Məhkəmə qərarları › İş №2(005)-1490/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1490/2024

19.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1490/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə, “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 3-cü bəndində göstərilən: “(aliment tələbi) tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 240 (iki yüz qırx) manat olmaqla, ümumilikdə, 720 (yeddi yüz iyirmi) manat sabit pul məbləğində aliment 1-ci tərəf Maraqlı şəxs könüllü olaraq 10 noyabr 2023-cü il tarixdən başlayaraq, 2-ci tərəf Ərizəçi aid olan kart hesabına və ya 2-ci tərəfə aid digər hesaba köçürür” müddəalarının məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs ilə razılığa gələrək, mediasiya haqqında qanuna uyğun olaraq qarşılıqlı razılaşma əsasında barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişi Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiqlənmişdir. Lakin barışıq sazişi şərtləri iş üzrə maraqlı şəxs tərəfindən qismən pozulmuş və barışıq sazişi üzrə öhdəliklərinə əməl edilməmişdir. Belə ki, iş üzrə Maraqlı şəxs tərəfindən müvafiq olaraq, barışıq sazişinin 3-cü bəndi pozulmuşdur. Belə ki, həmin şərtə əsasən maraqlı şəxs tərəfindən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 240 (iki yüz qırx) manat olmaqla, ümumilikdə, 720 (yeddi yüz iyirmi) manat sabit pul məbləğində aliment məbləğini Maraqlı şəxs könüllü olaraq 10 noyabr 2023-cü il tarixdən başlayaraq, ərizəçiyə aid olan kart hesabına və ya digər hesaba köçürməsini öhdəsinə götürmüşdür. Lakin hazırki vaxta kimi maraqlı şəxs müxtəlif bəhanələrlə uşaqların aliment ödənişlərindən bir qəpik də olsa, ödəməmişdir. Nikahın pozulması məsələsi məhkəmə qaydasında həll olunsa da, uşaqlar ərizəçinin himayəsində qaldığı vaxtdan aliment ödənilmir. Barışıq sazişinin aliment hissəsi Maraqlı şəxs tərəfindən qərəzli olaraq icra olunmur. Halbuki, sazişin aliment hissəsi xx.xx.2023-cü ildən icra olunmalı idi. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə alimentin ödənilməsindən boyun qaçırmadığını, bu səbəbdən də ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 4063/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 530 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ 480104 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasındakı nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə xx.xx.2023-cü il tarixdə 547 № ilə qeyd edilmişdir. Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, AZ-İV 677905 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.2022-ci il tarixdə 113 № ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər:

1. (nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə qeyd olunan məzmunda razılığa gələrək 19 aprel 2011-ci il tarixində Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində, bağladıqları 530 sayı ilə qeydə alınan nikahı pozsunlar. Nikahın pozulması tələbi Məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər.

2. (uşaqların ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 2-ci tərəf Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəldilər.

3. (aliment tələbi) Tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan xx.xx.2012-cü il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 240 (iki yüz qırx) manat olmaqla, ümumi 720 (yeddi yüz iyirmi) manat sabit pul məbləğində aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs könüllü olaraq 10 noyabr 2023-cü il tarixindən başlayaraq, 2-ci tərəf Ərizəçi aid olan kart hesabina və ya 2-ci tərəfə aid digər hesablara köçürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, bu baxımdan məhkəmə hesab edir ki, mediator X14 tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış barışıq sazişinin 3-cü bəndi qeyd olunmuş şərtlərlə təsdiq olunmalıdır. Belə ki, hazırda ərizəçi barışıq sazişinin 3-cü bəndinin maraqlı şəxs tərəfindən icra edilməsini xahiş edir, həmin hissədə maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilmədiyini bildirir. Bu səbəbdən də, məhkəmə barışıq sazişini yalnız həmin hissədə təsdiqləməyi əsaslı hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişinin ödəniləcək alimentin miqdarı və ödənilmə qaydası haqqında olan 3-cü bəndi “tərəflər 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 240 (iki yüz qırx) manat olmaqla, ümumilikdə, 720 (yeddi yüz iyirmi) manat sabit pul məbləğində aliment 1-ci tərəf Maraqlı şəxs, könüllü olaraq 10 noyabr 2023-cü il tarixdən başlayaraq, 2-ci tərəf Ərizəçi aid olan kart hesabına və ya 2-ci tərəfə aid digər hesaba köçürür” hissəsi təsdiq edilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar