Məhkəmə qərarları › İş №2(005)-1652/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1652/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1652/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASCnin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2019-ci il tarixli, XDEN-00034-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 18.01.2021-ci il tarixinə olan 63478.28 manat əsas borc, 14161.32 manat faiz borcu, 528.31 manat dəbbə borcu, ümumilikdə 78167.91 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə bağlanan 28.10.2019-cu il tarixli, XDENG-00034-05/19A saylı ipoteka müqaviləsi əsasında tanı mülkiyyət hüququ üzrə X4 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36, Yeni qaydalarla: AZ 1106, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarına xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2019-cu il tarixli XDEN-00034-05/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz ödəmək şərti ilə 66000 (altmış altı min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2 28.10.2019-ci il tarixdə iddiaçıyla XDENG-00034-05/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Raz küçəsi, ev 52, mənzil 36, Yeni qaydalarla: AZ 1106, ünvan 2 ünvanlı mənzil İpoteka saxlayana ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 263 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 18.01.2021 -ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 63478 (altmış üç min dörd yüz yetmiş səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik, faizlərin məbləği 14161 (on dörd min yüz altmış bir) manat 32 (otuz iki) qəpik, dəbbə borcu 528 (beş yüz iyirmi səkkiz) manat 31 (otuz bir) qəpik təşkil edir. Beləliklə, cavabdehin 18.12.2020-ci il tarixinə ümumi borcu 78167 (yetmiş səkkiz min yüz altmış yeddi) manat 91 (doxsan bir) qəpik təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə boreverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə boreverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, borcunu ödəməyə razıdır. Lakin bunun üçün onun hələlik maddi çətinlikləri mövcuddur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdilər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2019-cu il tarixli, XDEN-00034- 05/19A saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən 66.000 (altmış altı min) AZN məbləğində krediti illik 23 (iyirmi üç) faizlə 36 (otuz altı) ay müddətinə Borcalanın mülkiyyətinə verir, Borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 28.10.2022-ci il tarixinədək faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; Bank "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış XDENG-00034-05/19A nömrəli, 28.10.2019-cu il tarixli (üç tərəfli) ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 28.10.2019-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 ünvanlı mənzilin Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər. Eyni zamanda borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir; 28.10.2019-cu il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 66.000 manat məbləğində pul vəsaiti Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 verilmişdir; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 36 ay ərzində hər ay 2555.00 manat (sonuncu ay 2512.16 manat) məbləğində pul ödəməli idi; Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2019-cu il tarixli, XDEN-00034- 05/19A saylı kredit müqaviləsi üzrə tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, 15.01.2021-ci il tarixinə Cavabdeh1 banka kredit borcu üzrə 63478.28 manat, ümumi faiz borcu üzrə 14161.32 manat, dəbbə borcu üzrə 528.31 manat, cəmi 78167.91 manat borcu var; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, 36 saylı mənzili Bank "xxxx" ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 3202 nömrəli reyestr kitabının 298967 nömrəli vərəqində qeydə alınmışdır; Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 21.10.2020-ci il tarixli bildirişin surətinə əsasən cavabdehdən 28.10.2019-cu il tarixli, XDEN-00034-05/19A saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, Əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 mənzilinə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılması barədə onlara xəbərdarlıq edilmişdirlər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.06.2021-ci il tarixli, 9/3569 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən Cavabdeh1 18 yanvar 2021-ci il tarixə iddiaçı ‘'BTB" Açıq Səhmdar Cəmiyyətinə olan ümumi borcu 77.477,95 manat, əsas borcu 63478,18 manat, faiz borcu isə 13999,77 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat təşkil edir; Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair Dövlət Reyestrindən arayışın surətinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, 36 saylı mənzili üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3202 nömrəli reyestr kitabının 298967 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bank "xxxx" ASC-yə ünvanladığı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 52 nömrəli evin, 36 nömrəli mənzilinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır; "xxxx" MMC-nin 04.11.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 mənzilinin 02.11.2021-ci il tarixinə bazar dəyəri 125.000 manat, likvid dəyəri 113.000 manat təşkil edir. Xidmət haqqı 200 manat təşkil edir; 05.02.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bank "xxxx" ASC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14.05.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə baxışında tə dqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2019-cu il tarixli, XDEN-00034-05/19A saylı kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 qqızına illik 23% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 66.000 (altmış altı min) manat məbləğində kredit vermişdir. Cavabdeh1 Bank "xxxx" ASC-dən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 66.000 (altmış altı min) manat məbləğində pulu almış və həmin kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə uyğun olaraq əsas borcun və razılaşdırılmış faiz dərəcəsi ilə hesablanmış faizlərin, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə cavabdehin banka 15.01.2021-ci il tarixinə Cavabdeh1 banka kredit borcu üzrə 63478.28 manat, ümumi faiz borcu üzrə 14161.32 manat, dəbbə borcu üzrə 528.31 manat, cəmi 78167.91 manat məbləğində borcun olduğunu iddia etmiş və hazırda cavabdehdən həmin məbləği tələb edir. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2020-ci il tarixdə 829,60 manat məbləğində olmuş və həmin ödəniş iddiaçı tərəfindən təqdim edilmiş 15.01.2021-ci il tarixə olan borcu əks etdirən maliyyə arayışında nəzərə alınmışdır. Cavabdeh iddiaçı tərəfindən tələb edilən borc məbləğini mübahisələndirmiş və onun vəsatəti əsasında mülki iş üzrə məhkəmə mühasib ekspertizası təyin edilmişdir. Aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə 18.01.2021-ci il tarixə Cavabdeh1 Bank "xxxx" ASC-yə olan 63478,18 manat, faiz borcu isə 13999,77 manat borcunun yarandığı müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh1 28.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, özöhdəliyinin hər birtəqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, hazırki mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticələri üzrə tərtib edilmiş 14.06.2021-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, 14.06.2021-ci il tarixli ekspert rəyi əsas götürülməli və 63478,18 manat məbləğində əsas borc Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının tələb etdiyi faiz borcu məbləği ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli,hazırki mülki iş üzrə təyin edilmiş məhkəmə-muhasibat ekspertizasının nəticələri üzrə tərtib edilmiş 14.06.2021-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirilməli və əsas götürülməli, iddia tələbi faiz borcu tutulması hissəsində qismən təmin edilməli, 13999,77 manat məbləğ Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 28.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 528,31 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışda 15.01.2021-ci il tarixə hesablanmış cərimə borcunun 528,31 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 282.1-ci maddəsinə əsasən girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 28.10.2019-cu il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 ünvanlı mənzili Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının ərizəsi əsasında qeyd edilən bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 ünvanlı mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, bu əmlak hərraca çıxarılarkən onların ilkin satış qiyməti ipoteka müqaviləsində göstərilmiş qiymətlər deyil, məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş hesabatda göstərilmiş qiymətlər əsas götürülməlidir. Bununla belə məhkəmə qeyd edilən hesabatı əsas götürüb hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 ünvanlı mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 113.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin "cavabdehlər M Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarına xitam verilməsi" hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Bank "xxxx" ASC iddiaçı kimi bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı mənzildən (ipoteka predmetindən) istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin "əmlakın boşaldılması " hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bi hissədə də təmin edilməli, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 ünvanlı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə “girov predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulmasına dair" hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, girov predmetinin realizəsi mərhəsindən sonra həmin məbləğin borcun ödirilməsinə kifayət etmədiyi halda olan tədbirlər icra mərhələsində həyata keçirilir. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh1 iddiaçının xeyrinə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Habelə, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Eyni zamanda keçirilmiş əmtəəşünaslıq ekspertizası xərci olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 63478,18 manat əsas borc, 13999,77 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 77527,95 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli, tutma Bank "xxxx" ASC ilə Cavabdeh1 ilə bağlanmış XDENG-00034-05/19A nömrəli, 28.10.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3202 nömrəli reyestr kitabının 298967 nömrəli vərəqində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 ünvanlı mənziliə yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36, Yeni qaydalarla: AZ 1106, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan mənzilin ilkin satış qiyməti 113.000 (yüz on üç min) manat məbləğində müəyyən edilməli, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 ünvanlı mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə rədd edilməli, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizası xərci cavabdehdən tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında 28.10.2019-cu il tarixli, XDEN- 00034-05/19A saylı əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 63478,18 manat əsas borc, 13999,77 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 77527,95 (yetmiş yeddi min beş yüz iyirmi yeddi manat, doxsan beş qəpik) manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma Bank "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış 28.10.2019-cu il tarixli, XDENG-00034-05/19A saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3202 nömrəli reyestr kitabının 298967 nömrəli vərəqində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36, Yeni qaydalarla: AZ 1106, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan mənzilə yönəldilsin, həmin əmlak açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36, Yeni qaydalarla: AZ 1106, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan mənzilin ilkin satış qiyməti 113.000 (yüz on üç min) manat məbləğində müəyyən edilsin. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52, mənzil 36 (Yeni qaydalarla AZ 1106, ünvan 2 ünvanlı mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olaraq 145 (bir yüz qırx beş) manat pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci olaraq 200 (iki yüz) manat pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar