Məhkəmə qərarları › İş №2(005)-1246/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1246/2024

24.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1246/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin onunla bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi və maliyyə hesabının düzgün hesablanma vəzifəsini Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC ilə əmək müqaviləsi əsasında işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə heç bir səbəb və əsas olmadan işə buraxılmamış və xx.xx.2023-cü il tarixdə ərizəsi olmadan, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. 264 saat iş saatının olmasına baxmayaraq, bunun müqabilində 357 manat əmək haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ASC xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, 10-cu səhifəsində İddiaçı Cavabdeh ASC-də xx.xx.2023-cü il tarixdə mühafizəçi vəzifəsinə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir; xx.xx.2024-cü il tarixli kart hesabından çıxarışdan görünür ki, İddiaçı Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 358,08 manat və xx.xx.2023-cü il tarixdə 48,97 manat məbləğində pul ödənilmişdir, ödənişin təyinatında əmək haqqı kimi göstərilmişdir; Cavabdeh ASC-nin 1263/K saylı, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Mühafizə Departamentinin mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) xx.xx.2023-cü il tarixdən xitam verilməsi və 4 gün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir; xx.xx.2023-cü il tarixli, 707 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Cavabdeh ASC tərəfindən 48,89 manat məbləğində pul ödənilmişdir, ödənişin təyinatında son haqqhesab kimi göstərilmişdir; Cavabdeh ASC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə texniki səhv səbəbindən “Əmək və məşğulluq” altsistemində əməkdaş İddiaçı əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi seçilməsi əvəzinə yanlışlıqla “a” bəndi seçilmiş və bu səbəbdən əmək müqaviləsinin xitam bildirişinə düzəliş edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən Cavabdeh ASC-də mühafizəçi peşəsinə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə Cavabdeh ASC-nin 1263/K saylı, xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləninin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə qurtarması ilə əlaqədar işdən azad edilmişdir. Onunla son haqq-hesab edilmiş və həmin məbləğ xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşdə olan sübutlar ilə təsdiq olunmuşdur ki, işçi (iddiaçı) ilə əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və işə götürən onunla bağlanmış əmək müqaviləsinin müddətini bir həftə ərzində uzatmayaraq, işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı yuxarıda sadalanan əsaslarla işdən azad edilmiş, iddiaçının iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı tədqim edilmiş sübutlar ilə tam təkzib olunmuşdur. Belə ki, iddiaçı müvafiq əmrlə Cavabdeh ASC-də xx.xx.2023-cü ildə müddətli əmək müqaviləsi əsasında təyin edilmişdir. Göründüyü kimi hazırda tərəflər həmin məcəllənin 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsini mübahisələndirir. Belə olan halda isə iddiaçının iddia tələbində sadaladığı arqumentlərin əsassız olması öz təsdiqini tapır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar