Məhkəmə qərarları › İş №2(005)-1179/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1179/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1179/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Əfəndiyeva Səlmi XXX Azərbaycan vətəndaşı olduğunu nəzərə alaraq, onun xx.xx.2022-ci il tarixində vəfat etməsi ilə əlaqədar, ölüm haqqında şəhadətnaməsinin alınmasında köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra ərizəyə dəqiqləşdirmə verərək, mərhum nənəsi Səlmi Əfəndiyevanın xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasının, Novo-Frik kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əfəndiyeva Səlmi XXX onun nənəsidir. Nənəsi 1937-ci ildə RF Dağıstan Respublikasında doğulmuşdur. Nənəsi xx.xx.2022-ci il tarixdən öz qızının yanına Rusiya Federasiyası, Dağıstan Respublikasının, Novo-Frik kəndinə getmiş, orda xəstələnmiş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə rəsmi müraciət etmiş, lakin ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunduğu üçün ölüm faktının təsdiq edilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək, mərhum Səlmi Əfəndiyevanın onun qaynanası olmasını, onun doğulduğu Dağıstan Respublikasına gedərək, xəstələnib qayıda bilməməsini və xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasının, Noviy-Friq kəndində vəfat etməsini təsdiq etdi. Həmçinin qaynanasının vəfat etdiyi günün sabahı oğlu Ərizəçi ilə Dağıstan Respublikasına getməsini, orada yas mərasimində iştirak etməsini və yas mərasimin məsrəflərini oğlu ilə birlikdə üzərinə götürməsini bildirdi. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, mərhum Səlmi Əfəndiyevanın onun əmisi yoldaşıdır. xx.xx.2022-ci il tarixdə axşam əmisi oğluna zəng etmiş və həmin zaman X2 Respublikasında rəhmətə getməsini öyrənmişdir. Mərhumun Bakı şəhərində keçirilmiş “cümə axşamı” mərasimlərində iştirak etdiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, 09760488 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əfəndiyeva Səlmi XXX xx.xx.1937-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuşdur; Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 05-0081/75 nömrəli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından, ərizəçinin ərizəsi təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; 4 nömrəli şəhər poliklinikasının məktubundan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü vətəndaş Əfəndiyeva Səlmi XXX xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində yaşadığı ünvanda vəfat etdiyindən, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil; Dağıstan Respublikası Səhiyyə Nazirliyi “Dərbənd Rayonarası Təcili X5”nın İnsan ölümünün müəyyənetmə protokolunun tərcüməsinin notarial təsdiqindən görünür ki, həkim Tariverdiyev T.A xx.xx.1937-ci il təvəllüdlü X3 ölümünü xx.xx.2022-ci il tarixdə, saat 22:31də təsdiq etmişdir; Dərbənd Rayonarası Təcili X5 çağırış kartından xx.xx.2022-ci il tarixli, 199 saylı Çıxarışın tərcüməsinin notarial təsdiqində qeyd edilmişdir ki, xx.xx.1937-ci il təvəllüdlü X3 X6 əvvəl bioloji ölümü baş vermişdir; Rusiya Federasiyası, Dağıstan Respublikası “Xivski rayonu” bələdiyyə təşkili “Novıy Friq kəndi” kənd qəsəbəsi inzibatçılığının xx.xx.2023-cü il tarixli 15 saylı arayışının tərcüməsinin notarial təsdiqindən görünür ki, xx.xx.1937-ci il təvəllüdlü Əfəndiyeva Səlmi həqiqətən xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Dağıstan Respublikası Xiv rayonunun Novıy Friq kənd qəbiristanlığında dəfn edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən nənəsinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun nəvəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi nənəsinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1937-ci il təvəllüdlü Əfəndiyeva Səlmi XXX xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Xiv rayonu, Novıy Friq kəndində ölmüşdür. Ərizəçi nənəsinin ölümü haqqında şəhadətnamə alınması üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1937-ci il təvəllüdlü Əfəndiyeva Səlmi XXX xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Xiv rayonu, Novıy Friq kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü Əfəndiyeva Səlmi XXX xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Xiv rayonu, Novıy Friq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar