Məhkəmə qərarları › İş №2(004)-690/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-690/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-690/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri 07.08.1982-ci il təvəllüdlü X1 15 noyabr 1921-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Memarlıq və İnşaat Universitetinin 5 saylı yataqxanasının 203 nömrəli otağında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-7825/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadı ilə Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Ərizəçi şikayət ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-7825/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməklə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsalandırmışdır ki, ərizənin geri qaytarılmasına əsas olmuş səbəb onun qeydiyyatda olduğu yerin Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 16B, mənzil 43 ünvanının olması olmuşdur. Lakin həmin mənzil xeyli müddətdir ki, satılmışdır və o, həmin ünvanda yaşamır, bir illik müddətə, yəni 13.08.2021-ci il tarixdən 13.08.2022-ci il tarixədək faktiki olaraq yaşadığı ünvan 3 ünvanına müvəqqəti qeydiyyat alınmışdır. Ərizəçi faktiki yaşadığı ünvanda müvəqqəti qeydiyyata alınmasına dair arayışı şikayətə əlavə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7825/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-7825/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Ərizəçi mərhum əri X1 “ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi icraata götürülmüşdür. Ərizəçi hazırlıq iclasında ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, texniki səhvə yol verərək ərizəsində mərhum əri 07.08.1982-ci il təvəllüdlü X1 15 noyabr 1921-ci il tarixdə öldüyünü qeyd etmişdir. O, ərizəsindəki həmin tarixin, yəni, 15 noyabr 1921-ci il tarixinin 15 noyabr 2021-ci il kimi oxunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 07.08.1982-ci ildə Sabirabad rayonunda doğulmuş X6 onun əridir. X6 15.11.2021-ci il tarixdə birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 1, İnşaat Universitenin 5 saylı yataqxanasının 203 nömrəli otağında vəfat etmişdir və el adəti ilə 15.11.2021-ci il tarixdə Sabirabad rayonu Mürsəlli kənd qəbiristanlığında dəfn edilmişdir. Bundan sonra o, ərinin ölüm haqqında şəhadətnaməsini almaq üçün Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, həmin orqan isə şəhadətnamə verilməsinin qeyri-mümkünlüyü ilə bağlı imtina etmiş və ona ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Eyni zamanda tibbi şəhadətnamə almaq üçün poliklinikaya müraciət etmiş, şifahi olaraq ona bildirmişlər ki, tibbi şəhadətnamənin ona verilməsi mümkün deyildir. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında 15.02.2022-ci il tarixdə şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, mərhum onun qardaşıdır. Qardaşının həyat yoldaşı 15.11.2021ci il tarixdə ona zəng etmiş və qardaşının vəziyyətinin pis olduğunu bildirdi. O, həmin dəqiqə evdən çıxmış və 15-20 dəqiqəyə qardaşı yaşayan mənzilə gəlmişdir. O gəldikdə qardaşı hələ sağ imiş və onlar TTYS çağırmışlar, lakin TTYS gələnədək qardaşı keçinmişdir. Qardaşı keçinən zaman o və bacısı Həqibə də orada olmuşlar. Qardaşının üzərində hər hansı xəsarət izi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da eyni məzmunlu izahat verərək X4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da eyni məzmunlu ifadə verərək X1 yaşadığı mənzildə 15.11.2021-ci il tarixdə ölməsi faktını təsdiq etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, obyektiv və hərtərəfli baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Yasamal rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.03.2013-cü il tarixli AZ-İ № 822214 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X6 və ərizəçi X7 07.03.2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. Sabirabad rayonu İcra Hakimiyyəti Ulucalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 23.02.2022-ci il tarixli 79 saylı arayışından görünür ki, X6 15.11.2021-ci il tarixdə Sabirabad rayonu Şıxlar kəndində yerləşən “Baba Samid” qəbirstanlığında dəfn olunmuşdur. BŞT və X3 Stansiyasının 4 nömrəli bölməsinin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi 15.11.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, təcili tibbi yardım briqadasının həkimləri 15.11.2021-ci il tarixdə saat 12:13-də ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Memarlıq və İnşaat Universitetinin 5 saylı yataqxanasının 203 nömrəli ünvana gəldikdə 39 yaşlı X1 öldüyünü müəyyən etmişlər, kişi cinsli meyit aşkar olunduğunu qeyd etmişlər. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin 08.12.2021-ci il tarixli 05/76- 5077/15 nömrəli məktubundan müəyyən edilir ki, 15.11.2021-ci il tarixdə vəfat etmiş X1 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının qeydə alınması mümkün deyildir və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 07.08.1982-ci ildə Sabirabad rayonu, Mürsəlli kəndində doğulmuş X6 15.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və mərhum Sabirabad rayonu Şıxlar kəndində yerləşən “Baba Samid” qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi mərhum ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 07.08.1982-ci ildə Sabirabad rayonu, Mürsəlli kəndində doğulmuş X1 15.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.08.1982-ci ildə Sabirabad rayonu, Mürsəlli kəndində doğulmuş X1 15.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar