Məhkəmə qərarları › İş №2(004)-841/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-841/2021

02.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-841/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1 QSC və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nın Abşeron Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 QSC və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nın Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Sabiq oğlu ilə Cavabdeh1 QSC arasında 2 saylı Notariat Kontorunda Abşeron rayonu Masazır kəndi İ.Bayramov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi ilə bağlı bağlanmış 21 oktyabr 2013-cü il tarixli 10M********** nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Abşeron rayonu Masazır kəndi İ.Bayramov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi iddiaçı ilə Cavabdeh2 Sabiq oğlunun birgə nikah dövründə əldə edilmişdir. Belə ki, iddiaçı Cavabdeh2 Sabiq oğlu ilə 25.11.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 15.05.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin əmlak ərinin adına alınmışdır. İddiaçının əri Cavabdeh1 QSC-dən kredit götürmüş və həmin kreditin təminatı olaraq həmin əmlakı 21 oktyabr 2013-cü il tarixli 10M********** nömrəli ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoymuşdur. Bu zaman onun notariat qaydasında razılığı alınmamışdır. Belə ki, o notariat kontoruna getməmiş və bu barədə hər hansı ərizə verməmişdir. Evin girov qoyulmasından 2020-ci ilin ortalarında əri Səyavuş həbs olunduqdan sonra evə gələn məhkəmə məktubundan bilmişdir. Notariat kontorunda təsdiq edilmiş onun adından verilmiş razılıq ərizəsində imza ona məxsus deyil. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə baxışının əvvəlki iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ərizəsində sözügedən evin girov qoyulmasından xəbəri olmadığını və ya əmlakın girov qoyulmasına razılıq ərizəsinin onun tərəfindən imzalanmadığını bildirməklə iddiasını əsaslandırmışdır. Lakin aşağıdakı sənədlərdən də aydın olur ki, iddiaçının iddia ərizəsində qeyd etdiklari əsassızdır. Belə ki, Cavabdeh2 «xxxx» QSC ilə bağladığı 27.04.2007-ci il tarixli 10L000000043 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 70000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 27.08.2009-cu il tarixli 43 saylı sazişə asasan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilərək kredit xəttinin müddəti 120 ay, məbləği 300000 ABŞ dollari müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka verən X1 Bank QSC ilə bağladığı 21.10.2013-cü il tarixli 10M000001240 saylı sonrakı ipoteka müqavilasi (Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Abşeron rayonu Masazır kəndi İ.Bayramov küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. X5 ipoteka müqaviləsinin bağlandığı notariat kontoruna ərizə təqdim edərək Abşeron rayonu Masazır kəndi İ.Bayramov küçəsinda yerləşən 3 nömrali fərdi yaşayəş evinin ipoteka qoyulmasına razılıq vermişdir. Ərizə Sumqayıt şəhəri 1 saylı notariat kontorunun notariusu Ə.İ.Bünyatov tərəfindən təsdiq edilmişdir. Bu zaman imzanın həqiqiliyi va imza edənin şəxsiyyəti yoxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 sayli ərazi ldarasi tərəfindan 1 nömrəli reyestr kitabının 28 nömrali vərəqində qeydiyyata alınmış və Seriya RX ******* saylı çıxarışa əsasən Abşeron rayonu Masazır kəndi İ.Bayramov küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinin Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmasi qeydiyyata alınmışdır. X10 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirmədiyindən kredit borcunun tutulması va tutmanin ipoteka predmetina yönəldilməsinə dair iddia ila Ağdam rayon Məhkəməsinə müraciat olunmuşdur. Ağdam rayon Məhkəməsinin 28.03.2019-cü il tarixli qətnaməsi ila cavabdehlərdən müştərək qaydada 63548.15 ABŞ dolları va 4906.64 manat pul tutulmuş, tutmanın ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndi İ.Bayramov küçəsinda yerləşən 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edimişdir. Həmin qətnamədan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmis, iş apellyasiya məhkəməsinin icraatında olduğu dövrdə sonuncu işin icraatının Yasamal rayon məhkəməsinin icraatında olan ipoteka müqaviləsinin etibarsız hesab edilmasi barədə iddiaya baxılıb qurtaranadak dayandırılması barədə vəsatət vermisdir. Gəncə Apellyasiya Məhkəməsinin 17.11.2020-ci il tarixli 2(104)-502/2020 saylı qərardadı ilə vəsatət təmin edilmişdir. Göründüyü kimi X2 iddiası əsassızdır və Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan işin yubadılması məqsədi ilə verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1. -cü maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Həmin Məcəllənin 225.6. -cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3.-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4. -cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.2.-cü maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə iddiaçının evin əri tərəfindən girov qoyulmasından 2020-ci ilin ortalarında bilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı əri – Cavabdeh2 Sabiq oğlu həbs olunanadək onunla bir evdə yaşamışdır və Cavabdeh1 QSC-nin Cavabdeh2 Sabiq oğluna və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tutulması və tutmanın hazırki iş üzrə mübahisə predmeti olan ipoteka müqaviləsi üzrə ipoteka qoyulmüş Abşeron rayonu Masazır kəndi İ.Bayramov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə sənədləri həmin evə göndərilmişdir. Həmin mülki iş üzrə Ağdam rayon Məhkəməsinin 2(013)-640/2019 saylı qətnaməsi 28 mart 2019-cu il tarixdə çıxarılmışdır. Göründüyü kimi, iddiaçının 21 oktyabr 2013-cü il tarixli 10M********** nömrəli ipoteka müqaviləsindən ən geci 2019-cu ilin əvvəllərindən məlumatı olmuşdur və onun həmin müqaviləni bir il ərzində mübahisələndirmək hüququ olmuşdur. Lakin iddiaçı hazırkı iddia ilə məhkəməyə 2020-ci ilin noyabr ayında müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 21 oktyabr 2013-cü il tarixli 10M********** nömrəli ipoteka müqaviləsini mübahisələndirmək müddətini ötürməklə həmin müqaviləni mübahisələndirmək hüququnu itirmişdir. Odur ki, həmin tələb təmin edilə bilməz və rədd edilməlidir. 21 oktyabr 2013-cü il tarixli 10M********** nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi rədd edildiyindən həmin tələbin davamı olan digər tələb - DƏDRX tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə tələb də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar