Məhkəmə qərarları › İş №2(005)-1254/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1254/2022

29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1254/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 13.05.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi X3 Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla yaşayır. Mərhum X4 ərizəçinin mərhum qardaşının həyat yoldaşıdır. ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Həmin mənzil mərhum qardaşı ilə həyat yoldaşına məxsus olmuş, sonradan mərhum X4 ilə ərizəçi arasında 2015-ci ildə bağlanmış bağışlama müqaviləsinə əsasən ərizəçinin mülkiyyətinə keçmişdir. Məhkəməyə məlumat üçün bildirmək istəyir ki, qardaşı və həyat yoldaşının övladları olmamışdır. X8 uzun illər ürək xəstəliklərindən əziyyət çəkmişdir. Ömrünün son aylarında xüsusilə ağır vəziyyətdə olmuş və yataq xəstəsinə çevrilmişdir. Ərizəçidən yaxın qohumu olmadığından və yaşayış ünvanları bir-birindən kifayət qədər aralı olduğundan, tez-tez gedib-gəlmək imkanı da olmurdu, belə ki, ərizəçi özü də kifayət qədər yaşlı adamdı və gedib- gəlmək üçün ictimai nəqliyyatdan istifadə etməli olurdu. 2021-ci ilin may ayının ilk günlərində Nelli Kazanbayevanın çox ağır vəziyyətdə olduğunu görərək, onu özünün yaşadığı ünvana apardı. Belə ki, öz evində həyat yoldaşının köməyilə xəstəyə baxmaq daha uyğun olardı. Artıq Nelli konkret olaraq yataq xəstəsi idi və həyat yoldaşımın köməyi ilə ona qulluq etməyin daha uyğun olduğunu hesab etdi. Təxminən iki həftəyə qədər ərizəçinin evində xəstə yatdıqdan sonra, 13 may 2021-ci il tarixdə Nelli vəfat etdi. Ərizəçi dərhal təcili yardım çağırsa da, təcili yardım gələnədək Nelli dünyasını dəyişmişdi. Bundan sonra qaydalara uyğun olaraq onu Binəqədi kənd qəbiristanlığında dəfn etdi. Bunu təsdiq edən Arayış ərizəyə əlavə edilmişdir. Ərizəçi mərhuma dair ölüm şəhadətnaməsi alınması üçün təcili yardım tərəfindən verilmiş Siqnal vərəqəsi əsasında X12 Şəhadətnamə almalı, sonra həmin şəhadətnamə əsasında ölüm haqqında şəhadətnamə almalı idi. İlk olaraq, mərhumun yaşayış yeri üzrə qeydiyyatda olduğu 4 saylı Poliklinikaya müraciət etsə də, ərizəçiyə bildirildi ki, doğrudur, mərhum qeydiyyatda olub və xəstəliyi ilə əlaqədar olaraq, dispanser nəzarətə də götürülüb. Lakin, ölüm halı digər ərazidə olduğu səbəbindən X12 şəhadətnamə verilməsi mümkün deyil. Belə olduqda məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Çünki, qeydiyyat orqanının ölümü qeydə alma əsası X12 şəhadətnamədir. Həmin sənəd olmadığı təqdirdə, ölüm faktının müəyyən edilməsi haqda məhkəmə qətnaməsi qeydə alma üçün əsas ola bilər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 bildirmişdir ki, mərhum X1 qardaşının həyat yoldaşıdır. Mərhumun uzun müddət davam edən xəstəliyi olmuşdur. Vəfat edəndə yaşı təxmini 70 idi. O bildirmişdir ki, mərhumun dəfn mərasimində iştirak edib. Mərhum Binəqədi rayonu qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, ərizəçi onun bacısının yoldaşıdır. Mərhum X4 isə ərizəçinin qardaşının həyat yoldaşıdır. Mərhum 87 yaşında vəfat etmişdir. Mərhum xəstə idi. Mərhum Binəqədi rayonu qəbirstanlığında dəfn edilmişdir, şahid qeyd etmişdir ki, dəfn mərasimində iştirak edib. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 244 №-li, 25.11.2021-ci il tarixli məktubundan görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi X6 ölümünün qeydiyyata alınması barədə 17.11.2021-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi xəstəxanası” PHŞ Təcili və X10 Yardım Şöbəsinin 13 may 2021-ci il tarixli siqnal vərəqəsindən görünür ki, X4 13.05.2021-ci il tarixdə, saat 15:40-da Abşeron rayonu, Masazır kəndində vəfat etmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 20.05.2021-ci il tarixli 751№li arayışından görünür ki, X4 həqiqətəndə 13.05.2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin kənd qəbirstanlığında dəfn olunmuşdur. Bakı şəhər Baş Səhiyyə İdarəsi 4 saylı Şəhər Poliklinikasının 18.06.2021-ci il tarixli, 146№-li məktubundan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olmuş, 27.02.1934-cü il təvəllüdlü vətəndaş X4 2008-2019-cu il tarixlərdəki dövrdə 8 nömrəli şəhər poliklinikasında tibbi qeydiyyatda olmuş, “Ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, arterial hipentenziya İİ dərəcə” diaqnozu ilə dispanser nəzarətə götürülmüşdür, bu illər ərzində mütəmadi olaraq müvafiq ixtisas həkimləri tərəfindən müayinə və müalicə olunmuşdur. Nərimanov Rayon Polis idarəsi tərəfindən 15.02.2002-ci il tarixdə verilmiş AZE seriyalı, 00016222 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 27.02.1934-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 13.05.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində vəfat etmişdir. Ərizəçi qardaşı arvadının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 13.05.2021-ci ildə Abşeron rayonu, Masazır kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 13.05.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar