Məhkəmə qərarları › İş №2(004)-7201/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7201/2021

11.11.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7201/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 09.10.2021-ci il tarixində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında imzalanmış Barışıq sazişini təsdiq edərək, məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, Maraqlı şəxs ilə 21 oktyabr 2019-cu il tarixində nikaha daxil olmuşlar. Bu nikahdan 9 dekabr 2020-ci il tarixində övladları - X13 dünyaya gəlmişdir. Hazırda sözügedən şəxslə ünvan 1 ünvanında yaşayır. 09.10.2021-ci il tarixində o, Ərizəçi (Birinci tərəf) və həyat yoldaşı Maraqlı şəxs (İkinci tərəf) arasında “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Barışıq sazişi imzalanmışdır. Barışıq sazişində aralarında nikahın pozulmaması, övladı, 09.12.2020-ci il təvəllüdlü azyaşlı X9 onun himayəsində saxlanması, övladı yetkinlik yaşına çatana kimi uşağın saxlanması üçün hər ay Maraqlı şəxs bütün gəlirlərinin 25%-i (iyirmi beş faizi) miqdarında aliment, əlavə olaraq, ər və arvadın bir-birini saxlamaq vəzifəsini nəzərə alaraq, uşaq 3 (üç) yaşına çatana qədər anaya köməklik göstərilməsi üçün sabit pul məbləğində hər ay 200 (iki yüz) AZN vəsaitin ona ödənilməsi barədə razılığa gəlinmiş, alimentin ödənmə tarixi 10.10.2021-ci il tarixdən müəyyən edilmişdir. Məlumat üçün bildirir ki, Barışıq sazişinin imzalanmasından 3 həftədən artıq vaxt keçməsinə baxmayaraq, Cəfərov X2 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, uşağın saxlanması üçün ona heç bir maddi yardım etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Maraqlı şəxs ərizəni qəbul etdiyini və mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçini, maraqlı tərəfi dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 364579 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi 21 oktyabr 2019-cu il tarixdə nikaha daxil olmuş və bu barədə 3609 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 537460 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 09 dekabr 2020-ci il tarixdə anadan olmuşdur və bu barədə 10 saylı akt qeydi tərtib edilmişdir. Uşağın atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-493/2019 saylı 14 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında olan nikah pozulmuş, tərəflərin ümumi uşağı 11.08.2011-ci il təvəllüdlü X1 Zəhra Nizami qızının yanında saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(046)- 2043/2019 saylı 05 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, 11.08.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi aliment tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 09.10.2021-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi (Birinci tərəf) və həyat yoldaşı Maraqlı şəxs (İkinci tərəf) nikahlarını pozmamaq barədə razılığa gəldilər. Tərəflər övladları ilə bağlı razılığa gəlirlər ki, övladları 09.12.2020ci il təvəllüdlü X13 anası, Ərizəçi himayəsində saxlanılsın. 1.1.3. Tərəflər razılaşır ki, azyaşlı uşaqları X13 yetkinlik yaşma çatana kimi uşağın saxlanılması üçün hər ay Maraqlı şəxs bütün gəlirinin 25 %(iyirmi beş faizi) miqdarında aliment və əlavə olaraq ər arvadın bir-birini saxlamaq vəzifəsini nəzərə alaraq uşaq 3 (üç) yaşına çatana qədər anaya kömək göstərilməsi üçün sabit pul məbləğində hər ay 200 (iki yüz) manat vəsaiti Maraqlı şəxs Ərizəçi ödəyəcəkdir. 1.1.4.Tərəflər alimentin ödənilmə tarixini 10.10.2021-dən müəyyən edirlər. Maddə 2.(Saziş ilə Tərəflərin üzərinə götürdüyü digər öhdəliklər) 2.1.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.2.Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.3.Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.4.Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.5.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.6.Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini 10.10.2021-ci i tarixdən sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 01 noyabr 2021-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 09 oktyabr 2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 09.10.2021-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. 1.Tərəflər nikahlarını pozmamaq barədə razılığa gəldilər. 2.Tərəflər övladları ilə bağlı razılığa gəlirlər ki, övladları 09.12.2020-ci il təvəllüdlü X13 anası, Ərizəçi himayəsində saxlanılsın. 3.Tərəflər razılaşır ki, azyaşlı uşaqları X13 yetkinlik yaşına çatana kimi uşağın saxlanılması üçün hər ay Maraqlı şəxs bütün gəlirinin 25 %(iyirmi beş faizi) miqdarında aliment və əlavə olaraq ər arvadın bir-birini saxlamaq vəzifəsini nəzərə alaraq uşaq 3 (üç) yaşına çatana qədər anaya kömək göstərilməsi üçün sabit pul məbləğində hər ay 200 (iki yüz ) manat vəsaiti Maraqlı şəxs Ərizəçi ödəyəcəkdir. Tərəflər alimentin ödənilmə tarixini 10.10.2021-ci ildən müəyyən edirlər. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Alimentin tutulması barışıq sazişində göstərilən 10.10.2021-ci il tarixdən hesablansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar