Məhkəmə qərarları › İş №2(005)-1006/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1006/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1006/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx.xx.1990-cı ildə Naxçıvan MR, Şərur rayon, Düdəngə kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi bildirmişdir ki, mərhum X4 onun qızı idi. O, xx.xx.1990-cı ildə Naxçıvan MR, Şərur rayon, Düdəngə kəndində doğulmuşdu. xx.xx.1990-cı il tarixdə qızı Cabbarova Gülşənin vəziyyəti ağırlaşdı və X25 gələnə qədər o, vəfat etdi. Onlar qızlarını Cabbarova Gülşəni həmin gün Şərur rayon Düdəngə qəbiristanlığında dəfn etmişdilər. Bundan sonra, o ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirildi ki, «ölüm haqqmda akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər ölüm haqqmda tibbi şəhadətnamə yoxdursa, bu halda ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət edilməlidir. O, bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi anasıdır. Mərhum bacısı idi və bacısı rəhmətə gedərkən onun 1,5 yaşı var idi. Bacısı xatırlayır. Onlar ümumi 8 bacı-qardaş idilər, onlardan iki nəfər uşaqlığında biri isə 26 yaşında olarkən rəhmətə getmişdir. Digər rəhmətə gedənlərdən 26 yaşında qardaşının ölüm haqqında şəhadənaməsi olsada, mərhum bacısının yox idi. Həmçinin digər rəhmətə gedən uşağın isə ümumiyətlə doğum faktı qeydə alınmamışdır. Rəhmətə gedənlər Gülşən, Tural və Hüseyn olmuşdur. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamə haqqında arayışdan görünür ki, X4 xx.xx.1990-cı il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, İV-JQ 368025 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 xx.xx.1987-ci tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Cabbarov, arvada Cabbarova soyadı verilmişdir. İş materiallarında olan ******* tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, məh. 758, 4 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Şərur rayonu Nikah Evi tərəfindən verilmiş XV-JQ ******* saylı, xx.xx.2024-cü il tarixli, doğum haqqında akt qeydinin surətindən görünür ki, X5 xx.xx.1990cı ildə Şərur rayonu, Düdəngə kəndində anadan olmuşdur. Bu barədə Şərur rayonu, Düdəngə kənd İ.N tərəfindən xx.xx.1990-cı il tarixdə 129 №-li doğum haqqında akt qeydi tərtib edilmişdir. X1, anası Ərizəçi Əkbər qızıdır. İş materiallarında olan Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Biz adları aşağıda göstərilənlər. 1.X13- Düdəngə kənd İ.Ə.D.üzrə Nümayəndə, 2.X7- Düdəngə kənd Bələdiyyəsinin sədri, 3.X22- Düdəngə kənd İ.Ə.D üzrə nümayəndəlikdə müavin, 4.X10-qonşu 5.X6-qonşu bu aktı tərtib edirik ondan ötrü ki, həqiqətən də Düdəngə kənd sakini olmuş mərhumə X8 xx.xx.1990-cı ildə anadan olmuş, lakin qarşısı alınmaz xəstəliyi olduğu üçün xx.xx.1990-cı ildə Şərur rayon Düdəngə kəndində vəfat etmişdir. Ailə üzvlərinin diqqətsizliyindən ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhumə Düdəngə kənd qəbristanlığında yaxınlarının yanında dəfn edilmişdir.” İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024cü il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, X2 ölümünün qeydə alınması barədə xx.xx.2024-cü il tarixli müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki , Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə “ olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi bağlı aidiyyəti məhkəməyə müraciət edəsiniz.” Azərbaycan Respublikası MPM-in: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1990-cı il təvəllüdlü X4 xx.xx.1990-cı ildə vəfat etmişdir. Ərizəçi uşağının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 xx.xx.1990-cı ildə Şərur rayon Düdəngə kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.1990-cı ildə Şərur rayon Düdəngə kəndinə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar