Məhkəmə qərarları › İş №2(005)-1036/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1036/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1036/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, H063KK18-H01918 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 bankın xeyrinə H063KK18- H01918 saylı, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 38697.98 manat əsas, 8396.78 manat faiz və 6505.18 manat cərimə borcunun, cəmi 53599.94 manat borcun və tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzili (2 otaq, yaşayış sahəsi 48.7 kv.m., ümumi sahə 104.9 kv.m.) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 həmin əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bankla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixində bağlanılmış H01918 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində H063KK18-H01918 saylı, xx.xx.2018-ci il tarixli Kredit sazişinə əsasən 24 ay müddətinə, illik 21 faiz olmaqla 40000 manat kredit verilmişdir. Bu kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 ilə “Bank” arasında bağlanmış xx.xx.2018 tarixli ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış H01918 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində H063KK18-Fİ01918 saylı Kredit Müqavilələrinin təminatı qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, MFİ ******* N:li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13a, mənzil 103 Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hüquqlarımız müvafiq olaraq xx.xx.2018-ci il tarixdə RX ******* saylı çıxarışla qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixinə cavabdehin «Bank»a H063KK18-H01918 saylı, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 38697.98 manat əsas, 8396.78 manat faiz və 6505.18 manat cərimə borcu yaranmışdır. Həmçinin digər Cavabdeh5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli Zaminlik müqavilələrinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. İddiaçı-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixində bağlanılmış H01918 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində H063KK18-H01918 saylı, xx.xx.2018-ci il tarixli Kredit sazişinə əsasən 24 ay müddətinə, illik 21 faiz olmaqla 40000 manat kredit verilmişdirİş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün Ərizəsinə əsasən korporativ karı vasitəsi ilə 5000 (beş min) manat məbləğdə kredit xətti açılmışdır. xx.xx.2018-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 ilə “Bank” arasında bağlanmış xx.xx.2018 tarixli ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli Z1-H01918 saylı, xx.xx.2018-ci il tarixli, Z2-H01918 Z2130 saylı Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh5 və Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli Zaminlik müqavilələrinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən 13 a nömrəli evin 103 saylı mənzili İddiaçı-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 299 nömrəli reyestr kitabının 28568 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh3, Cavabdeh1 qızına və Cavabdeh5 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan mənzilə yönəldiləcəyi barədə xəbərdarlıq edilmiş, razılıq əldə edilməsi üçün banka müraciət etmələri xahiş olunmuşdur. xx.xx.2019-cu il tarixli İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2019-cu il tarixdə, **********94 nömrə ilə qeydə alınmışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, iş üzrə İddiaçı həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu cavabdeh X2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/585 №-li rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh1 tərəfindən İddiaçı-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2020-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 48695,76 manat məbləğində müəyyən edilir, o cümlədən, əsas borc üzrə 38,714 manat, faiz borcu üzrə 9981,76 manat müəyyən edilir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh5 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışından da görünür ki, cavabdehin 38697,98 manat əsas, 8396,78 manat faiz borcu var və cavabdehlər xx.xx.2020-ci il tarixdə müddəti bitəcək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit üzrə 6505,18 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin məbləğ azaldılmalı, 1000 manata endirilməlidir. Beləliklə, məhkəmə iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 İddiaçı-nin xeyrinə 38697,98 manat əsas borc, 8396,78 manat faiz borcu və 1000 manat cərimə borcu olmaqla, ümumilikdə 48094,76 manat məbləğində borc tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi tələbin cavabdeh - Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzili (2 otaq, yaşayış sahəsi 48.7 kv.m., ümumi sahə 104.9 kv.m.) ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 həmin əmlakı boşaldaraq banka təhvil verilməsi hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, “X4” MMC-nin xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi haqqında hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 13 a nömrəli evdə yerləşən 103 nömrəli mənzilin likvid qiyməti 219 300 manat təşkil edir. Məhkəmə qeyd edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzilə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 219300 manat müəyyən edilməli, mənzil satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. Məhkəmə “ipoteka predmetinə tutma yönəldikdən və əmlakın açıq hərracdan satılmasından sonra 1 (bir) ay ərzində əmlakın boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi” tələbinə münasibətdə qeyd edir ki, iddiaçının cavabdehin ipoteka ilə yüklü edilmiş həmin mənzilin boşaldılması və yeni mülkiyyətçiyə təhvil verilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Ona görə də həmin hissədə iddia tələbi əsassızdır. Məhkəmə hesab edir ki, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzili Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərk etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə, mühasibatlıq və qiymətləndirmə ekspertizalarının xərci cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 İddiaçı-nin xeyrinə 38697,98 manat əsas borc, 8396,78 manat faiz borcu və 1000 manat cərimə borcu olmaqla, ümumilikdə 48094,76 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzilə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 219300 manat müəyyən edilsin. Mənzil satılsın və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh3 qaytarılsın. Mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində istifadədə olan 0.14075 ha torpaq sahəsində yerləşən 13A nömrəli binanın 103 nömrəli mənzili Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərk etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 tutularaq, “xxxx” MMC-nin hesabına VÖEN **********, Hesab № AZN: AZ25GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X6” MMC-nin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar