Məhkəmə qərarları › İş №2(005)-1615/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1615/2021

05.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1615/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, əmlakda payın müəyyən edilməsi və pul tələbi”nə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçı İsmayılova Aynurə Kamran qızının cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, əmlakda payın müəyyən edilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin evdən götürdüyü 9300 manat pulun və dəyəri 450 manat olan 12 qramlıq qızıl üzüyünün cavabdehdən alınıb ona verilməsinə, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyinə, ünvan 1 və ünvan 2 ünvanında yerləşən evə 2/3 (üçdən iki hissəsinə) payının müəyyənləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, İsmayılov küçəsi dalan 2 ö/t ev 32 e ünvanında yerləşən evə 2/3 (üçdən iki hissəsinə) payının müəyyən olunması hissəsini geri götürməklə, iddia ərizəsində göstərdiyi digər tələblər üzrə mülki işə mahiyyəti üzrə baxılıb qəntamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə 04.09.1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 2 övladı anadan olmuşdur. 20.11.2020-ci il tarixdə cavabdehin iddiaçıya qarşı qaldırdığı iddia ərizəsi əsasında Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahının pozulması qət edilmişdir. Bildirmək istərdi ki, iddiaçı həmişə əmək fəaliyyəti ilə məşğul olan adam olub. Daima çalışıb ki, ailənin normal yaşayışını təmin etsin. Düşünür ki, bunu hər bir normal ailə başçısı edir. İddiaçının nikahdan əvvəl Beyləqan rayonunda atasından qalmış evi var idi, həmin evi satıb Bakı şəhəri Bayıl qəsəbəsi 20-ci sahədə yerləşən aldığı həyətyani torpaq sahəsində ev tikdi. Sonradan həmin evi cavabdehin istəyi ilə satdı. Çünki o bina evi istəyirdi. Evin satışından əldə etdiyi pulla ünvan 1 ünvanında yerləşən 3 otaqlı evi və ünvan 2 ünvanında yerləşən evi aldı. Ailə münasibətləri normal idi. Sonradan ailədə digər şəxslərin qarışması nəticəsində söz söhbətlər yaranmağa başladı. İddiaçı bunun nəticəsi olaraq bir dəfə 2018-ci ilin sentyabr ayının 14 də insult (beyin infarktı) keçirdi. Buna baxmayaraq cavabdeh iddiaçıya normal yaşamağa imkan vermirdi. İddiaçı xəstəxanadan evə gələndən 2 üç gün sonra cavabdeh onu o vəziyyətdə qoyub işə düzəldi. Getdi işləməyə. Təxminən 5 ay sonra iddiaçı 80% səhhəti düzəldi. Bundan sonra o işə çıxdı. Bu ərəfədə baldızı Vəfa iddiaçıdan borc pul istədi. İddiaçı ona bildirdi ki, onun pulu yoxdu vəziyyətini görürsən. Əvvəllər istəyəndə vermişdi. Dediki başqa adamdan al ver özü qaytaracaq. İddiaçı 10 min manat tanış dostundan alıb baldızına verdi. Sonra Vəfa pulu vermədi. Hər dəfə bir bəhanə gətirirdi. Əlavə 5 min də istədi dediki alver edir, Maxaçkaladan qızıl alveri edir. Pul olsa daha tez borcu qaytaracaq. Ona inanıb 5 min də alıb verdi ona. O isə yenə iddiaçını aldatdı. Bir iki dəfə evinə getdi evdə ola ola çıxmırdı görüşə. Sonra iddiaçıya dediki ona qızıl gətirən adam onu aldatıb atıb. İddiaçı çox əsəb keçirirdi. Həmin pulların verilməsindən cavabdeh iddiaçını məcbur edirdi ki, pul tapsın versin onun bacısına. Pul qaytarılmayanda isə cavabdeh öz bacısının tərəfini tuturdu. Buna görə iddiaçı çox gərgin olur, əsəb keçirirdi. Beləliklə 10 dekabr 2019-cu il tarixdə iddiaçı ikinci dəfə insult keçirdi. 5 nömrəli xəstəxanada yatdı. Sağlamlığını itirdi. Artıq adi hərəkətləri belə edə bilmir. Çətinliklə yeriyir. Bunu təsdiq edən xəstəxanadan verilmiş epiqirizlər də vardır. Bununla yanaşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda qeyd olunur: Beyin infarktı, Sol orta beyin arteriya hövzəsində təkrari işemik insult, sağ tərəfli dərin hemiparezlə, kənar şəxsin daima himayəsinə ehtiyacı var. Həmin sənəddə digər xəstəliklərim, hipertoniya, tez-tez təkrarlanan hipertonik krizlərlə İİİ mərhələ çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ ağır forma. İddiaçı xəstəxanadan çıxandan sonra iddiaçını məcbur elədi ki, şəxsi avtomobilini satsın. Oğlu Fərid avtomobili Turbo Az saytına qoydu. Avtomobili alan olmadığından yenidən turbo aza qoydular. Artıq bu dəfə özü də istəyirdi ki, avtomobil satılsın. Ona görə ki, Vəfaya alıb verdiyi pulu Vəfadan geri ala bilmirdi. Məcbur idi ki, həmin pulu qaytarsın. Avtomobili 27 min manata satdı. Həmin puldan 15 min manatı verdi. Əlavə olaraq təxminən 2500 manat xırda borcları var idi onu verdi. Qalan pulu da evə qoydu. Bir də 12 qramlıq qızıl üzüyü var idi onu da evə qoymuşdu. Sonra iddiaçıya ehtiyac olanda baxdı ki pul və qızıl yerində yoxdur. İddiaçı pulu və qızılı tələb edəndə iddiaçıya dediki neynirsən ailəyik götürmüşəm yaxşı eləmişəm. İddiaçı uşaqların xətirinə başqa hərəkət etmədi. Düşündü ki, düzələr. Amma əksinə oldu. Səhətinin bu vəziyyətə düşməyindən sui istifadə etdiklər. Onu dəfələrlə döydü vurdu. Qəbələyə bacısının yanına aparmışdı orda küçədə də iddiaçını vururdu. Həmin vaxt o qəbələdən çıxıb gəldi Bakıya. Sonradan cavabdeh uşaqla birlikdə gəldi. O zaman oğlum Fərid getmişdi Qəbələyə qızı isə Bakıda qalmışdı. Cavabdeh gələndən sonra iddiaçını atdı küçəyə. Evə buraxmadı. Baxmayaraq ki həmin evi o alıb. Amma evi onun adına almışdı. Özü də həmin evdə qeydiyyatda olmaqla yaşayırdı. İddiaçı məcbur olub Səbaildə olan evdə yaşamağa başladı. Hazırda həmin evdə tək qalır. Köməyə ehtiyacı var. Amma nə övladlarınə də cavabdeh iddiaçıya kömək eləmir. İddiaçı ümüd edirdi ki, insafa gələrlər. Hər şey düzələr. Amma belə olmadı. Bir də gördü ki, cavabdeh vəkil tutub ona qarşı boşanma iddiası qaldırıb. Halbuki iddiaçı onlara heç zaman pis olmamışdı. Qızının normal təhsil almasına çalışmış. Oğlu da kollecdə oxuyurdu. Bütün bunları qeyd etməklə bildirir ki, onu bu vəziyyətə məhz cavabdeh qoymuşdur. İddiaçının yardıma, köməyə ehtiyacı olan zaman ona nə yoldaşı nə də övladları baxmadı. Faktiki olaraq İddiaçını atdılar küçəyə. Bu real həqiqətdir. İddiaçını öz evinə buraxmırlar. Cavabdeh evə gəlildiyi halda onu zəhərləyib öldürəcəyini deyir. Bir dəfə cavabdeh anası ilə danışarkən eşitdi ki, anasına deyir nə qədər çalışır bu ölmür axı. Ölsə idi evlər də bizə qalardı. Bunları şəxsən özü eşitmişdi. Bu dözülməz haldı. Qızı inustuta girəndə söz vermişdi ona demişdi ki, qızı instituta girsə yaxşı telefon alacaq, qızı instituta girdi 1800 manata telefon aldı. Sonra Notebook aldı. Bütün ailəni yığıb Gürcüstana ordan da Türkiyəyə getdi. İstirahət edib qayıtdılar. İddiaçı bacardığı qadar ailasi üçün çalışmışdı. Amma bu günündə onunla aqansız rəftar elədilər. Bu çox dözülməzdir o buna dözə bilmir. Hazırda məni məcbur edirlər ki, evdən qeydiyyatdan çıxsın, evi satmaq istəyirlər. Cavabdeh ayrı yerdən ev və özünə avtomobil almaq istəyir. Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə ½ hissədə cavabdehin mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi icraata götürülərək, ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 9300 manat pulun və dəyəri 450 manat olan 12 qramlıq qızıl üzüyün alınıb ona verilməsinə, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyinə, ünvan 1 və ünvan 2 ünvanında yerləşən evə 2/3 (üçdən iki hissəsinə) payının müəyyənləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsinə səbəb olmuş məlumatları məhkəmə baxışının gedişatında əldə etdiyindən qarşılıqlı iddianı hal- hazırda verdi. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh İddiaçıla 04 sentyabr 1998-ci il tarixdə rəsmi nigaha daxil olmuş, Nərimanov rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixdə isə nikahları pozulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 03.05.2021-ci il tarixli 50250-1221 nömrəli məktubdan görünür ki, İddiaçı adından “Mercedes Benz 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. Qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə % hissədə onun mülkiyyət hüququ tanınmalıdır. Eyni zamanda iddiaçının ondan 9300 manat pulun və dəyəri 450 manat olan 12 qramlıq qızıl üzüyün alınıb ona verilməsi ilə bağlı bildirir ki, bütün bu qeyd olunanlar tamamilə əsassızdır. Onun tərəfindən həmin pul vəsaiti və eyni hər hansı qızıl üzük götürülməmişdir. Bundan başqa İddiaçı iddia tələbi digər hissədə təmin oluna bilməz. Belə ki, ünvan 1-də o və iki övladı yaşayır. ünvan 5 ünvanında yerləşən evdə isə İddiaçı yaşayır. Ona görə də iddia tələbi həmin hissədə də rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı İsmayılova Aynurə Kamran qızının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edib, onun məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin qarşılıqlı iddia üzrə iddiaçı İsmayılova Aynurə Kamran qızının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmənin başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, X2 ilə X3 arasında 04.09.1998-ci il tarixdə nikahının bağlanması, tərəflərin birgə nikahından 18.12.2002-ci il təvəllüdlü X1 adlı övladları doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşağın anasının yanında saxlanılmasına dair hallar aşkar olmaqla, həmin halların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2(005)-2335/2020 saylı qətnaməsi) Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İlkin iddianın əsasını birgə nikah müddətində əldə edilmiş mənzilin bölgüsü, həmin mənzilə köçürülmə, habelə cavabdehin evdən götürdüyü pul vəsaitinin və qızıl üzüyün alınması, qarşılıqlı iddia tələbinin əsasını isə birgə nikah dövründə əldə olunmuş avtomobillərin bölgüsü və mülkiyyət hüququnun tanınması ilə bağlı mübahisə təşkil edir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 36.5-ci maddəsinə görə məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Həmin Məcəllənin 36.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s) bölünmür və əvəzi ödənimədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə də bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, tərəflər 04.09.1998-ci ildə rəsmi nikaha daxil olmuşlar. 26.10.2006-cı il tarixdən İsmayılova Aynurə Kamran qızının adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzili, 15.12.2009-cu il tarixdən İddiaçı adına “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2101” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir. (iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompyuter uçot bazasından çıxarış). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflərin arasında belə bir kontrakt mövcud deyil. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən əsaslıdır və ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payı müəyyən edilməli, “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2101” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə mülkiyyət hüquqları tanınmaqla, bərabər payları müəyyən edilməlidir. Belə ki, qeyd olunan daşınar və daşınmaz əmlaklar birgə nikah dövründə əldə edilmişdir. Məhkəmə bu qənaətə gələrkən ilkin iddiaçı tərəfin iddia tələbi ilə bağlı əsaslandırdığı halları, həmçinin ilkin iddia üzrə cavabdeh tərəfin iddia ilə bağlı etiraz və mülahizələrini nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən ilkin iddiaçı qeyd olunan daşınmaz əmlakın onun xeyrinə 2/3 hissədə payının müəyyən edilməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, qeyd olunan daşınmaz əmlakın 2/3 və 1/3 hissədə paylara bölünməsini əsassız hesab edir. Belə ki, hazırda ərin diqqətəlayiq mənafeyi, o cümlədən ər-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilmir. Ona görə də, məhkəmə iddia tələbinin həmin hissədə (əmlakın qeyri-bərabər bölgüsü hissəsində) qismən təmin edilməsini əsaslı və qanuni hesab edir. Eyni zamanda məhkəmə ilkin iddia tələbinin mənzilə köçürülmə ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.3-cü maddəsinə görə, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payı müəyyən edildiyindən ilkin iddia üzrə iddiaçı həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır və ilk iddia üzrə İddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə ilkin iddia tələbinin 4500 manat pulun və 12 qramlıq qızıl üzüyün Cavabdeh Kazım qızından alınaraq ona verilməsi hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməklə, iddianın həmin hissədə təmin edilməməsini əsaslı hesab edir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində qeyd edir ki, avtomobilinin satışından qalan 9500 manat pulu, bir də 12 qramlıq qızıl üzüyü qoyulduğu yerdən cavabdeh tərəfindən götürülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü ilkin iddia üzrə iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan pulun və qızıl üzüyün cavabdeh tərəfindən götürüldüyünü bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, 4500 manat məbləğində pulunu və 12 qramlıq qızıl üzüyünü evə qoymasını, sonradan qoyduğu yerdə aşkar etməməsini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir qızıl üzüyün və pulun olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payı müəyyən edilməli, ilkin iddia üzrə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə köçürülməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2101” markalı, **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobillərə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payı müəyyən edilməli və həmin paylara mülkiyyət hüquqları tanınmalı, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payı müəyyən edilsin, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə köçürülsün. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2101” markalı, **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payı müəyyən edilsin və onların həmin paya mülkiyyət hüququ tanınsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar