Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1207/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 MMC-nə qarşı müqavilənin etibarsızlığı, müqavilənin iddiaçı ilə bağlanması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması, kompensasiyanın ödənilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 MMC-nə qarşı cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, müqavilənin iddiaçı ilə bağlanması öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə vəzifə kimi qoyulması, pul tələbi və çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh2 MMC arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilənin iddiaçı ilə bağlanması öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə vəzifə kimi qoyulması, Cavabdeh1 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə 25 avqust 2018-ci il tarixdən etibarən Cavabdeh2 MMC-dən aldığı pul vəsaitin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, Cavabdeh1 adına verilmiş Seriya RX №0822720 qeydiyyat tarixi 24.12.2013-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh1 və digərlərinə qarşı borc tələbinə iddia ərizəsi üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı 02 avqust 2016-cı il tarixli qətnaməsi 18 yanvar 2017-ci il tarixdə qanuni qüvvəsini almış və qətnamənin icrası ilə bağlı 21 fevral 2017-ci il tarixli icra vərəqəsi verilmişdir. Həmin qətnamə üzrə 45000 ABŞ dolları və 21600 manat borcun Cavabdeh1 iddiaçıya verilməsi qət edilmişdir. Qeyd olunan məbləğ Cavabdeh1 tərəfindən ödənilmədiyi üçün, borcun tutulması onun əmlakına yönəldilmiş və Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 27 ünvanında yerləşən evin ona məxsus 1/9 hissəsi 80000 manata hərraca çıxarılmışdır. Hərracın nəticəsində qeyd olunan əmlak iddiaçıya satılmış yə hərrac təşkilatı ilə aralarında 25 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra həmin əmlaka dair adına çıxarış almaq üçün reyestr xidmətinə müraciət etmiş və oradan imtina məktubu aldığı üçün çıxarış almaq tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu iddia üzrə aparılan məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh1 mübahisəli əmlaka dair dublikat çıxarış alaraq Cavabdeh2 MMC ilə 05 oktyabr 2016-cı il tarixli müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2MMC mübahisəli əmlakın yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada tam təmirli 3 otaqlı,8 0-3 kv.m. mənzili Cavabdeh1 mülkiyyətinə verməyi, habelə binanın tikintisi başa çatanadək müvəqqəti yaşamaq məqsədilə cavabdehə hər ay 500 manat verməyi öhdəsinə götürüb. Qeyd olunan məhkəmə işi üzrə "xxxx" MMC-nin məhkəmə sorğusuna cavabından o da müəyyən edilmişdir ki, Cavabdeh1 25 avqust 2018-ci il tarixdən 25 iyul 2020-ci il tarixədək “Araz- 2011 A" MMC-dən 13000 manat vəsait almışdır. Borc tələbinə dair iddia ərizəsi üzrə işə baxan Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qərardadı ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanının üzərinə həbs qoyulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2018-cı il tarixli qərardadı ilə qeyd olunan əmlak üzərinə qoyulmuş həbs götürülmüşdür. Göründüyü kimi, mübahisəli əmlak üzərində həbs olduğu halda, Cavabdeh1 dublikat çıxarış alaraq "xxxx" MMC ilə 05 oktyabr 2016-cı il tarixli müqavilə bağlamışdır. Bundan başqa, Bakı İnzibati Məhkəməsində işə baxılarkən o da müəyyən olundu ki, mübahisəli əmlakın yerləşdiyi ərazinin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisinin həyata keçirilməsinin Cavabdeh2 MMC-nə razılıq verilməsi barədə Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 339 saylı sərəncamı 17 oktyabr 2016-cı il tarixdə verilməsinə baxmayaraq, Cavabdeh2 MMC Cavabdeh1 ilə 05 oktyabr 2016-cı il tarixdə, yəni adıçəkilən sərəncamdan 12 gün əvvəl müqavilə bağlamışdır. Göründüyü kimi, cavabdehlər arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli müqavilə qanunsuzdur. Eyni zamanda, Cavabdeh1 borcunun tutulması ona məxsus mübahisəli əmlaka yönəldilmiş və bu əmlak 25 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. Cavabdeh1 iddia tələblərini qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş verilməsinə baxmayaraq,heç bir səbəb təqdim etmədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 12 avqust 2016-cı il tarixli, 2(103)-5795Ə2016 saylı Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli qətnaməsi iddia tələbinin cavabdeh X2 İddiaçı xeyrinə 2800 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 300 manat məbləğində borcun alınıb İddiaçı verilməsi, cavabdeh X4 münasibətdə iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə Cavabdeh1 və X4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 05 oktyabr 2016-cı il tarixli cavabdehlər arasında bağlanmış müqavilədən görünür ki, Cavabdeh2MMC mübahisəli əmlakın yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada tam təmirli 3 otaqlı,8 0-3 kv.m. mənzili Cavabdeh1 mülkiyyətinə verməyi, habelə binanın tikintisi başa çatanadək müvəqqəti yaşamaq məqsədilə cavabdehə hər ay 500 manat verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Seriya RX №0822720 qeydiyyat tarixi 24.12.2013-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisə edilən əmlak ünvan 3 ünvanında yerləşir və Cavabdeh1 ********** nömrəsi ilə 09.08.2012-ci il tarixlə xüsusi mülkiyyət əsasında 1/9 hissədə məxsus olan fərdi yaşayış evidir. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 339 saylı 17 oktyabr 2016-cı il tarixli sərəncamından görünür ki, mübahisəli əmlakın yerləşdiyi ərazinin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisinin həyata keçirilməsinin Cavabdeh2 MMC-nə razılıq verilmişdir. İş materiallarında olan 30.10.2020-ci il tarixli 2-1(112)-2328/2020 saylı Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin qeydiyyata alınması və çıxarışın verilməsi tələbi barədə iddia rədd edilmişdir. İş materiallarında olan 69/04 nömrəli “hərracın yekunları barədə” protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/9 hissəsinin ilkin hərrac qiyməti 80000 manat müəyyən edilmişdir. Sonda isə mülkiyyətində olan fərdi yaşayış evi həmin hissədə hərracda 80000 manata İddiaçı satılmışdır. İş materiallarında olan 25 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqsatqı müqaviləsində görünür ki, Bakı şəhəri,Nərimanov rayonu,Əbdüləzəl Dəmirçizadə küçəsi,ev 27 ünvanında yerləşən fərdi yaşayış evinin 1/9 hissəsi İddiaçı 80000 manata satılmışdır. İş materiallarında olan Nərimanov rayon İcra və probasiya Şöbəsinin Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlandığı 04.06.2018-ci il tarixli 17/69- 85381/17-6833-3 nömrəli məktubdan görünür ki, Bakı şəhəri,Nərimanov rayonu,Əbdüləzəl Dəmirçizadə küçəsi,ev 27 ünvanında yerləşən fərdi yaşayış evinin X4 məxsus 1/9 hissəsinin İddiaçı adına qeydiyyatına alınmasının təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsəsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsəsən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 460.3-cü maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonrahüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə məxsus daşınmaz əmlakın hərracdan alması, cavabdehin həmin əmlakın dövlət qeydiyyatına dair çıxarışın dublikatından istifadə edərək, əmlakın digər cavabdeh tərəfindən sökülməsi, əvəzində yerində tikilən yeni binada mənzilin verilməsi və hər ay kirayə haqqı ödənilməsi barədə müqavilə bağlanması işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, cavabdeh X3 yuxarıda qeyd edilən əqdin bağlanması üçün tamhüquqlu şəxs olmamış, çünki həmin əmlaka cavabdehdən iddiaçının xeyrinə tutulan borcun ödənilməsi məqsədi ilə məhkəmə qərarı ilə həbs qoyulmuş, daha sonra əmlak hərraca çıxarılmış və iddiaçı tərəfindən alınmışdır. Göründüyü kimi, cavabdehlər arasında bağlanan müqavilə buna qanunda nəzərdə tutulan şərtlərin pozulması ilə bağlanmış və etibarsız hesab edilməli, müqavilə ilə əldə etdiklərini tərəflər qaytarmalıdır. Cavabdeh X1 adına mübahisəli əmlaka Daşınmaz əmlakım dövlət reyestri tərəfindən verilən çıxarış həmşinin ləğv edilməli, çünki əmlak iddiaçının adına özgəninkiləşdirilmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X3 və Cavabdeh2 MMC arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli müqavilə bağlandığı andan etibarsız hesab edilməli, həmin müqavilənin iddiaçı ilə bağlanması öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə vəzifə kimi qoyulmalı, Cavabdeh1 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə 25 avqust 2018-ci il tarixdən etibarən Cavabdeh2 MMC-dən aldığı kirayə haqqını təşkil edən pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrimə tutulmalı və Cavabdeh1 adına verilmiş Seriya RX №0822720 qeydiyyat tarixi 24.12.2013-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X3 və Cavabdeh2 MMC arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli müqavilə bağlandığı andan etibarsız hesab edilsin. Həmin müqavilənin İddiaçı ilə bağlanması öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə vəzifə kimi qoyulsun. 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə 25 avqust 2018-ci il tarixdən etibarən Cavabdeh2 MMC-dən aldığı pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 adına verilmiş Seriya RX №0822720 qeydiyyat tarixi 24.12.2013-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1207/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1207/2021
17.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver