Məhkəmə qərarları › İş №2(005)-1497/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1497/2024

02.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1497/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi Ərizəçi Ərizəçi, Maraqlı şəxs Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesindaə bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesindaə bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək övladı xx.xx.2019-cu il təvəllüdlü X5 himayəsinə verilməsinə, cavabdeh Maraqlı şəxs gələcəkdə daşınar və daşınmaz əşyalarında heç bir iddiası olmayacağına və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 500 (beş yüz) AZN məbləğində müəyyən edilmiş alimentin cavabdeh Maraqlı şəxs məcburi qaydada tutulub ona verilməsi barədə xx.xx.2023-ci il tarixli Barışıq sazişini təsdiq edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ020336 saylı nikah haqqında şəhadətnaməyə əsasən cavabdeh Maraqlı şəxs ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 202 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan bir övladı olmuşdur xx.xx.2019-cu il təvəllüdlü X7. Ailə münasibətləri pisləşdiyi və birgə yaşamaqları qeyri-mümkün olduğu üçün boşanmaq qərarına gəlmişlər. Bununla bağlı ilk öncə xx.xx.2023-cü il tarixində Mediasiyaya müraciət etmişlər. Həmin günü aralarında Barışıq sazişi bağlandı. xx.xx.2023-ci il tarixli Barışıq Sazişinə əsasən razılığa gəlmişlər ki, xx.xx.2015- ci il tarixində №202 nömrə ilə qeydə alınmış nikah pozulsun. Övladı xx.xx.2019-cu il təvəllüdlü X7 himayəsində qalsın. Cavabdeh Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 üçün 500 (beş yüz) AZN aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Özü isə övladının atası ilə görüşünə heç bir məhdudiyyət qoymadan, ünsiyyətlərinin sərbəst olacağını Barışıq sazişində qeyd etmişdir. Bundan başqa, razılığa gəlmişlər ki, öz adına qeydə alınmış daşınar və daşınmaz əşyalarda Maraqlı şəxs gələcəkdə heç bir iddiası olmayacaqdır. Eyni qayda da özünün onun daşınar və daşınmaz əşyalarında gələcəkdə heç bir iddiyası olmayacağını Barışıq sazişində qeyd etmişlər. Əlavə olaraq razılığa gəlmişlər ki, AZ 1033, ünvan 1 ünvanında qeydə alınan daşınmaz əmlak övladı X5 adına rəsmiləşəcək və əmlak üzərində sərəncam vermə səlahiyyəti ona 30 yaşında veriləcək. Qeyd edir ki, nikahın pozulması ilə bağlı iş hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır və 2(005)-4044/2023 saylı iş ilə qeydə alınmışdır. Onu da qeyd edir ki, cavabdeh Maraqlı şəxs xx.xx.2023-cü il tarixli Barışıq sazişiylə müəyyənləşdirilmiş üzərinə götürülmüş aliment öhdəliyini yerinə yetirməyib. Belə ki, cavabdehin götürdüyü öhdəliyə əsasən o, övladı X1 üçün hər ay 500 (beş yüz) AZN məbləğində alimenti ona məxsus bank hesabına ödəməli idi. Lakin cavabdeh Hacıyev X3 şərtlərinə əməl etmir. Hətta nikahın pozulmasına da etiraz etdiyi üçün məhkəmə prosesi uzanmışdır. Barışıq sazişinin 6-cı maddəsinə əsasən, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında avrı müddət qeyd edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Barışıq sazişinin 8-ci maddəsində qeyd olunub ki, Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Belə ki, xx.xx.2023-ci il tarixli Barışıq sazişinin şərtlərini cavabdeh Maraqlı şəxs aliment öhdəliyinin yerinə yetirmədiyindən, məcburi şəkildə ödənilməsini təmin etmək məqsədilə məhkəmə tərəfindən icra vərəqəsi çıxarılması və onun icraya yönəldilməsi zəruriyyəti vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, övladının atası ilə görüşməsinə hər hansı bir müdaxilə etməmişdir. Uşaq da atası ilə görüşmək istəyir, lakin maraqlı şəxs onunla görüşmür, onu bağçadan götürmür. Uşağın babası – maraqlı şəxsin atası bu yaxınlarda Qurban bayramı zamanı onu evlərinə aparmış, uşaq atası ilə görüşmüşdür. Bununla yanaşı, maraqlı şəxs evdən ona məxsus qızılları götürmək istədiyi üçün onu evinə qoymamış, polis çağıracağını bildirmişdir. Həmçinin uşağın xərclərini özü çəkir. Atası ümumiyyətlə uşaqla, onun xərcləri ilə maraqlanmır. Aliment barədə barışıq sazişində məbləğ yüksək – 500 manat yazılmışdır. Lakin əgər maraqlı şəxs ödəyə bilmirsə, alimentin dövlət tərəfindən müəyyən olunmuş məbləğdə - 235 manat olaraq ödənilməsinə də etiraz etmir. Ərizəçi xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, məhkəmə aktı qəbul edərkən qarşı tərəflər aralarında xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ay 235 AZN aliment ödənilməsi ilə bağlı razılıq olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirmişdir ki, aliment tələbi olduqca yüksəkdir, sazişdə 500 manat qeyd olunmuşdur. Lakin hazırda heç bir yerdə işləmir, İİ qrup əlildir və müavinət alır. Lakin aldığı müavinət belə 500 manat deyildir. Bu səbəbdən qeyd olunan alimenti ödəyə bilmir. Həmçinin sazişdə uşaqla sərbəst ünsiyyəti barədə bənd olmasına baxmayaraq, bayramlarda uşağını görə bilmir. Uşağı ilə sərbəst görüşə bilmir. Uşağı ilə sərbəst görüşə bilməsi üçün ev almaq istəyir. Aliment tələbi sazişdə olduqca yüksəkdir, lakin dövlət tərəfindən müəyyən olunmuş minimum həddində - 235 manat aliment ödənilməsinə etiraz etmir. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərədə keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2023-cü il tarixli, mediasiya reyestrində MŞB/6-0386 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. Tərəflər razılığa gəlir ki, xx.xx.2015-ci il tarixdə, № 202 nömrə ilə qeydə alınmış nikah pozulsun.

2. Tərəflər razılığa gəlir ki, xx.xx.2019-cu il təvəllüdlü X4 Aysel Pənah qızının himayəsində qalacaqdır.

3. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 üçün 500 (beş yüz) AZN aliment ödəməyi öhdəsinə götürür.

4. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs ilə xx.xx.2019-cu il təvəllüdlü X5 görüşü (ünsiyyəti) sərbəst olacaqdır.

5. Tərəflər razılığa gəlir ki, Ərizəçi adına qeydə alınmış daşınar və ya daşınmaz əşyalarda Maraqlı şəxs və Maraqlı şəxs adına qeydə alınmış daşınar və ya daşınmaz əşyalarda Ərizəçi gələcəkdə heç bir iddiası olmayacaqdır.

6. Tərəflər razılığa gəlir ki, AZ1033, ünvan 2 ünvanında qeydə alınan daşınmaz əmlak tərəflərin övladı xx.xx.2019-cu il təvəllüdlü X5 adına rəsmiləşəcək və əmlak üzərində sərəncam vermə səlahiyyəti ona 30 yaşında keçəcək. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-441/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 26 yanvar 2015-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 202 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesi nəticəsində “nikahın pozulması, uşağın ananın himayəsində qalması, alimentin tutulması, ünsiyyət və əmlak bölgüsü” tələbi üzrə razılığa gələrək xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamışlar. Sazişə əsasən ərizəçi ilə maraqlı şəxs birgə nikahlarından olan uşaqlarının xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 500 manat məbləğində pulun maraqlı şəxs tərəfindən ərizəçiyə ödənilməsinə mediasiya prosesində razılaşmışlar. Saziş eyni tarixdə tərəflər, həmçinin mediator tərəfindən imzalanaraq qüvvəyə minmiş və tərəflər üçün məcburi xarakter daşımışdır. Həmçinin Sazişə əsasən tərəflər könüllü icra ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlərdən əlavə hər hansı xüsusi razılığa gəlməmişlər. Sazişin 6-cı bəndinə əsasən, saziş tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Bununla belə barışıq sazişinin şərtləri könüllü qaydada yerinə yetirilməmişdir, maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır. Hazırda ərizəçi qeyd olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, barışıq sazişinin ilk şərti “tərəflər razılığa gəlir ki, xx.xx.2015-ci il tarixdə, № 202 nömrə ilə qeydə alınmış nikah pozulsun.” olmuş, buna uyğun olaraq, tərəflərdən biri – Ərizəçi nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 441/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Göründüyü kimi sazişin bu şərti artıq yerinə yetirilmiş və nikah pozulmuşdur. Bununla bağlı qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin bu hissəsinin digər hissələrdən ayrılması mümkündür. Bu səbəbdən məhkəmə sazişin bu şərtinə münasibət bildirmir. Həmçinin sazişin 3-cü bəndinə əsasən, tərəflər razılığa gəlmişdirlər ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 üçün 500 (beş yüz) AZN aliment ödəməyi öhdəsinə götürür. Məhkəmə iclası zamanı Ərizəçi aliment məbləğinin sazişdə yüksək qeyd edildiyini, lakin maraqlı şəxs ödəyə bilmədiyindən dövlət tərəfindən müəyyən olunmuş minimum həddində - 235 manat aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin ərizəçi xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, məhkəmə aktı qəbul edərkən qarşı tərəflər aralarında xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ay 235 (iki yüz otuz beş) manat aliment ödənilməsi ilə bağlı razılıq olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs isə sazişdə qeyd olunan 500 manat aliment məbləğini ödəmək imkanının olmadığını, 235 manat aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə barışıq sazişinin alimentə dair bəndi ilə bağlı qeyd edir ki, sazişə əsasən tərəflər xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 500 manat aliment tutulması barədə razılığa gəlsələr də, məhkəmə iclasında iştirak edən tərəflər arasında olan qarşılıqlı razılığa əsasən, ərizəçi maraqlı şəxs tərəfindən 235 manat aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiqi məsələsinə baxılarkən bu hal – tərəflərin qarşılıqlı razılığının olması, bu barədə mübahisənin olmaması nəzərə alınmalı, barışıq sazişinin aliment ödənilməsi barədə 3-cü bəndi aliment məbləği 235 (iki yüz otuz beş) manat qeyd edilməklə təsdiq olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla qismən təsdiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir” (9cu bənd). Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, mediasiya reyestrində MŞB/6-0386 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi qismən təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2023-cü il tarixli, mediasiya reyestrində MŞB/6-0386 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin: “2. Tərəflər razılığa gəlir ki, xx.xx.2019-cu il təvəllüdlü X4 Aysel Pənah qızının himayəsində qalacaqdır.

3. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 üçün 235 (iki yüz otuz beş) manat aliment ödəməyi öhdəsinə götürür.

4. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs ilə xx.xx.2019-cu il təvəllüdlü X5 görüşü (ünsiyyəti) sərbəst olacaqdır.

5. Tərəflər razılığa gəlir ki, Ərizəçi adına qeydə alınmış daşınar və ya daşınmaz əşyalarda Maraqlı şəxs və Maraqlı şəxs adına qeydə alınmış daşınar və ya daşınmaz əşyalarda Ərizəçi gələcəkdə heç bir iddiası olmayacaqdır.

6. Tərəflər razılığa gəlir ki, AZ1033, ünvan 2 ünvanında qeydə alınan daşınmaz əmlak tərəflərin övladı xx.xx.2019-cu il təvəllüdlü X5 adına rəsmiləşəcək və əmlak üzərində sərəncam vermə səlahiyyəti ona 30 yaşında keçəcək.” Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar