Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-43/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2na, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn hüquqi nəticələrin ləğvi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3757/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Siyəzən RPŞ-nin TQ-nin xx.xx.2018-ci il tarixli cinayət təqibi başlanmasının rədd edilməsi barədə qərarına əsasən Cavabdeh4 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
2. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh4 cavabdehlər X3, İddiaçı, Cavabdeh3, X4, X1 və "xxxx" QSC BOKT-a qarşı «mənzildən çıxarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh4 məxsus olan Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilindən məcburi qaydada çıxarılması və həmin mənzilin boşaldılması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2na, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə cavabdeh S.E.Zeynalovun arasında ünvan 1-ə dair digər Cavabdeh2 mənzilin ipoteka ilə yüklü edilməklə bağlanılmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması, Cavabdeh3 və Cavabdeh4 hüquqa zidd hərəkətləri nəticəsində ona vurulmuş 10.600 (on min altı yüz) manat maddi ziyanın və 5.000 (beş min) manat mənəvi zərərin əvəzinin Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, Cavabdeh3 ilə aralarındakı şifahi razılıq əsasında ona xüsusi mülkiyyəti olaraq təqdim etdiyi Siyəzən şəhəri, H.Talıbov küçəsi, 7 saylı binadakı, 2 otaqdan ibarət 48 saylı mənzili almaq məqsədi ilə ilkin olaraq hissə-hissə olmaqla 2018-ci il tarixdə 3.100 (500 manat+800 manat+1300 manat+500 manat= 3.100) manat pul vermişdir. Aldığı mənzil tam təmirsiz və yaşamaq üçün olduqca əlverişsiz olduğu üçün onlar yenidən görüşmüş və o, digər Cavabdeh4 ilə razılaşaraq gələcəkdə mənzilə ödəyəcəyi puldan çıxmaq şərtilə aldığı mənzilə ümumilikdə təxminən 4000 manata yaxın pul vəsaiti təmir xərci çəkmişdir. 2018-ci ilin noyabr ayı da daxil olmaqla 2019-cu il in sonunadək Cavabdeh3 "xxxx" ASC-yə evə dair krediti ödəməsi üçün hər ay 100 manat pul vermişdir (ümumi olaraq 1400 manat). Bu yaxın zamanda məlum olub ki, cavabdehlər etibarından sui-istifadə edərək ona satdıqları mənzilə hələ o, almamışdan da əvvəl digər cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontorunda qeyri-qanuni yolla mövcud mülki qanunvericiliyin tələblərinə zidd olaraq xx.xx.2013-cü ildə ipoteka ilə yüklü etmişlər. Bu hüquqazidd hərəkətlərlə bağlı məlumatlanan kimi o, dərhal cavabdehlərdən məlumat almaq istəmişdir. Lakin cavabdehlər sanki hüquqi addım atıblarmış kimi davranaraq özlərinin hüquqazidd və qanunsuz hərəkətlərinə «haqq qazandırırlar», ona isə əlindən gələni etməyi məsləhət gördülər. Cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontoru ipoteka müqaviləsini rəsmiləşdirərkən müqavilənin baş tutmasında «maraqlı» olduğundan mövcud mülki qanunvericiliyin tələblərinə fikir vermədən dərhal müqaviləni təsdiqləmişdir. Əslində cavabdehlər qeyd olunan əqdin bağlanması zamanı daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsində nəzərdə tutulan konkret qanuni tələbləri araşdırmalı və müvafiq qərar qəbul etməli idilər. Cavabdehlər isə bunu bildikləri halda mövcud qanunun birmənalı və konkret tələblərini qəsdən pozaraq qısa bir müddət ərzində müqavilələrin təsdiqlənməsinə nail olmuşlar. Bütün bu qanunsuz və hüquqazidd hərəkətlərin ucbatından onun konstitusion hüquqları hazırda tamamilə məhdudlaşdırılmış, cavabdehlərin hüqqazidd hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyanlar vurulmuş, nüfuzu alçaldılmışdır. Təəssüflər olsun ki, cavabdehlər onu qanunsuz yolla bəzi hüquqlardan məhrum etmişlər. Uzun müddəti əzab-əziyyəti ilə çətinliklərlə əldə etdiyi 8.500 manat pul vəsaitini mənimsəyən cavabdehlər bu günkü gün onu aldığı mənzildən çıxartmağa çalışırlar. O, isə 2 ildir ki, aldığı mənzildə yaşayır və mənzilin Banka qalan qalıq kredit borcunu ödəməyə hazır olması ilə bağlı banka da dəfələrlə məlumat vermişdir. Mənzil alan zaman o, anası ilə bərabər və özü də bir dəfə də tək olmaqla Krım Respublikasından 2.100 manat xərc çəkərək Azərbaycan Respublikasına gəlmişdir. Bütün bunlara baxmayaraq ev almaq üçün çəkdiyi xərclərin müqabilində cavabdehlərin məqsədi onun çəkdiyi xərcləri ört-basdır etmək və ona ziyan vurmaq olmuşdur. Cavabdehlərin etibarından sui-istifadə edərək daşınmaz əmlak satmaq adı ilə ondan pul ələ keçirmələri onların hüquqazidd hərəkət etmələrinin bariz nümunəsidir. İpoteka müqaviləsi özü də qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab vermədən bağlanılmışdır. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilən əmlakın ölçüləri tam əks edilməmiş, mənzilin köməkçi və əsas yaşayış sahəsi təsvir edilməmiş, ipoteka ilə yüklü edilən mənzilin məhz hansı mərtəbədə olması qeyd edilməmiş, eləcə də mənzilin dəqiqləşdirilməmiş, ümumi sahəsi sadəcə formallıq xatrinə müqaviləyə əlavə edilmişdir. Qanunun konkret və birmənalı tələbinə əhəmiyyət verməyən cavabdehlər qeyd edilən halların müqavilədə əks edilməməsinə rəğmən qeyri-qanuni üsulla müqavilənin bağlanılmasına nail olmuşlar. Cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində ona həm də mənəvi zərər vurulmuşdur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3757/2020 saylı, 02 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh3 İddiaçı xeyrinə 8.500 (səkkiz min beş yüz) manat tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh3 anası X2 məxsus olmuşdur və xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 anası tərəfindən verilmiş etibarnamə əsasında həmin mənzilini Cavabdeh4 satmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh4 məxsus mənzilin Cavabdeh3 tərəfindən hər hansı bir hüquqi əsas olmadan İddiaçı yaşamaq üçün verilmişdir. Sonuncu isə həmin mənzildə təmir etdirdiyində görə kirayə haqqı ödəməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla Cavabdeh3 arasında olan razılaşma əsasında mübahisəli mənzilin almaq məqsədi ilə 2018-ci ildə iddiaçı 3.100 manat pul ödəmişdir. Mənzildə təmir edilməsi üçün iddiaçı 4.000 manat xərc çəkmişdir. Həmin mənzilin Cavabdeh4 məxsus olması barədə iddiaçının xəbəbri olmamışdır. Bu səbəbdən iddiaçı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2013-cü il tarixli ipoteka müqavilənin tərəfləri "xxxx" ASC və Cavabdeh4dur. İddiaçı isə müqavilənin tərəfi deyil və həmin müqavilə üzrə hər hansı hüquqa və vəzifəyə malik deyil. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin tərəfi olmadığından, o, müqavilə üzrə hər hansı hüquq və vəzifə əldə etməmiş və malik deyil. Bu səbəbdən onun həmin müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi müqavilənin tərəfi olmadığından, onun hazırki tələblə (müqaviləyə münasibətdə) çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 10.600 manat maddi ziyanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, şahid ifadələri ilə və qiymətləndirmə rəyini nəzərə alaraq, müəyyən ardıcıllıqlarda iddiaçı Cavabdeh3 3100 (üç min yüz ) manat , və kreditin ödənilməsi üçün 1400 manat pulun verildiyi sübuta yetirilir. Məhkəmə həmçinin təmir xərcləri olan 4000 manat hissəsi ilə bağlı qeyd edir ki, qiymətləndirmə rəyini və şahid ifadələrini nəzərə alaraq iddiaçının mübahisəli mənzilə təmir ilə bağlı xərc çəkmişdir. Maddi ziyanın digər hissəsi olan 2100 manatla bağlı iddiaçı tərəfindən heç bir mötəbər (yazılı sübut, şahid ifadəsi və s) sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və Cavabdeh3 iddiaçının xeyrinə cəmi 8.500 (3.100+1.400+4.000) manat məbləğində pul tutulmalıdır. Məhkəmə mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətdə göstərir ki, 2013-cü ildə maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar, kredit götürmək üçün "xxxx" ASC-nin Şabran filialının müdiri X4 müraciət etmiş, rəsmi iş yeri olmadığına görə ona kredit verilməsinin mümkün olmadığı bildirilmişdir. Bankla aralarında olan razılığa əsasən, ona kredit ayrılması üçün anası Saatxanım Nadirovaya məxsus mənzili ipotekaya qoymalı oldu. Buna görə də, qohumu, arvadının qardaşı oğlu Cavabdeh4 ilə görüşərək ona köməklik göstərməsini, yəni həmin mənzili alqı-satqı və ipoteka müqaviləsinə əsasən onun adına rəsmiləşdirməklə, sonuncuya veriləcək kredit pulunu ona verməsini təklif etdi, təklifi də qəbul edildi. ünvan 1-i 2017-ci ildə İddiaçı aylıq 100 manat kirayə haqqı ödəməsi şərti ilə kirayəyə verdi və İddiaçı onun razılığı ilə həmin mənzilə köçmüşdür. Həmin mənzili iddiaçıya satmamış və ona həmin mənzilə görə hər hansı bir ödəniş etməmişdir. Sonradan aralarındakı şifahi razılaşmaya əsasən İddiaçı evi təmir etdirdiyinə görə heç bir kirayə haqqı ödəməmişdir. Bu faktı İddiaçı vaxtı ilə Siyəzən RPŞ-nin Təhqiqat Qrupuna verdiyi izahatında özü də təsdiq etmişdir. Amma məhkəmə həmin faktlara hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Həm də İddiaçı Bakı şəhərində iddia qaldırmaq üçün "xxxx" ASC-ni cavabdeh kimi iddia ərizəsinə salmış və subyektiv hüququ olmadan cavabdehlərə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn hüquqi nəticələrin ləğvi” tələbini irəli sürmüşdür. Çünki, iddia ərizəsində göstərilmiş digər cavabdehlər hamısı Siyəzən qeydiyyatındadır və Cavabdeh2 da Siyəzən şəhərində yerləşir. İddiaçı iddiasına Siyəzən Rayon Məhkəməsində baxılmalı idi. İddiaçı iddiası əsassızdır, iddia ərizəsində göstərdikləri yalandır və onun iddiası məhkəmə tərəfindən təmin edilməməli idi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər "xxxx" ASC-nin, Cavabdeh2 nümayəndələri və Cavabdeh4 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. 19.Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091- 1095-ci maddələri nəzərdən keçirilə bilər. Lakin iddia ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik Cavabdeh3 etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz.
20. Belə ki, ilk növbədə iddiaçı iddianın təmin edilən hissəsinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Başqa sözlə, iddiaçının mübahisəli mənzilə görə Cavabdeh3 3100 (üç min yüz ) manat və kreditin ödənilməsi üçün 1400 manat verdiyi sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən məhkəməyə hansısa mötəbər sübut təqdim edilməmişdir. İş üzrə dindirilmiş şahidlərin ifadələri də sübut edilməli halları bilavasitə təsdiq etmir. Belə ki, şahid Elşən Allahverdiyev iddiaçının bilavasitə Cavabdeh3 pul verdiyini təsdiq etmir. Digər şahid Vaqif Babayev isə özünün Suqradan 3100, 1500, 800 manat alaraq Şabəddinə verdiyini göstərir.Göründüyü kimi, bu cür şahid ifadələri həmin məbləğin iddiaçı tərəfindən Cavabdeh3 verildiyini təsdiq etmir. Apellyasiya baxışı zamanı da iddiaçı əsas tələbinin mənzilin təmirinə çəkdiyi xərcin əvəzini əldə etmək olduğunu göstərdi. Deməli, iddiaçı da tələbin həmin hissələri üzrə iddiasının üzərində israrla dayanmır.
21. Mənzilin təmiri üçün çəkilmiş 4000 manat xərcin Cavabdeh3 alınaraq iddiaçıya ödənilməsi isə ümumiyyətlə əsassız olmuşdur. Yəni, tələbin bu hissəsi əsaslı olsa belə qeyd olunan məbləğ Cavabdeh3 alına bilməzdi. Çünki, sonuncu mənzilin mülkiyyətçisi olmamışdır. Mənzilin mülkiyyətçisi olan digər Cavabdeh4 aid hissədə isə iddia rədd edilmiş, iddiaçı isə həmin hissəni mübahisələndirməmişdir. Göründüyü kimi, bu hallar da mübahisələndirilən təmir xərci hissəsində iddianın əsassızlığına dəlalət edən faktlardır.
22. Məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda daşınmaz əşyaların alqı-satqısı, hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına da zərurət və əsas olmazdı.
23. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3757/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə də iddia təmin edilməməlidir.
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3757/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə də iddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.