Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6846/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum qardaşı, İİ qrup əlil X9 onunla birlikdə ərizədə qeyd etdiyi ünvanda yaşamışlar. Ərizəçinin 1966-cı il təvəllüdlü qardaşı Xasay, həyat yoldaşı X2 xx.xx.2025-ci il tarixdə, Yasamal rayon Məhkəməsinin qətnaməsi 2(004)-1294(2025) ilə rəsmi boşanaraq nikah şəhadətnaməsinə xitam verilmişdir. Ərizəçinin mərhum qardaşı 2012-ci ildən psixiatrik xəstəliyə düçar olandan ərizəçinin himayəsində yaşamış, sadəcə, xəstəliyi ağırlaşdığı vaxtlarda psixiatrik dispanserlərdə müalicə almışdır. Müntəzəm olaraq müalicə dərmanlarının bir qismi rəsmi olaraq (etibarnamə ilə) ərizəçi tərəfindən apteklərdən alınmışdır. 2022-ci ilin iyul ayından rəhmətə getdiyi günə qədər evdən heç bir yerə çıxmamışdır. Yalnız dərmanların hesabına yaşamışdır. Ölümündən bir neçə ay əvvəl ərizəçi bir neçə dəfə təcili-tibbi yardıma müraciət etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə saat 04:00-05:00 radələrində yaşadıqları ünvana təcili-tibbi yardım çağırmış və həkim briqadası ərizəçinin qardaşının evdə rəhmətə getdiyinin şahidi olmuşlar və ölüm haqqında xəbərdarlıq vərəqəsini ərizəçiyə təqdim etmişlər. Bu vərəqə ilə ərizəçi 39 saylı poliklinikaya “Ölüm şəhadətnaməsi”nin hazırlanması ilə bağlı müraciət etsə də, “imtina” cavabı almışdır. Daha sonra qeydiyyat ünvanı üzrə Qeydiyyat şöbəsi olaraq 2 saylı Bakı “Asan Xidmət” mərkəzinə müraciət etməli olmuş və bir daha məhkəməyə müraciət etmək məcburiyyətində olduğunu ərizəçiyə rəsmi olaraq bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, mərhum qardaşı şizofreniya xəstəsi olmuşdur. O, yatdığı yerdə vəfat etmişdir. Mərhum vəfat edəndə ərizəçi evdə tək olmuşdur. Ərizəçinin oğlunun kirvəsi, qonşular mərhumun cənazəsini görmüşdür. Onlar dəfndə də iştirak etmişlər. Mərhum Binəqədi qəsəbəsinin təzə kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhumun qəbir daşı yoxdur. Maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, ərizəyə etiraz etmədiklərini və məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 "Bakı Baş Səhiyyə Mərkəzi" X17 39 Nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi Kamal oğluna ünvanlanmış 15 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, qardaşı ünvan 3 ünvanında qeydiyyatda olmuş və yaşamış xx.xx.1966-cı il təvəllüdlü X9 2012-ci ildən "Şizofreniya” diaqnozu ilə Psixiatrın qeydiyyatında olmuşdur. xx.xx.2025-ci il tarixdə məlum olmayan ölüm baş vermişdir. TTTYS 2 saylı bölmənin həkimi tərəfindən "Kişi cinsli meyit" diaqnozu qoyulmuşdur. Odur ki, ölüm səbəbi olmadığına görə tərəflərindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Kamal oğluna ünvanlanmış 12 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ərizəçinin qardaşının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanı xaricindədir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X6 ikinci dərəcə əlilliyi müəyyən olunmuş, ona şizofreniya paranoid forma diaqnozu qoyulmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasına göndərişdən görünür ki, X9 Bakı 2 nömrəli X1 xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Binəqədi rayonu X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsinin təzə kənd qəbiristanlığında X6 dəfni icra olunmuşdur. İş materiallarında olan Oktyabr rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1967ci il tarixli, A3 seriyalı ******* nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X10, ana qrafasında X3 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 125 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Təcili və X5 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə 2-ci Alatava 88 ünvanına təcili tibbi yardım çağırılmış, kişi cinsli meyit aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, ərizəçi onun qonşusudur, həmçinin o ərizəçinin övladının kirvəsidir. Mərhum xəstə idi. Son zamanlar evdə olurdu. Mərhum vəfat edən gün təcili yardım gələndən sonra gəlib meyidi görmüşdür. Yas mərasimində və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum vəfat edən gün təcili yardım gələndən sonra gəlib meyidi görmüşdür. Mərhum Binəqədidə dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin qardaşı olmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qardaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qardaşının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin qardaşı xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6846/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6846/2025
22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver