Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1653/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, üçüncü şəxs Mürsəlov Arif Niyazi oğlu cəlb edilməklə kredit müqaviləsinin ləğv edilməsi, kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, üçüncü şəxs Mürsəlov Arif Niyazi oğlu cəlb edilməklə kredit müqaviləsinin ləğv edilməsi, kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2020-ci il tarixli, XDEN-00063-05/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 15.01.2021-ci il tarixinə olan 41178.89 manat əsas borc, 7345.26 manat faiz borcu, 2593.04 manat dəbbə borcu, ümumilikdə 51117.19 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə bağlanan 13.02.2020-ci il tarixli, XDENG-00063-05/20A saylı sonra ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2020-ci il tarixli XDEN-00063-05/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 42000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2 13.02.2020-ci il tarixdə iddiaçı ilə XDENG-00063-05/20A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 44 saylı mənzil ipoteka saxlayana yenidən ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış 28.08.2019-cu il tarixli XDEN-00010-05/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin "Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış 28.08.2019-cu il tarixli XDENG-00010-05/19A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 208 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 15.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 41178 manat 89 qəpik, faizlərin məbləği 7345 manat 26 qəpik, dəbbə borcu 2593 manat 4 qəpik təşkil edir. Beləliklə cavabdehin 15.01.2021-ci il tarixinə ümumi borcu 51117 manat 19 qəpik təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Mürsəlov Arif Niyazi oğluna baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2020-ci il tarixli XDEN-00063-05/20A saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 42000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmiş., borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 44 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda Cavabdeh2 məxsusdur. Xudat, H,Z,Tağıyev küşəsi 5 ünvanında qeydiyyatda olan Mürsəlov Arif Niyazi oğlu tərəfindən verilmiş **********467 nömrəli ərizədən müəyyən olunur ki, Mürsəlov Arif Niyazi oğlu arvadı Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 44 saylı mənzili Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etmir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2 13.02.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış XDENG-00063-05/20A saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 44 saylı mənzil ipoteka saxlayanın xeyrinə yenidən ipotekaya qoyulmuşdur. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 fevral 2020-ci il tarixli xəzinə məxaric orderindən müəyyən olunur ki, Cavabdeh1 42 000 manat məbləğində borc pul götürmüşdür. İddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2020-ci il tarixli XDEN-00063-05/20A saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 1 626,00 manat, son ay üçün isə 1 591,18 manat müəyyən edilmişdir. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18 yanvar 2021-ci il tarixli maliiyə arayışından müəyyən olunur ki, cavabdehin 15.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 41178 manat 89 qəpik, faizlərin məbləği 7345 manat 26 qəpik, dəbbə borcu 2593 manat 4 qəpik, 15.01.2021-ci il tarixinə ümumi borcu 51117 manat 19 qəpik təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 44 saylı mənzil Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipotekaya ilə yüklü edilmişdir. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 noyabr 2020-ci il tarixdə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 ünvanlanmış bildirişdən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir; “X3 Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 aprel 2021-ci il tarixli YDN 008 nömrəli qiymətləndirmə rəyinin məzmunundan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 44 saylı mənzilin bazar dəyəri 120 500 manat, likvid dəyəri 100 000 manat müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz və cərimə borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh1 tərəfindən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, 13.02.2020-ci il tarixli, XDEN- 00063-05/20A saylı kredit müqaviləsinin ləğv edilməli, həmin kredit müqaviləsindən irəli gələn 15.01.2021-ci il tarixinə olan 41178.89 manat əsas borc, 7345.26 manat faiz borcu, 2593.04 manat məbləğində cərimə borcu, ümumilikdə 51117.19 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu Cavabdeh1 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə Cavabdeh2-ipoteka qoyan və Cavabdeh1-borc alan arasında bağlanmış 13.02.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış XDENG-00063-05/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən 13.02.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış XDENG-00063-05/20A saylı istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 44 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 istehlak krediti müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı şəxsə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh şəxslərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 44 saylı mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra boşaldılmalı, orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş likvid dəyərində, yəni 100 000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh1 istifadəsində olan digər əmlaklarına tutmanın yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi hissəsində iddianı qeyri-müəyyən hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2020-ci il tarixli, XDEN-00063-05/20A saylı istehlak krediti müqaviləsi ləğv edilsin. Cavabdeh1 13.02.2020-ci il tarixli, XDEN-00063-05/20A saylı istehlak krediti müqaviləsinə əsasən 41178.89 manat əsas borc, 7345.26 manat faiz borcu və 2593.04 manat məbləğində cərimə, cəmi 51117.19 manat məbləğində borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 44 saylı mənzilə yönəldilsin. Həmin mənzil ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 verilsin. Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 44 saylı mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1653/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1653/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver