Məhkəmə qərarları › İş №2(004)-739/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-739/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-739/2023 24.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs 3 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1940-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmuş X1 xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə - ünvan 2 ünvanında saat 20:35 radələrində ümumi xəstəlik və yaşlılıq səbəbi ilə vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Asan Xidmət X4 həvalə edilməsi haqqında qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1940-cı il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə atası X2 ümumi xəstəlik və ahıl yaşlılıq səbəbilə vəfat etmişdir. Vəfat etdiyi tarixədək ərizəçi tərəfindən atasına şəxsən baxılmış, bütün ehtiyyacları qarşılanmışdır. Atası vəfat etdikdən sonra ərizəçi ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə səhiyyə müəssisəsinə müraciət etdikdə ona bu məsələ ilə əlaqədar olaraq aidiyyatı üzrə qeydiyyat şöbəsinə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra o, aidiyyatı üzrə qeydiyyat şöbəsinə müraciət etmiş, oradan da ona məsələnin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktım təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyil. Bu səbəbdən də atasının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzıə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mərhum atası Salyan rayonunda, ailə qəbirstanlığında- qardaşlarının məzarının yanında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, xx.xx.1940-cı il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməsinin əsas məqsədi atası ilə bağlı olan sənədləşmə işlərinin aparılmasının olmasını qeyd etmişdir. Maraqlı şəxs 3 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin tələbinin təmin edilməsinə etiraz etmədiklərini və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA0120493 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.1978-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 317265 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, atası X5, anası X6r. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyasının xx.xx.2022-ci il tarixli Ölüm haqqında Xəbərdardarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:35 dəqiqədə ünvan 3 ünvanında çağırış olmuşdur. Çağırış yerinə gələn briqada ünvanda həkimə qədər ölmüş kişi cinsli meyit aşkar etmişdir. İş materiallarında olan 39 nömrəli Şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal-1, D.Bünyadzadə 34 b, mən 137 ünvanında yaşamış və həmin ünvanda vəfat etmiş xx.xx.1940-cı il təvəllüdlü X2 poliklinikanın qeydiyyatında olmayıb. Təcili yardım gəldikdə (Həkimə qədər ölüm) diaqnozu -qeydiyyata alınıb .Xəstəliyi təsdiqləyən stasionar epikriz olmadığına görə, bütün bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın 4.4.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-4450/15 nömrəli məktubunda Ərizəçi xx.xx.2022-ci ildə ölmüş X1 ölümünün qeydə alınması haqqında müraciətinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5. bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqinda həkim şəhadətnaməsi-yəni ölüm haqqında tibbi şəhadətnamə AZS- 106 nömrəli forma olmadıqda, ölüm məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə Şöbəyə təqdim edilmədiyi üçün X1 ölümünün qeydə alınması imkan xaricindədir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X1 xx.xx.1940-cı ildə doğulduğu, xx.xx.2022-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, ərizəçinin ailəsi onların ailəvi dostudur. Ərizəçinin vəziyyəti ağır olduğu üçün onu çağırmışlar. O, gələndən sonra görə təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım gələnə kimi mərhum artıq vəfat etmişdir. Mərhumu Salyan rayonunda qəbirstanlıqda dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçi onun anasıdır. xx.xx.2022-ci il tarixində axşam saatlarında mərhum babasının vəziyyətinin ağır olduğunu görüb, təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım gələnə kimi babası artıq vəfat etmişdir. Mərhum babası Salyan rayonunda qəbirstanlıqda dəfn etmişlər. O, dəfn mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X2 ərizəçinin atası olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X2 Salyan rayonunda yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin atası X1 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı ildə doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar