Məhkəmə qərarları › İş №2(004)-7301/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7301/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7301/2025 10.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə (1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1960-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 05 mart 2025-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X4 vəfat etmiş bacısı X5 ölümünün qeydə alınması üçün müraciət etmişdir. xx.xx.2025-ci il tarixli 3-16- 5/8-820/25 nömrəli ərizəçiyə ünvanlanmış məktublarda da, ölümü təsdiq edən sənəd təqdim edilə bilmədiyindən bununla bağlı ərizəçinin aidiyyəti məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Belə ki, ərizəçinin bacısı X9 onkololoji xəstəlikdən əziyyət çəkirdi. xx.xx.2025-ci il tarixdə isə vəfat etmişdir. Tərəflərindən təcili və təxirəsalınmaz tibbi yardım çağırılmışdır və Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Daha sonra isə Ölüm haqqında şəhadətnaməsini götürmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə istinadən ərizəçinin bacısı X5 ölümünün qeydə alınmasının təmin edilməsi məqsədilə qətnamə qəbul edilməsi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, ölüm faktının müəyyən edilməsi ərizəçiyə əmlaklarla bağlı vərəsəlik işi üçün lazımdır. Maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X5 ölümünün qeydiyyata alınması barədə 1 saylı Bakı “ASAN Xidmət” X4 daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilir ki, ölümü təsdiq edən sənəd təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Ölüm faktnın müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli SN seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X3 vəzinin xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, İ-ИЕ seriyalı 920311 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X11, ana qrafasında X2 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 861 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan TTTYS-nın xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 01.28-də çağırış əsasında Qutqaşınlı 50 ünvanına getmişlər, X5 meyidi aşkar edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəklindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X9 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, AZ-T seriyalı 324737 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X11, ana qrafasında X1 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 2336 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində bildirmişdir ki, mərhumun qonuşusu olmuşdur. 5 fevral 2025-ci il tarixdə səhərə yaxın mərhumun evinə gəlmişdir. Mərhumun meyitini görmüşdür. X18 qəbiristanlığında dəfn edilmişdir. Mərhumun dəfnində və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısıdır. Mərhum uzun müddət xərçəng xəstəsi olmuşdur. Mərhum subay idi. Mərhum onun anası və xalası ilə birlikdə yaşamışdır. Mərhuma onun xalası qulluq etmişdir. O gələndə mərhum rəhmətə getmişdi. Gələndə təcili tibbi yardım çağırmışdır. X18 qəbiristanlığında dəfn edilmişdir. Mərhumun dəfnində və yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin bacısı olmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qardaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərizəçinin bacısının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin bacısının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə bacısının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin bacısı xx.xx.1960-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar