Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7435/2021 19.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs X6 arasında mediasiya prosesi nəticəsində 04.10.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş geri qaytarılmalıdır. Əvvəla məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 09 iyul 2021-ci il tarixli №360-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmiş 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1)Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. İş materiallarında olan mediator X1 tərəfindən təsdiq edilmiş 04.10.2021-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər yəni, Ərizəçi ilə maraqlı şəxs X6 həmin sazişi imzalamaqla aralarında olan 1 saylı ASAN xidmət tərəfindən 03.10.2016-cı iil tarixli 1905 nömrəli aktın məhkəmə qaydasında pozulmasına; 07.07.2017-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsində saxlanılmasına; yetkinlik yaşına çatmayan övladı ilə görüşməsi üçün atası X5 günün istənilən vaxtı heç bir maneə yaratmadan ünsiyyət qurmağa şəraitin yaradılmasına; 10.10.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək övladının saxlanılması üçün hər ayın 10-na qədər 300 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi ilə bağlı öhdəliyi X3 öz üzərinə götürməsinə; birgə nikah dövründə əldə edilmiş mənzilin ½ pay bölgüsünə dair razılığa gəlmişlər. Lakin ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflərin hər hansı birinin barışıq sazişinin şərtlərinin könüllü qaydada icra edilməməsi və ya onun könüllü icrasından imtina etməsinə dair halın mövcudluğu göstərilməmişdir. Bundan başqa, tərəflər arasında eyni məsələ ilə bağlı məhkəmənin icraatında hər hansı bir mülki işin olmasına dair sübut ərizəyə əlavə edilməmişdir. Dolayısı ilə hazırda mediasiya vasitəsilə bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün məhkəmənin icraatında mülki işin, həmçinin həmin sazişin məcburi icrasını zəruri edən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcudluğuna dair sübut ərizəyə əlavə edilməmişdir. Göstərilənlərlə yanaşı, hazırki iş üzrə barışıq sazişi bağlandıqdan sonra 1 iş günü müddətində onun icrası ilə bağlı müvafiq orqana (quruma) müraciət edilib-edilməməsi, əgər müraciət edilmişdirsə onun nəticəsinə dair mötəbər sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunu ödənilməli olduğu halda ərizəçi tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi dövlət rüsumu natamam ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilməlidir. 150.3-cü maddəyə əsasən isə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birlikdə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən xüsusi icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, eyni zamanda ərizəçiyə yuxarıda sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, ərizə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin149- 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-7435/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7435/2021
19.11.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver