Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1310/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün mediasiyaya müraciət etdiyi tarixdən hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin, eləcə də X3 3 yaşı tamam olana qədər 100 manat məbləğində pulun və 152 manat məbləğində mediasiyaya xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı 16 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentin tutulması hissəsində təsdiq edilməsini, mediasiya xərci və dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə ailə münasibətləri uyğun gəlmədiyindən nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4046/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Aliment tələbi ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı MŞB/16 01045 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Ərizəçi (adına açılmış hesaba) 2023-cü ilin iyun ayından etibarən hər ay 220 manat aliment, eyni zamanda X2 üçün 3 yaşı tamam olana qədər hər ay 100 manat alimentin 2023-cü ilin iyun ayından etibarən ona ödəyəcəyi barədə razılığa gəlmişdir. Lakin razılığa gəlsə də, bugünədək alimentlə bağlı heç bir ödəniş etməmişdir. Bu səbəbdən məcbur olaraq məhkəməyə müraciət etməli olub. Hər bir uşağın layiqli həyat tərzi, yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarda qeyd edilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-01048 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Ərizəçi (adına açılmış hesaba) 2023-cü ilin iyun ayından etibarən hər ay 220 manat aliment ödəyəcək;
2. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 3 yaşı tamam olana qədər Ərizəçi (adına açılmış hesaba) 2023-cü ilin iyun ayından etibarən hər ay 100 manat ödəyəcək. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/16-01048 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Mülki Prossesual Məcəllənin 100.2 və 234.2.1-ci maddələrinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəyə məhkəmədə baxılması üçün 100 manat məbləğində dövlət rüsumu və 52 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə xərclərlə bağlı hesab edir ki, ərizə təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul və mediasiya prosesində hər iki tərəfin iştirakı nəzərə alınaraq 52 manat pulun yarısı, yəni 26 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Həmçinin dövlət rüsumu olaraq ödənilmiş 100 manat məlbəğində pul və mediasiya xərci olan 52 manat pulun yarısı, yəni 26 manat, cəmi 126 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-01048 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Ərizəçi (adına açılmış hesaba) 2023-cü ilin iyun ayından etibarən hər ay 220 manat aliment ödəyəcək;
2. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 3 yaşı tamam olana qədər Ərizəçi (adına açılmış hesaba) 2023-cü ilin iyun ayından etibarən hər ay 100 manat ödəyəcək. Dövlət rüsumu olaraq ödənilmiş 100 manat məlbəğində pul və mediasiya xərci olan 52 manat pulun yarısı, yəni 26 manat, cəmi 126 (yüz iyirmi altı) manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva