Məhkəmə qərarları › İş №2(005)-1129/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1129/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1129/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, anasının qeydiyyatda olduğu və faktiki yaşamış olduğu ünvanlar üzrə xidməti ərazilərdəki poliklinikalar tərəfindən ölüm haqqında tibbi şəhadətnamələrin verilməməsini və buna görə də Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən anamın ölümünün qeydiyyata almamasını nəzərə alaraq, təqdim edilən sənədlər əsasında anası xx.xx.1939cu il təvəllüdlü X4in ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, hazırki mülki iş üzrə Nərimanov rayon qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməklə, anası xx.xx.1939-cu il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası xx.xx.1939-cu il təvəllüdlü X5 ünvan 1 ünvanda qeydiyyatda olmuş, ünvan 2 ünvanında yaşamış və xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Vəfat etdiyi gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə 7 saylı Təcili və X9 Stansiyasından həkim briqadası mənzilə gəlmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsi vermiş, həmin vərəqədə 3 gün ərzində sahə poliklinikasına müraciət olunması göstərilmişdir. Bundan sonra anasının ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi üçün həm qeydiyyat üzrə, həm də faktiki yaşayış üzrə poliklinikalara müraciət etmişdir. Bakı şəhəri, Nərimanov rayonu 8 nömrəli Şəhər Poliklinikası xx.xx.2020-ci il tarixli, 602 nömrəli məktubla anasının poliklinikanın xidməti ərazisində yaşamadığı və ona tibbi ambulator kartanın tərtib edilməməsi səbəb göstərərək və Bakı şəhəri, Xətai rayonu 38 nömrəli Şəhər Poliklinikası xx.xx.2020-ci il tarixli, 155 nömrəli məktubla anamın poliklinikanın xidməti ərazisində qeydiyyatsız yaşaması səbəb göstərərək anamın ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə ansının ölümünün qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli, 194 nömrəli məktubla ərizəmə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyati Qaydası"nın 8.5-ci bəndinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 bildirmişdir ki, mərhum X5 onun qayınanasıdır. Bildirir ki, X5 həqiqətən xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Mərhum bizim ilə birgə yaşayırdı, bir müddətdir ki, xəstə idi. Təcili Tibbi yardım gələnə kimi X5 artıq vəfat etmişdir. Ölüm faktının müəyyən edilməsi, ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması və gələcəkdə notarial hərəkətlətin aparılması üçün lazımdır. Məhkəmə iclasında şahid X12 bildirmişdir ki, ərizəçi onun qonşusudur. X2 ifadəsinə uyğun ifadə verərək göstərdiklərini təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizəsnizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyası 7 saylı Yardımçı stansiya tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 14:40-da X1 adına olan çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X1 qəbirüstü abidəsi mövcuddur, üzərində “X5, xx.xx.1939-xx.xx.2020” yazılmışdır. İş materiallarında olan, İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikasının Ərizəçi ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sizin xx.xx.2020-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Nərimanov rayon, Nərimanov rayonu, F.Yusifov ev 23, m 5 qeydiyytda olmuş, mərhuma X6 bizim poliklinikanın xidməti ərazisində yaşamadığına görə ona tibbi ambulator karta tərtib olunmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə uyğun olaraq “Ölüm haqqında tibbi şəhadətnamə"-nin verilməsi qaydasının: 4-cü bəndinə əsasən qeydiyyatda olduğu yerdə, yaşamadığı halda faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir; 12-ci bənd. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. TTYS-nin 7 saylı bölmənin xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsində Xətai rayonu, K.Kərimov küçəsi, ev 17 yaşadığı ünvan qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 38 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli məktubuna göstərilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03. İyul 2015-ci il tarixli, 52 nömrəli əmri ilə təsdiq edilmiş, “Ölüm haqqında tibbi şəhadətnamə"-nin verilməsi qaydasına dair təlimata əsasən tərəfimizdən Bakı şəhəri, F Yusifov küç.,ev.23, mən.5 ünvanında qeydiyyatda olmuş, K.Kərimov 17 ünvanında qeydiyyatsız yaşamış, X3 F-106 (Ölüm haqqında tibbi şəhadətnamə) verilə bilmir. Həmin təlimatın 12-ci bəndinə əsasən məhkəmə qaydası ilə ölüm haqqında sənədi ala bilərsiniz. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X5 xx.xx.2020-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.2020-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar