Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1085/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh və onun nümayəndəsi vəkil X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 ABŞ dolları (6460 manat) əsas borc, 5000 (beş min manat) dəyərində mənəvi zərərin və 30 manat məbləğində ödədiyi dövlət rüsumunun cəmi 11.490 manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qohumudur. Onunla lap yaxın münasibəti 2012-ci İldən sonra, yəni anası rəhmətə gedəndən sonra yarandı. Vaxtaşırı onlara gedib-gəlirdi, ona təsəlli verirdi. Onun anasından ona bir az pul qaldığını bilirdi və bu səbəbdən həmin ərəfədə ondan borc pul istədi. O, həmin pulu cavabdehə vermiş və cavabdeh qısa müddətdə qaytarmışdır. 2016-cı ilin yanvar ayında cavabdeh iddiaçıdan 3800 (üç min səkkiz yüz dollar: 6460 manat) məbləğində borc pul istədi və iddiaçı tərəddüd etmədən həmin məbləği ona vermişdir, lakin ürəyi sakit olsun deyə ondan borc pul almasına dair ərizə almışdır. Həmin ərizədə iddiaçıdan 3800 ABŞ dolları (6460 manat) borc pul almasını qeyd etməklə 2018-ci ilin dekabr ayına qədər qaytarmasına dair öhdəlik götürmüşdür. İddiaçı dəfələrlə ona pulun qaytarmasını bildirsədə cavabdeh müxtəlif bəhanələr gətirməklə həmin pulu ödəməkdən boyun qaçırır. Belə ki, hər dəfə bildirir ki, qısa zamanda pulu qaytaracaqdır. Bu barədə onlar watsap vasitəsi ilə də danışmış, lakin hazırda pandemiya ilə əlaqədar kompyüter zalları işləmədiyindən iddiaçı watsapdan çıxarış edə bilməmişdir. Lakin telefonunda həmin yazılar mövcuddur. Məhkəmədə işə baxılan zaman iddiaçı həmin yazışmaları çıxararaq məhkəməyə təqdim edəcəkdir. Hazırda iddiaçıya məlumdur ki, cavabdeh könüllü olaraq borcu qaytarmaqdan imtina edir. Qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehin iddiaçı ilə aralarda bağlanmış yazılı müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. İddiaçı onu da qeyd etmişdir ki, cavabdehin bu hərəkəti iddiaçıya maddi və mənəvi zərər vurmaqla iztirablar gətirmişdir. İddiaçı bununla əlaqədar psixoloji sarsıntılar keçirmiş, dəfələrlə bu hadisə ilə bağlı təzyiqinin qalxmasından həkim çağırmışdır. Cavabdeh 3800 ABŞ dolları (6460manat) maddi zərər vurmaqla yanaşı iddiaçıya mənəvi zərər də vurmuşdur və həmin mənəvi zərərin dəyərini iddiaçı 5000 manat (beş min manat) məbləğində qiymətləndirir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4467 (dörd min dörd yüz altmış yeddi) manat əsas borcun, 5000 (beş min) manat mənəvi zərərin və 30 (otuz) manat ödədiyi dövlət rüsumunun, cəmi 9497 (doqquz min dörd yüz doxsan yeddi) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı tələb edilən məbləğdən manatla ödənişlər etmişdir. Onun hazırda borcu 4467 manaty təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh 3800 ABŞ dolları borcu olmasına dair imzanın ona aid olmadığını bildirsə də, sonuncu məhkəmə iclasında pulun tam olaraq iddiaçıya ödədiyini bildirdi. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaında cavabdehin nümayəndəsi vəkil X5 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh 30.01.2016-cı ildə İddiaçı 3800 ABŞ dolları almışdır. 2018-ci ilin dekabr ayına qədər geri verəcəkdir. İş materiallarında olan 21.12.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmasa da, borc verilməsi ilə əlaqədar münasibətlər yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış qəbzdə cavabdeh 30 yanvar 2016-cı il tarixdə İddiaçı 3800 ABŞ dolları borc almışdır. 03 mart 2021-ci il tarixdə keçirilən məhkəmə prosesində Cavabdeh iddiaçıdan borc pul almadığını və qəbzdəki imzanın ona aid olmadığını bildirmişdir. Buna görə Bakə şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1085/2021 saylı 03 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin məhkəmə ekspertizasının aparılmasından imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət etmiş və 4467 (dörd min dörd yüz altmış yeddi) manat əsas borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Buna səbəb olaraq isə cavabdeh tərəfindən 1993 manat ödəniş edildiyi olmuşdur. 05 iyul 2021-ci il tarixdəki iclasda isə cavabdeh borcu tam ödədiyini bildirmişdir. Bununla da əvvəlki izahatından fərqli olaraq borcun mövcudluğunu qəbul etmişdir. Lakin bütün məbləğin iddiaçıya tam ödənilməsini sübuta yetirəcək hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, ilk iddia tələbində iddiaçı cavabdehdən 3800 ABŞ dolları və ya onun ekvivalenti kimi 6460 manat ödənilməsini tələb etdiyi halda iddia tələbinin dəqiqləşməsində artıq 4467 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Çünki cavabdeh 1993 manat ödəniş edərək, yəni ümumiyyətlə manatla ödəniş etməsi onun ümumi borc məbləğini manatla qəbul etməsini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh şifahi borc müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı hazırda borc tələbi ilə çıxış etməkdə haqlıdır. Ona görə də cavabdehdən 4467 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4467 (dörd min dörd yüz altmış yeddi) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4467 (dörd min dörd yüz altmış yeddi) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat olmaqla, cəmi 4497 (dörd min dörd yüz doxsan yeddi) manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1085/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1085/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver