Məhkəmə qərarları › İş №2(005)-1231/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1231/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1231/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ərizəsi üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; ölüm faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X4 xx.xx.2015-ci il tarixdə Belarusiya Respublikasının Minsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X7 onun oğlu olmuşdur. O, xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuşdur. 2015-ci ildə onun qan xərçəngi xəstəliyinə tutulduğunu öyrənmişlər. Müalicə üçün onu Belarusiya Respublikasının Minsk şəhərinə aparmışlar. Minsk şəhərində yerləşən Respublikanski Elmi-Praktiki Onkoloji uşaq mərkəzində müalicə alarkən xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X1 Abşeron rayonu Məhəmmədli qəsəbəsində yerləşən qəbiristanlığında dəfn etmişdirlər. Bundan sonra ölüm haqqında şəhadətnamə almaq üçün Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona rəsmi olaraq bildirilmişdir ki, ölüm haqqında akt qeydiyinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraicət etməlidir. Bu səbəbdən Bakı şəhəri Nərmanov Rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - AZ-İİİ seriyalı 266077 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 29 noyabr 2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Onun atasının Ərizəçi, anasının X5 olması barədə 27 mart 2014-cü il tarixdə 493 № ilə qeyd aparılmışdır. - Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi qeyd edilmiş, X4 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X13 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyrimümkün olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Abşeron Rayon Məmmədli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 473 №-li arayışdan görünür ki, mərhum X2 rayon Məmmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. - Belarus Respublikasının Səhiyyə Nazirliyi “Uşaq Onkologiyasi, Hematologiya və İmmunologiya Respublika Elmi-Təcrübi Mərkəzi” tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 1.1-21/1172 saylı məktubun azərbaycan dilinə notariat qaydada tərcümə olunmuş və təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin müraciətinə cavab olaraq, “Uşaq onkologiyası, hematologiya və immunologiya Respublika elmi-təcrübi mərkəzi” dövlət müəssisəsinin rəhbərliyi Sizə 107 No-li xx.xx.2015-ci il tarixli "Son rəyin" itirildiyinə görə əvəzinə 240 No-li xx.xx.2024-cü il tarixli ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmişdir. - Belarus Respublikasının Səhiyyə Nazirliyi “Uşaq Onkologiyasi, Hematologiya və İmmunologiya Respublika Elmi-Təcrübi Mərkəzi” 107 №-li xx.xx.2015-ci il tarixli ölüm haqqında həkim şəhadətnaməsinin azərbaycan dilinə notariat qaydada tərcümə olunmuş və təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Belarus Respublikası, Minsk vilayəti, Minsk rayonu, Borovlyanı k. tibbi yardım göstərən səhiyyə təşkilatında Uşaq onkologiyası, hematologiya və immunologiya Mərkəzində vəfat etmişdir. Ölümün bilavasitə səbəbi septik şok, ikitərəfli poliseqmentar pnevmoniyadır. Ölümün əsas səbəbi kəskin limfoblast leykoz PAB təsnifat üzrə V2, common B immunofenotipdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X7 xx.xx.2015-ci il tarixdə Belarusiya Respublikasının Minsk şəhərində vəfat etmiş və Abşeron rayon Məmmədli kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhumun atasıdır. O, övladının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in: - 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Təqdim edilmiş ərizədə X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsinin müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın: - 8.1-ci maddəsinə əsasən Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. - 8.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 8.3-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. - 8.4-cü maddəsinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. - 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. - 8.6-cı maddəsinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. - 8.7-ci maddəsinə əsasən Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş, ölüm faktının müəyyən olunması üçün ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi övladının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2015-ci il tarixində Belarusiya Respublikasının Minsk şəhərində vəfat etməsi ərizəçinin izahatı, fotoşəkil və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 29 noyabr 2013-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2015-ci il tarixində Belarusiya Respublikasının Minsk şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 noyabr 2013-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 20 dekabr 2015-ci il tarixində Belarusiya Respublikasının Minsk şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar