məcəllənin 26.1-ci maddəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələri (kommersiya mübahisələrini) kommersiya məhkəmələrinə aid etmişdir. Digər tərəfdən MPM-in 26.2-ci maddəsi xüsusi icraat qaydasında kommersiya məhkəmələri tərəfindən baxılan konkret icraat növlərini sadalamaqla yanaşı, qanunla onların səlahiyyətlərinə aid edilən digər işləri də kommersiya məhkəmələrinin səlahiyyətinə aid etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ki, “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat” başlıqlı 40-7-ci fəsil MPM-ə 26.2-ci maddəsinin sonuncu redaksiyasının qəbul edilməsindən sonra – xx.xx.2021-ci il tarixdə əlavə olunmuşdur. Məhkəmə tərkibi qeyd olunanları, habelə işlərin məhkəmə aidiyyəti üzrə bağlı qanunvericinin əsas götürdüyü prinsipləri, məqsəd və meyarları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, kommersiya subyektləri arasında kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalıdır.

18. Beləliklə, məkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, kommersiya subyektlərinin tərəf olduğu kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalı olduğundan, hazırki ərizə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla mediasiya nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar