Məhkəmə qərarları › İş №2(005)-1329/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1329/2022

20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1329/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 23 yanvar 1979-cu il tarixində Azərbaycan Respublikasının vətəndaşı X6 ilə nikaha girmişdir. Aralarındakı faktiki nikah münasibətlərinə 2000-ci illərin əvvəllərində son qoyulmuşdur və onlar bundan sonra ayrı-ayrılıqda yaşamışlar. X6 8 iyun 2012-ci ildə ölmüşdür. Ərizəçi onun ölümü haqqında şəhadətnamənisini almamışdır. Nərimanov rayon Prokurorluğunun 18 iyun 2012-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əldə edilmişdir. Sözügedən qərarda X2 ölməsi faktı əks olunmuşdur. Şəxsin ölməsi ilə əlaqədar aralarında bağlanmış nikaha xitam verilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hazırda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında Ərizəçi həmin şəxslə nikahda olması haqqında qeyd qalmaqda davam edir. Şəxsin ölüm faktının müəyyən edilməməsi ilə əlaqədar olaraq ərizəçi hazırda nikahla bağlı hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısıdır. X1 Gülnaz Həmzə qızından ayrı yaşamışdır. X6 2013-cü ildə ölmüş və onun ölüm xəbərini dayısı oğlundan almışdır. Məhkəmə iclasında iştirak etmiş digər şahid X4 ifadəsində bildirmişdir ki, X6 2012-ci il tarixdə ölmüşdür və dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan; Nərimanov Rayon Qeydiyyat şöbəsinin 29.07.2021-ci il tarixli, 161 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qəbirüstü tikilinin fotoşəkillərindən görünür ki, mərhum X6 08.06.2012-ci il tarixdə vəfat etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18.06.2012-ci il tarixli qərardan müəyyən olunur ki, 13.06.2012-ci il tarixdə rayon prokurorluğuna Nərimanov RPİ-nin 18-ci PB-ndən ünvan 1 ünvanda yaşayan 1954-cü il təvəllüdlü X2 08.06.2012-ci il tarixdə tarixdə ölməsi barədə toplanmış material daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış X3 göstərmişdir ki, əri Şakir Ələkbərov 1 ilə yaxın ürəyində olan ağrılardan şikayətlənmiş, lakin həkimə müraciət etməmişdir. 2012-ci ilin may ayında Tehran şəhərində xəstəxanada müayinədən keçdikdən sonra həkimlərin ürəyin düzgün işləmədiyinə görə əməliyyat olunmasını və əməliyyat üçün 15000 manat tələb olunduğunu bildirmiş, lakin maddi imkanın aşağı olduğu üçün Bakı şəhərinə geri qayıtmışlar. 08.06.2012-ci il tarixdə Şakir Ələkbərov öskürməyə başlamış, bununla balı 8 saylı poliklinikaya müraciət etmiş, orada həkimlər müayinə etdikdən sonra ürəyində olan problemlərə görə öskürdüyünü bildirmişlər. Həmin gün axşam saat 18 radələrində Ş.Ələkbərov yenidən bərkdən öskürməyə başlamış, bununla bağlı 5 saylı şəhər klinik xəstəxanasına aparmış, lakin orada müayinə otağına daxil olan zaman ölmüşdür. Ş.Ələkbərovun ölümündə heç-kəsə qarşı şikavət və tələbi yoxdur. Araşdırma materiallarına əlavə ediimiş 5 saylı şəhər klinki xəstəxanasının həkimləri tərəfindən tərtib edilmiş aktıdan görünür ki, 08.06.2012-ci il tarixdə saat 18:55-də X6 xəstəxanaya gətirilmiş, onda gətirilən zaman həyat əlamətlərinin, işığa qarşı reaksiyasını və pereferik damarlarda nəbzin olmaması qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 31.06.1954-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin vəkilinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 31.06.1954-cü il təvəllüdlü X6 08.06.2012-ci il tarixdə ölüb. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara 31.06.1954-cü il təvəllüdlü X2 08.06.2012-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 31.06.1954-cü il təvəllüdlü X2 08.06.2012-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar