Məhkəmə qərarları › İş №2(004)-918/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-918/2022

14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-918/2022 14.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07.12.1960-cı il təvəllüdlü X4 21.12.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, O xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, özü və anası heç bir yerə qeydiyyatda deyil. Lakin anası Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yaşayarkən rəhmətə getmişdir. X2 onun anasıdır. Mərhum anası 07 dekabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 21 dekabr 2021-ci il tarixində anası Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında olarkən qəflətən vəfat etmişdir. Təcili tibbi yardım mənzilə gələrək xəbərdarlıq vərəqəsi vermiş, lakin ölümün səbəbi qeyd edilmədiyindən arayış ala bilməmişdir. Bu səbəbdən də o mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün maraqlı şəxs Yasamal Rayon Qeydiyyat Şöbəsinə şifahi olaraq müraciət etmişdir və onlar ölüm faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməklərini məsləhət görmüşlər. Hazırda yaranmış problemlərlə əlaqədar anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal Rayon Qeydiyyat Şöbəsi işlərinin çoxluğunu nəzərə alaraq ,işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, X2 onun anasıdır, 21 dekabr 2021-ci il tarixdə vəfat edərkən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında onun yanında olmuşdur, anasının qəflətən halı pisləşmiş və vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, X2 onun qaynanasıdır, həqiqətən də 21 dekabr 2021-ci il tarixdə , Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 07.12.1960-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Xİ-JQ seriyalı, 488918 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. X3, atası X7r. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 04.02.2022-ci il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndalıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzinin 34 saylı şəhər poliklinikasından 27.12.2021-ci il tarixdə verilmiş 300 nömrəli məlumatdan görünür ki, Səbail RPİ, A.Abbaszadə ünvanında qeydiyyatda olub, Badamdar qəsəbəsi İ yaş/massivi ünvanında qeydiyyatsız yaşayan 21.12.2021-ci il tarixdə rəhmətə getmiş, 07.12.1960-cı il təvəllüdlü X4 34 saylı şəhər poliklinikasında ambulator kartı və poliklinikaya hər hansı bir xəstəliklə bağlı heç bir müraciətləri olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilmişdir. İş materiallarında olan Bakı şəhər Təcili və X8 Stansiyasının 4 saylı bölməsi tərəfindən verilmiş 21.12.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhər Təcili və X8 Stansiyasının 4 saylı bölməsi tərkibinə 21.12.2021-cı il tarixdə, saat 22:15-də Bakı şəhəri, ünvan 4 ünvana olan X5 üçün çağırış edilmiş və şəxsin həmin ünvanda ölməsi qeyd edilmişdir. İş materiallarında olan 27.12.2021-ci il tarixli Ərizəçi verilmiş arayışdan görünür ki, Ərizəçi anası X1 qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 07.12.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş X4 21.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.12.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş X4 21.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar