Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-71/2022 01.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, qanunsuz tikilinin sökülməsi, kanalizasiya xəttinin bərpa edilməsi, maneələrin qarşısının alınması və maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, qanunsuz tikilinin sökülməsi, kanalizasiya xəttinin bərpa edilməsi, maneələrin qarşısının alınması və maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında həyata keçirilmiş qanunsuz tikilinin onun öz hesabına sökülməsi, çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş və ümumi qovşağa birləşmiş kanalizasiya xəttinin bərpa edilməsi, cavabdeh tərəfindən göstərilən maneələrin qarşısının alınması və bu maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətlərində Azərbaycan Respublikasının CM-nin 188-ci maddəsinin (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılsını və bu barədə prokurora xəbər verilməsini xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, cavabdeh qonşularıdır. 10.11.2020-ci il tarixdə bilmişdirlər ki, cavabdeh tərəfindən ümumi qovşaqla birləşdirilmiş kanalizasiya xətti bağlanılmış və nəticədə nəinki tullantı suları, eləcədə yağış, qar və sair çirkab sularının həmin xətt vasitəsilə ümumi qovşağa axıdılmasının qarşısı alınmışdır. Bununla bağlı müvafiq qurumlara müraciət etsələr də, müraciətdə qeyd edilən xüsusatların mülki xarakterli olduğunu nəzərə alıb məhkəməyə müarciət etmələri tövsiyyə edilmişdir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ümumi qovşağa gedən xəttin üzərində qanunsuz tikili tikildiyi üçün, gələcəkdə həmin xəttin dəyişdirilməsi və ya bərpası qeyri-mümkün olacaqdır. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadələrində və mülkiyyətlərində olan əşyalar, daşınar və daşınmaz əmlaklar çirkab sularının təsirinə məruz qalaraq yararsız vəziyyətə düşürlər. Hesab edirlər ki, belə olan halda çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş və ümumi qovşağa birləşmiş kanalizasiya xətti bərpa edilməli, cavabdeh tərəfindən göstərilən maneələrin qarşısı alınmalı, bu maneələrin yaradılması cavabdehə qadağan edilməli və çirkab suların axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya xəttinin üstündə tikilmiş qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Prosesin gedişində iddiaçılar iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdirlər ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadəsində və mülkiyyətində olan əşyalar, daşınar və daşınmaz əmlaklar çirkab suların təsirinə məruz qalaraq yararsız vəziyyətə düşdüyü üçün İddiaçı1 sanitar qovşağı (hamam və tualet) və mətbəxi yaşadığı evin digər tərəfinə köçürmək məcburiyyətində qalmışdır. Həmin təmir-tikinti işlərinə 12 000 manat məbləğində pul vəsaiti xərcləmişdir. Həmçinin İddiaçı1 hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 2000 manat məbləğində mənəvi zərər dəymişdir. Həmçinin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadəsində və mülkiyyətində olan əşyalar, daşınar və daşınmaz əmlaklar çirkab suların təsirinə məruz qalaraq yararsız vəziyyətə düşdüyü üçün İddiaçı2 mətbəxdən istifadə edə bilmr. Hazırda mətbəx olmadığı üçün mətbəx əvəzinə həyətdən istifadə edirlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı2 4000 manat məbləğində mənəvi zərər dəymişdir. Qeyd olunanları nəzərə alıb Cavabdeh İddiaçı1 xeyrinə, təmir-tikinti işlərinə və dəyən zərər olaraq 12000 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi zərər olaraq isə 2000 manat məbləğində pul tutulması, Cavabdeh İddiaçı2 xeyrinə, ona dəyən zərər olaraq 1000 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi zərər olaraq 4000 manat məbləğində pulun tutulması, cavabdeh tərəfindən ünvan 2 ünvanında həyata keçirilmiş qanunsuz tikilinin onun öz hesabına sökülməsi, çirkab suların axıdılması üçün nəzərdə tutulmuş və ümumi qovşağa birləşmiş kanalizasiya xəttinin bərpa edilməsi, cavabdeh tərəfindən göstərilən maneələrin qarşısının alınması və bu maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətlərində Azərbaycan Respublikasının CM-nin 188-ci maddəsinin (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılsını və bu barədə prokurora xəbər verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin və iddia tələbinin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, həmin ərazidə dövlətin balansında olan kanalizasiya xətti mövcud olsa da, onlar həyətə yağan yağış suyunun və ümumiyyətlə həyətdəki suların axıdılmasını həmin xəttə qoşa bilmirlər. Belə ki, həyətləri yoxuş olduğundan həyət sularının ancaq cavabdehin həyətindən keçərək axıdılmasını təmin etmək olar. Uzun illər bundan öncə də, oradakı qonşular öz aralarında buna dair razılıga gəlsələr də, hazırda cavabdeh buna icazə vermir və həyətindən keçən xətti bağlamışdır. Hazırki dövrdə isə şəhərin mərkəzində iddiaçının dediyi kimi həyətdə sanbo qazılması və suların ora axıdılması və ya matorla çölə vurulması həm məqsədə müvafiq deyil, həm də ucuz başa gəlmir. Bundan başqa bunun üçün həyətdə qazıntı aparılması, asfaltın və tametin dağıdılması lazımdır. Şambodan matorla yığılmış suların çölə axıdılması üçün isə daimi işıq olmalıdır ki, mator işləsin. Qeyd olunalara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər xəbərdarlıq edilməsinə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) baxmayaraq, İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, işə iddiaçı İddiaçı2 iştirakı oldan baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkmə iclasında iştirak etmiş İddiaçı2 izahatında bildirmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların istifadəsində və mülkiyyətində olan əşyalar, daşınar və daşınmaz əmlaklar çirkab suların təsirinə məruz qalaraq yararsız vəziyyətə düşdüyü üçün mətbəxdən istifadə edə bilmirlər. Hazırda mətbəx olmadığı üçün mətbəx əvəzinə həyətdən istifadə edirlər. Həmçinin hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 4000 manat məbləğində mənəvi zərər dəymişdir ki, bu məbləğidə cavabdehdən istəməkdə haqlıdır. Həmçinin hesab edirik ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadələrində və mülkiyyətində olan əşyalar, daşınar və daşınmaz əmlaklar çirkab suların təsirinə məruz qalaraq yararsız vəziyyətə düşdüyü, o və ailəsi mətbəxdən istifadə edə bilmədiyi üçün Cavabdeh onun xeyrinə, dəyən zərər olaraq 1000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar qonşularıdır. Onların suyu həyətindən keçir. Bəzən elə olurdu ki, 10-15 gündən bir küçəyə yığılan su həyətindən qaynayaraq çıxırdı. Bununla əlaqədar bir gün usta dəvət edərək ondan iddiaçıların həyətinə drenajın qoyulmasının mümkünlüyünü soruşmuşdur. İstəyirdi ki, drenaj vasitəsi ilə su yuxarı vurulsun və yığılan çirkab suları dövlətin kanalizasiyasına axsın və həyəti su ilə dolmasın. Usta bunun mümkün olacağını demişdir. O da, Vidadiyə 2 ay vaxt vermişdir ki, məsələni həll etsin. Lakin Vidadi məsələni həll etməmişdir. Belə ki, turbalar çox köhnə idi. 60 ilin turbaları idi. Küçədə isə dövlətin çəkdiyi xəttdir. Onların da küçəsində dövlətin çəkdiyi xəttdir. Onların evi aşağı doğru meyillidir. Onlar bunun çarəsini əvvəldən tapmalı idi. Ev tikilməmişdən qabaq elə etməli idilər ki, onların suyu yuxarı küçəyə getsin. Həmin turbalar evinin altından getdiyi və çürüdüyü üçün üçün evi nəmişlik olurdu. Buna görə divarlara 5 sm alçipan vurmuşdur. Onların turbası evinin altı ilə gedir. O turbanın ana xəttə aidiyyəti yoxdur. Onların xətti evinin altından keçərək ana xəttə qoşulur. Evi nəmişlik olur. 3 dəfə döşəmə, tavan dəyişərək evini təmir etmişdir. Pis qoxuya görə evdə oturmaq mümkün deyildir. Odur ki dəfələrlə bildirməsinə baxmayaraq iddiaçılar bu məsələni həll etmirdilər. O da, onların suyunun artıq həyətinə axıdılmasına icazə vermir. Öz həyətlərində drenaj tikib, yəni şanbo qazıb axıntı sularını ora axıda bilərlər. Dolduqda isə matorla çölə vura bilərlər. Ya da həyətinə yağış yağmağını istəmillərsə naves etsinlər. Lakin iddaçılar nə öz həyətlərinə zərər gəlməsin deyə quyu qazmaq istəmillər nə başqa bir xərc çəkmək istəməyərək, onu evinin sökülməsin tələb edillər. Onların evində kanalizasiya xətti var, müraciət etsinlər Azərsuya problemlərin həll etsinlər. İddiaları əsassızdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsi Su və kanalizasiya şəbəklərinin istismarı sahəsinin sahə rəisinin müavini X2 izahatında göstərmişdir ki, tərəfindən mübahisəli əraziyə baxış keçirilmişdir. Həmin həyətdə "xxxx" ASC-nin balansında olan boru mövcud deyildir. Həmin ərazidə yaşayan sakinlər tərəfindən əlavə boru çəkilib və həmin boru 3-cü Yasamal ərazisində "xxxx" ASCnin balansında olan əsas xəttə birləşdirilibdir. Həmin boru Cavabdeh həyətindən keçərək əsas xəttə birləşir. Cavabdeh bildirdiyinə görə həmin boru onun həyətindən keçdiyi üçün evində nəmişlik, qoxu verirdi və o da məcbur olub borunu bağlamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon 56 saylı MKİS-nin 24.05.2022-ci il tarrixli, 123 saylı arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon 56 saylı MKİS tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış 08.12.2020-ci il tarrixli, 82 saylı məktubun surətindən görünür ki, qonşunun onların evindən gedən kanalzasiya xəttini bağlaması ilə əlaqədar dəfələrlə qonşu ilə söhbət aparılmış, lakin qonşu xəttin betonlandığını bildirmiş və xəttin açılmasına icazə verməmişdir. Ona görə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. AR DİN Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış 14.12.2020-ci il tarrixli, ***-*******-3220 saylı məktubun surətindən görünür ki, qonşusu tərəfindən kanalizasiya borularının düzgün quraşdırılmaması səbəbindən sularının həyətinə axıdılması barədə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanladığı müraciətə BDYPİ-də baxılmış, aparılan araşdırma zamanı müraciətdə qeyd etdiyi xüsusatların mülki xarakterli olduğu müəyyən olunmuş və mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(004)-1883/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) ünvan 3 ünvanında yerləşən tikili qanunsuz tikilidirmi? Qanunsuz tikili olduğu təqdirdə iddiaçıların mənafeyinə toxunurmu? Toxunursa, hansı şəkildə və necə toxunur? 2) Mübahisəli ünvanda yerləşən evin həyətində hər hansı bir kanalizasiya xətti mövcuddurmu (keçirmi)? Mövcud olduğu təqdirdə cavabdeh tərəfindən kanalizasiya xəttinə hər hansı bir müdaxilə edilmişdirmi? Müdaxilə edildiyi təqdirdə bu iddiaçılar üçün hər hansı formada məhdudiyyətlər yaradırmı? 3) Mübahisəli ünvanda vaxtı ilə mövcud olmuş kanalizasiya xəttinin hazırda bərpası (cavabdehin əmlakın xələl yetirmədən) mümkündürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.08.2021-ci il tarixli, 10/1620 saylı rəyinə əsasən: - birinci sual üzrə qeyd olunur ki, ünvan 3 ünvanında yerləşən tikilinin qanunsuz olubolmaması və iddiaçıların mənafeyinə toxunub-toxunmaması məsələsi hüququ xarakter daşıdığından həmin sualın cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. - ikinci sualı üzrə qeyd olunur ki, mübahisəli ünvanda yerləşən iddiaçının həyətində kanalizasiya xətti mövcuddur. Lakin xəttin digər hissəsi cavabdehin fərdi yaşayış evinin altında qalmışdır. - üçüncü sualı üzrə qeyd olunur ki, mübahisəli ünvanda vaxtı ilə mövcud olmuş kanalizasiya xəttinin hazırda bərpası cavabdehin əmlakına xələl yetirmədən mümkün deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(004)-1883/2021 saylı qərardadı ilə iddiaçıların vəsatəti təmin edilərək, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Mübahisəli ünvanda mövcud olmuş kanalizasiya xəttinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilmişdirmi? Müdaxilə edildiyi təqdirdə bu iddiaçılar üçün hər hansı formada məhdudiyyətlər yaradırmı? 2) Cavabdeh tərəfindən kanalizasiya xəttinə müdaxilə olduğu təqdirdə bu müdaxilə ilə iddiaçıların iddia ərizəsində qeyd etdikləri problemlərin yaranması arasında səbəbli əlaqə varmı? 3) Mübahisəli ünvanda vaxtı ilə mövcud olmuş kanalizasiya xəttinin hazırda bərpası mümkündürmü? 4) Mübahisəli ünvanda vaxtı ilə mövcud olmuş kanalizasiya xəttinin hazırda bərpası cavabdehə məxsus əmlaka xələl gətirilmədən mümkün olmadıqda, kanalizasiya xəttinin bərpasından sonra (bərpası üçün) cavabdehin əmlakının əvvəlki vəziyyətə gətirilməsi mümkündürmü və bunun üçün nə qədər vəsait lazımdır? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27.04.2022-ci il tarixli, 10/6045 saylı rəyinə əsasən: - birinci sual üzrə- Mübahisəli ünvanda mövcud olmuş kanalizasiya xəttinin cavabdehin evinin altından keçən hissəsinin üzərində cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. - ikinci sual üzrə- Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi kanalizasiya xəttinin bir hissəsinin sıradan çıxmasına səbəb olmuşdur. - üçüncü və dördüncü suallar üzrə- Mübahisəli ünvanda vaxtı ilə mövcud olmuş kanalizasiya xəttinin hazırda bərpası cavabdehin əmlakına xələl yetirmədən mümkün deyildir. Kanalizasiya xəttinin bərpasından sonra (bərpası üçün) cavabdehin əmlakının əwəlki vəziyyətə gətirilməsi mümkündür, lakin bərpa xərcləri, yalnız fərdi yaşayış evi və xətlər bərpa edildikdən sonra müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstırilmişdir: “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblərdə daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Yuxarıda istinad edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydiyyata alınmadığına baxmayaraq, iddiaçının həmin evə mülkiyyət onun gözlənilən hüququdur. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 256.1-ci maddəsinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Həmin Məcəllənin 256.2-ci maddəsinə əsasən servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 257.1-ci maddəsinə görə isə servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Habelə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən su təchizatı müəssisələri aşağıdakı hallarda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar: a) müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda; b) su təchizatının yeni su kəmərləri xətləri vasitəsi ilə təmin olunması nəzərdə tutulan obyektlər, binalar, o cümlədən tikilməkdə olan və ya layihələşdirilən binalar mövcud olduqda və s. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən su təchizatı müəssisələri Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulmuş sanitar mühafizə zonalarının yaradılması və rejiminin həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış mübahisəsiz hallarından görünür ki, ünvan 1 ünvanı Cavabdeh qanuni sahibliyində və istifadəsindədir. Mübahisə predmeti olan evə müvafiq orqan tərəfindən ünvan verilmişdir və cavabdeh həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Mübahisəli evin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydiyyata alınmamasına baxmayaraq, cavabdehin həmin evə mülkiyyət onun gözlənilən hüququdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin qonşularıdır və vaxtı ilə onlara məxsus evlərdə istifadə olunmuş tullantı sularının axıdıldığı kanalizasiya xətti cavabdehin evinin altında qalmışdır. Kanalizasiya xətti illərcə torpağın altında qaldığından, müvafiq qurumun, yəni "xxxx" ASC-nin balansında olmadığından vaxtı-vaxtında təmir-bərpa işlərinin aparılmaması nəticəsində sıradan çıxmış və tullantı sularının ətrafa yayılması nəticəsində cavabdehə və ailəsinə narahatlıq yaramışdır. Tərəflər arasında hər hansı servitut müqaviləsi bağlanmamış, notarial qaydada təsdiqləməmiş və dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmçinin, iddiaçılar su təchizatı və tullantı sularının axıdılmasına məsul olan "xxxx" ASC-yə yaşadıqları evlərdə istifadə olunan tullantı sularının axıdılmasının təşkili ilə bağlı deyil, iş üzrə cavabdehin sahibliyində və istifadəsində olan evin altında qalmış, müəssisənin balansında olmayan və sıradan çıxmış kanalizasiya xəttinin bərpası ilə bağlı müraciət etməklə kifayətlənmiş, daha sonra isə məhkəməyə cavabdehin qanuni sahibliyində və istifadəsində olan, qanunsuz tikili hesab etdikləri evin sökülməsi və sıradan çıxmış kanalizasiya xəttinin bərpası tələbinə dair iddia vermiş, eyni zamanda, cavabdehin hərəkətlərində Azərbaycan Respublikasının CM-nin 188-ci maddəsinin (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılsını və bu barədə prokurora xəbər verilməsini xahiş etmişdirlər. Halbuki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçılar müvafiq xahişlə artıq hüquq-mühafizə orqanına müraciət etmiş, müraciət əsassız olduğundan təmin olunmamış və mülki xarakter daşıdığına görə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, qanunsuz tikilinin sökülməsi, kanalizasiya xəttinin bərpa edilməsi, maneələrin qarşısının alınması və maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair” iddiası əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə iddia tələbinin dəymiş maddi ziyana görə pul vəsaitinin cavabehdən iddiaçıların xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılar tərəfindən məhkəməyə sözü gedən dəymiş maddi ziyanın nədən ibarət olması və bunun təsdiqi olaraq hər hansı sübut növləri təqdim edilməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin mənəvi ziyanın əvəzi olaraq pul vəsaitinin cavabehdən iddiaçıların xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, müvafiq iddia tələbləri qanunsuz tikilinin sökülməsi, kanalizasiya xəttinin bərpa edilməsi, maneələrin qarşısının alınması və maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi tələbi ilə bağlı olduğundan və həmin hissələrdə, yəni iddia tələbi qanunsuz tikilinin sökülməsi, kanalizasiya xəttinin bərpa edilməsi, maneələrin qarşısının alınması və maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi hissəsində rədd edildiyindən, məhkəmə iddia tələblərinin bu hissədə müzakirəsini artıq məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 17.08.2021-ci il tarixli, 10/1620 saylı və 27.04.2022-ci il tarixli, 10/6045 saylı ekspert rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə 10 manat dövlət rüsumu iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçılarda tutulub dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, qanunsuz tikilinin sökülməsi, kanalizasiya xəttinin bərpa edilməsi, maneələrin qarşısının alınması və maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-71/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-71/2022
01.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver