Məhkəmə qərarları › İş №2(004)-888/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-888/2023

16.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-888/2023 16.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, 50 manat mediasiya xərci və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Maraqlı şəxs Ərizəçi MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslanıdırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən, sonuncu “mühasib” vəzifəsinə təyin edilmişdir. Ərizəçi MMC-nin mühasib vəzifəsində fəaliyyət göstərən Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir üzrlü səbəb göstərmədən bütün iş günü müddətində işə gəlməmiş və əmək funksiyasını yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixdə MMC tərəfindən Maraqlı şəxs ünvanına işə gəlməməsinin səbəbinin aydınlaşdırılması üçün bildiriş göndərilmişdir. Bu barədə 30 sentyabr 2022-ci il tarixdə müvafiq akt tərtib olunmuşdur. Lakin Maraqlı şəxs yenidən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir üzrlü səbəb olmadan bütün iş günü müddətində işə gəlməmiş və əmək funksiyasını yerinə yetirməmişdir. Bu barədə 11 oktyabr 2022-ci il tarixdə müvafiq akt tərtib olunmuşdur. Daha sonra 03 oktyabr 2022-ci il tarixdə müəyyən olunmuşdur ki, Ərizəçi MMC-də mühasib vəzifəsində fəaliyyət göstərən Maraqlı şəxs 2022-ci ilin oktyabr ayının əvvəlində müəssisənin kassasından 2.800 manat məbləğində pul vəsaitini götürmüşdür. Bu hal xx.xx.2022-ci il tarixli akt ilə rəsmiləşdirilmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli izahatında Ərizəçi MMC-nin kassasından şəxsi ehtiyacları üçün 2.800 manat məbləğində pul vəsaiti götürdüyünü etiraf etmiş və hissə-hissə geri ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs yenidən xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və əmək funksiyasını yerinə yetirməmişdir. Bu barədə 20 oktaybr 2022-ci il tarixdə müvafiq akt tərtib olunmuşdur. 20 oktyabr 2022-ci il tarixli Əmrə əsasən, Baş Ofis bölməsində mühasib vəzifəsində işləyən Maraqlı şəxs ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Maraqlı şəxslə 6 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən hər iki tərəf 2800 (iki min səkkiz yüz) manat məbləğində pul tələbinə dair mübahisə üzrə qarşılıqlı razılığa gəlmişlər. Qarşılıqlı razılığa əsasən maraqlı şəxs Ərizəçi MMC-nin xeyrinə 4 ay müddətində hər ayın 5-dək 700 (yeddi yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, barışıq sazişi ilə tanışdır. Ərizənin təmin edilməsinə etirazı yoxdur. Belə ki, 6 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişini özü imzalamasına baxmayaraq üzərinə götürdüyü öhdəliyi, yəni hər ayın 5-də 700 manat ödənişi etməyə maddi imkanı olmamışdır. Hazırda barışıq sazişini könüllü olaraq icra etməyə imkanı yoxdur. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq 6 saylı Mediasiya təşkilatında bağlanmış və mediator Leyla Hüseynova tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, 1. Tərəflər aşağıdakı məzmunda razılığa gəlir: 1.1 Hər iki tərəf 2.800 manat məbləğində pul tələbi mübahisəsi üzrə qarşılıqlı razılığa gəlməyi öhdəsinə götürür. 1.2 Qarşılıqlı razılığa əsasən “İkinci tərəf” (Maraqlı şəxs) Ərizəçi MMC-nin xeyrinə 4 ay müddətində hər ayın 5nə dək 700 (yeddi yüz) manat ödəməyi öhdəsinə götürür. 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. 5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. 8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır. 13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. 16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 13.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 13.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 13.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqajılannın bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. 22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. 24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. 25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı 6 saylı Mediasiya təşkilatında bağlanmış və mediator Leyla Hüseynova tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, ərizə barışıq sazişinin təsdiq olunması hissəsində tam təmin edildiyindən məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 manat Maraqlı şəxs Ərizəçi MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Maraqlı şəxs mediasiya prosesində iştirak etməsini və nəticədə barışıq sazişinin imzalanmasını nəzərə alaraq qeyd edir ki, mediasiya xərci tərəflər arasında bərabər bölünməli, 50 manatın ½ hissəsi olan 25 manat ərizəçiyə aid edilməli və qalan 25 manat məbləğində pul vəsaiti Maraqlı şəxs Ərizəçi MMC-nin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Tərəflər aşağıdakı məzmunda razılığa gəlir: 1.1. Hər iki tərəf 2.800 manat məbləğində pul tələbi mübahisəsi üzrə qarşılıqlı razılığa gəlməyi öhdəsinə götürür. 1.2. Qarşılıqlı razılığa əsasən “İkinci tərəf” - Maraqlı şəxs “Birinci tərəf” - Ərizəçi MMC-nin xeyrinə 4 (dörd) ay müddətində hər ayın 5-dək (beşinədək) 700 (yeddi yüz) manat ödəməyi öhdəsinə götürür. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Maraqlı şəxs Ərizəçi MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar